Azərbaycan XIX əsrin I yarısında PDF

Summary

Bu sənəd Azərbaycanın XIX əsrin I yarısında baş verən daxili və xarici hadisələri, o cümlədən Rusiyanın işğalını araşdırır. Sənəd mühazirə planı və ədəbiyyat siyahısı da əhatə edir.

Full Transcript

**AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ** **AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ** **FAKÜLTƏ: İnşaat** **KAFEDRA: "İctimai fənlər"** **FƏNNİN ADI: Azərbaycan Tarixi** **MÖVZU: "Azərbaycan XIX əsrin I yarısında"** **MÜHAZİRƏÇİ: Mələk Cəfərli** **MÜHAZİRƏNİN PLANI** **ƏDƏBİYYAT...

**AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ** **AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ** **FAKÜLTƏ: İnşaat** **KAFEDRA: "İctimai fənlər"** **FƏNNİN ADI: Azərbaycan Tarixi** **MÖVZU: "Azərbaycan XIX əsrin I yarısında"** **MÜHAZİRƏÇİ: Mələk Cəfərli** **MÜHAZİRƏNİN PLANI** **ƏDƏBİYYAT** 1.Azərbaycan tarixi, 7 cilddə, IV cild. Bakı, 2000, s. 14-161. 2.Azərbaycan tarixi, Z.Bünyadovun redaktorluğu ilə. Bakı, 1994, s. 569-594. 3.Azərbaycan tarixi, İ.ƏIiyevin redaktorluğu iiə. Bakı, 1993, s. 203-211. 4.Azərbaycan tarixi, S.ƏIiyarlının redaktorluğu ilə. Bakı, 1996, s 625-771. 5.Azərbaycan tarixi, I cild. Bakı,2007, s.656-658. 6.Məmmədov İ. Azərbaycan tarixi, Bakı, 2005, s. 310-316. **Bakı -- 2024** **     ** **1.XIX əsrin  başlanğıcında  Azərbaycanın daxili  vəziyyəti. Rusiya işğallarının  başlanması**. Ağaməhəmməd şah Qacarın XVIII əsrin sonlarında Azərbaycanın şimal xanlıqları üzərinə yürüşü və Azərbaycan torpaqlarını vahid dövlətin tərkibində birləşdirmə cəhdləribuğursuzluğa düçar oldu. Qacarlar ordusu Şimali Azərbaycanı tərk etdi. Qacarlar dövlətində hakimiyyət uğrunda gedən mübarizədən yararlanan Şimali Azərbaycan xanlıqları öz müstəqilliklərini bərpa etdi. Lakin xanlıqlar arasında yenidən meydana gələn qarşıdurma və ədavət Azərbaycanda vahid dövlət yaradılmasına imkan vermirdi. Bu vəziyyətdən istifadə edən Rusiya imperiyası 1801-ci ildən Cənubi Qafqazın işğalına başladı. Pərakəndə halda olan Azərbaycan xanlıqları ümumi düşmənə qarşı birləşməyi bacarmadıqları üçün Rusiyanın işğalından qurtula bilmədilər. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycanın Arazdan cənubdakı torpaqları Qacarlar səltənətinin tərkibində idi. Qacarlar dövlətinin başçısı Fətəli şah 1799-cu ildə oğlu Abbas Mirzəni Azərbaycan ordusunun başçısı təyin etmiş və 1805-ci ildən Cənubi Azərbaycan torpaqlarının idarə edilməsini də ona tapşırmışdı. Dövrünün görkəmli dövlət və hərbi xadimi olan, şahzadə titulu daşıyan Abbas Mirzə islahatlar apararaq Azərbaycan ordusunu müasir, modern bir orduya çevirməyə çalışırdı. Bu vətənpərvər türkün qəlbində gələcəkdə dövlətin paytaxtını Təbrizə köçürtmək, türk dilini Qacar imperatorluğunun rəsmi dövlət dili elan etmək arzusu yaşayırdı. Cənubi Azərbaycanın hərbi, mədəni və iqtisadi həyatının yeniləşdirilməsi sahəsində atdığı addımlara görə, sonralar din xadimlərinin təsiri ilə Fətəli şah tərəfindən Azərbaycandan uzaqlaşdırılmışdı. 1832-ci ildə Xorasanda vəfat edən Abbas Mirzə son nəfəsində «Azərbaycan, Azərbaycan» - deyərək gözlərini yummuşdu. Azərbaycanın şimalında isə tam siyasi pərakəndəlik hökm sürürdü. Ayrı-ayrı xanlıqların torpaqlarımızı vahid dövlətdə birləşdirmək cəhdləri baş tutmadığından Azərbaycan hər hansı bir xarici təcavüzün qarşısını almaqda gücsüz idi. Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün əsas təhlükə Rusiyadan gəlirdi. Bölgədə rus təcavüzünün qarşısını almağa Osmanlının da artıq yetərincə gücü qalmamışdı. Hələ üstəlik Osmanlı imperiyası üçün əsas təhlükə olan Napaleon Fransasına qarşı koalisiyaya qoşulmağa məcbur olan Osmanlı hökuməti istər-istəməz Rusiya ilə yaxınlaşmalı olmuşdu. 1799-cu il yanvar ayının 3-də 8 il müddətinə bağlanmış Osmanlı-Rusiya ittifaq müqaviləsi Rusiyanın Cənubi Qafqazda əl-qolunu açdı. Müqaviləyə əməl edərək bitərəf mövqe nümayiş etdirən Osmanlı dövləti 1806-cı ilədək bu bölgədə gedən hərbi-siyasi proseslərə demək olar ki, qarışa bilmədi. Bölgə üçün əsas təhlükə mənbəyi olan Rusiyanın Cənubi Qafqaz və Azərbaycan siyasəti təcavüzkarlığı ilə seçilirdi və onun əsas məqsədi Azərbaycanın torpaqlarını və sərvətlərini ələ keçirmək, Xəzəri Rusiyanın daxili dənizinə çevirmək, Şimali Qafqazdakı azadlıq mübarizəsini cənubdan təcrid etmək, Osmanlını tamamilə bölgədən sıxışdırıb çıxartmaq və İngiltərənin Şərqdə təsir dairəsini genişləndirmək cəhdlərinin  qarşısını almaqdan ibarət idi. 1801-ci il sentyabrın 12-də Rusiya imperatoru I Aleksandr (1801-1825) Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Kartli- Kaxetiya ilə birlikdə Azərbaycanın Qazax, Borçalı Şəmşəddil və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Bununla Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı başlandı. Rusiya Qacar hökumətini qabaqlamaq və Azərbaycan xanlıqlarını öz siyasi təsiri altına almaq üçün ilk vaxtlar diplomatik addımlara üstünlük verərək Azərbaycanın şimal xanlarını Georgiyevsk şəhərində danışıqlara dəvət etdi. Xanların əksəriyyəti bu təklifi rədd etsələr də, 1802-ci il dekabrın 26-da Rusiya ilə Quba və Lənkəran xanları, habelə Tarku şamxalı və Qaraqaytaq usmisi arasında müqavilə bağlandı. 12  maddədən ibarət, olan Georgiyevski müqaviləsinə qoşulan xanlar və hakimlər könüllü olaraq Rusiyanın himayəsinə keçməklə, Qacarlar hücum edəcəyi təqdirdə ona qarşı birgə çıxış etməyə soz verirdilər. Müqavilədə Cənubi Qafqazda ticarətin genişləndirilməsi və Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi məsələləri də nəzərdə tutulmuşdu. Bu müqavilə əslində Rusiyanın işğalçılıq niyyətini pərdələyən dəyərsiz bir kağızdan başqa bir şey deyildi. Çünki onu imzalayanlar az sonra Qacarların deyil, Rusiyanın təcavüzünə məruz qaldılar. Qacarların isə Abbas Mirzənin başçılığı ilə göndərdiyi Azərbaycan ordusu şimal torpaqlarımızda rus işğalına qarşı savaş aparan əsas qüvvə idi. 1803-cü ildə Qafqazın baş komandanı təyin edilmiş general Sisianovun başçılıq etdiyi rus ordusu Qanıx çayı sahilində döyüşdə carlılar üzərində qələbə qazanaraq Balakəni ələ keçirtdi. Ruslar əhaliyə amansız divan tutaraq Balakəni tamamilə dağıtdılar. 1803-cü il aprelin 1 2-də Tiflisdə Car-Balakən camaatlığı ilə Rusiya arasında imzalanmış "Andlı öhdəlik" haqqında saziş bağlandı. Sazişə görə Car-Ralakən əhalisi Rusiya xəzinəsinə hər il 220 pud ipək bac ödəməli, carlılar sədaqət əlaməti olaraq Tiflisə girovlar (əmanət) verməli, Car-Balakən ərazisində rus qoşunları yerləşdirilməli idi. 1804-cü ildə yenidən Cara hücum edən rus qoşunu Zaqatalada məğlub edildi və general Qulyakov öldürüldü. Həmin ilin yanvarında general Sisianov Car- Balakən camaatlığını yenidən rus silahının hökmünə tabe etdi. 1803-cü ildə Şəmkiri ələ keçirən rus qoşununun növbəti hədəfi Gəncə oldu. Gəncə hakimi Cavad xan rusların tabe olmaq təklifini qətiyyətlə rədd etdi. Şəhər qəhrəmanlıqla işğalçılara müqavimət göstərsə də, silah və sayca üstün olan ruslar 1804-cü il yanvar ayının 2-dən 3-nə keçən gecə Gəncəni zəbt etdilər. Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmanlıqla vuruşaraq şəhid oldular. General Sisianov Gəncə savaşını kütləvi qırğına - qətliama çevirdi. Əhaliyə amansız divan tutuldu. Üç saat ərzində xalqı kütləvi şəkildə qırdılar. 3 mindən bir qədər çox əhalinin yaşadığı Gəncənin müdafiəçilərindən təkcə ölənlərin sayı 1500 nəfərdən çox idi. Bununla bağlı Mir Mehdi Xəzani yazırdı: \"Bu cür qala almaq və bütövlükdə qətliam olunmaq Çingiz xan və Teymurləng zamanından sonra bu vilayətlərdə görünməmişdi.\" Rus hərbçilərini təltif etmək üçün xüsusi olaraq \"Gəncənin alınmasında iştirakına görə\" medalını təsis edən Rusiya hökuməti Gəncə xanlığını ləğv edərək dairəyə çevirdi. Minillik tarixi olan Gəncənin adı dəyişdirildi və çar I Aleksandrın arvadı Yelizavetanın şərəfinə bu tarixi şəhərimiz Yelizavetpol adlandırıldı. Kim «Gəncə» sözünü dilinə gətirərdisə, bir rus gümüş manatı ilə cərimə olunurdu. **2.Birinci və İkinci  Çar Rusiyası-Qacarlar müharibələri. Azərbaycanın bölüşdürülməsi**.     Gəncə alınandan sonra Rusiya ordusunun Azərbaycanın içərilərinə doğru irəliləməsi Qacar dövlətini qəti addımlar atmağa məcbur etdi. Fətəli şahın Rusiyadan qoşunlarını Cənubi Qafqazdan çıxarmaq tələbi rədd edildi və 1804-cü il iyulun 10-da I Rusiya - Qacar savaşı başladı. Bütün Qafqazı "kafir ruslardan təmizləyəcəyini" bəyan edən Fətəli şah şahzadə Abbas Mirzənin başçılığı altında olan 50 minlik ordunu Araz çayından şimala göndərdi. Bu ordu demək olar ki, Cənubi Azərbaycan türklərindən təşkil olunmuşdu. Mənbələrdə Qacar ordusu Səfəvilər dövründə olduğu kimi türklüyün rəmzi olan qızılbaş ordusu və yaxud \"Azərbaycan ordusu\" adlandırılırdı. Bu ordu ilə rus qoşunları arasında Üçmüədzin (Üçkilsə) yaxınlığında baş verən döyüşdə ruslar uğur qazandılar. Qəmərlidə baş verən qanlı döyüşdən sonra Sisianov başda olmaqla rus qoşunları İrəvanı tərk etməyə məcbur oldular.     Qafqazdakı rus komandanlığının əsas məqsədi nəyin bahasına olursa-olsun Azərbaycanın şimal xanlıqlarının ruslara qarşı Qacar şahzadəsi Abbas Mirzə ilə birləşməsinə yol verməməkdən ibarət idi. Şimal xanlarının bir çoxu onlarla eyni türk soyundan olan Qacarlara doğma münasibət bəsləyir və bir \"xilaskar\" kimi baxırdı. Ancaq bəzi xanlar Rusiyanın hərbi-siyasi və diplomatik təzyiqlərinin güclənməsi şəraitində \"Gəncə faciəsinin\" təsiri altında ruslara qarşı açıq şəkildə çıxış etməkdən çəkinirdilər. Bütün bunların nəticəsidir ki, 1805-ci ildə Qarabağ hakimi İbrahimxəlil xan, Şəki hakimi Səlim xan Rusiyanın hədə-qorxulu tələbləri qarşısında general Sisianovun Kürəkçay yaxınlığındakı düşərgəsinə gəlməyə məcbur oldular. 1805-ci il mayın 14-də rus komandanı Sisianovla İbrahimxəlil xan arasında müqavilə bağlandı. 11 maddədən ibarət olan Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın vassal asılılığına keçir, xan özü və varisləri üzərinidə Rusıya imperatorunun ali və yeganə hakimiyyətini tanıdığına and içməklə söz verirdi. Xanın və varislərinin xanlıq üzərində hakimiyyəti dəyişməz olaraq saxlanılmalıydı. Daxili idarəetmə, məhkəmə və divanxana işləri, xanlıqdan gəlirlərin yığılması xanın səlahiyyətində qalırdı. Şuşa qalasında 500 nəfərlik rus qoşunu yerləşirdi. Xanlıq ildə rus xəzinəsinə 8 min çervon (1 çervon 3,14 manata bərabər idi) bac verməyi öhdəsinə götürürdü. Müqavilənin 10-cu maddəsində müqavilənin əbədi müddətə bağlandığı göstərilmişdi. 1805-ci il mayın 21-də Kürəkçayda Şəki hakimi Səlim xan da təxminən eyni məzmun daşıyan müqavilə bağlamağa məcbur edildi. Əsas fərq ondan ibarət idi ki, ruslar 500 nəfərlik qoşunun yerləşməsi üçün xanlıqda özləri qala tikməli idilər. Bu şərtə əməl etməyən ruslar memarlıq incisi olan Şəki xan sarayını kazarmaya çevirmişdilər. Xanlığın əhalisinin sayı nəzərə alınaraq üzərinə 7 min çervon bac qoyulmuşdu. Qarabağ və Şəki xanlıqları Rusiyanın razılığı olmadan heç bir dövlətlə əlaqələr saxlaya bilməzdilər. Bu, əslində xanlıqların müstəqil xarici siyasət hüququndan məhrum edilməsi demək idi.     Abbas Mirzə 1805-ci ildə rusları Şimali Azərbaycandan çıxartmaq üçün döyüş əməliyyatlarını davam etdirdi. Şuşa yaxınlığında rusları məğlubiyyətə uğratsa da, onun Tiflis üzərinə yürüşü uğursuzluqla nəticələndi. Rusların isə əsas məqsədi Şamaxı və Bakı xanlıqlarını ələ keçirmək idi. Rusların tabe olmaq tələblərini müxtəlif bəhanələr və şərtlərlə rədd edən Şamaxı hakimi Mustafa xan da rus qoşunlarının hücumu təhlükəsi qarşısında Kürəkçay müqaviləsinin şərtlərini imzalamağa məcbur oldu. 1805-ci il 27 dekabr müqaviləsi ilə Şamaxı xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, rus xəzinəsinə ildə 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Rus qoşunlarının Şamaxıda yerləşməsinə Mustafa xan razı olmadığından Cavad məntəqəsində ruslara qala tikmək hüququ verilirdi.     1805-ci ilin yayında rus hərbi donanmasının dənizdən Bakıya hücumu şəhərin müdafiəçilərinin igidliyi və rusların qatı düşməni qubalı Şeyxəli xanın qoşunla köməyə gəlməsi nəticəsində uğursuz oldu. Rus komandanı Sisianov 1806-cı ilin yanvar ayında Bakı xanlığının Rusiyanın tabeliyi altına keçməsi haqqında çox ağır şərtlərini Hüseynqulu xana göndərdi. Bu şərtlərə görə Bakı xanlığının bütün gəliri Rusiya xəzinəsinə verilməli, Bakı şəhəri tamamilə ruslardan ibarət xüsusi bir idarə orqanının tabeliyinə keçməli, qalada rus topları və minə yaxın əsgər yerləşdirilməli idi. Amansız və şöhrətpərəst general Sisianovla Bakı hakimi Hüseynqulu xan arasında 1806-cı il fevralın 8-də Bakının Qoşa qala qapısı yaxınlığında görüş zamanı rus generalı xanın yaxın qohumu tərəfindən öldürülərək öz layiqli cəzasını aldı. Bu hadisə Bakının işğalının qarşısını almasa da, onu bir qədər ləngitdi.     1806-cı ilin yazında Abbas Mirzənin ordusunun Qarabağ istiqamətində ruslara savaş açması mənbələrdə deyildiyi kimi, bir çox Qarabağ əyanlarının qızılbaş qoşununa qoşulmasına səbəb olmuşdu. Gəncə hakimi Cavad xanın qatili mayor Lisaneviç çox ciddi nəzarət altında saxladığı İbrahimxəlil xanın da Qacarlarla birləşmək ehtimalını aradan qaldırmaq üçün böyük bir qətliam törətdi. İbrahimxəlil xan ailə üzvləri və yaxın adamları ilə birlikdə amansızlıqla qətlə yetirildi. Qarabağ xanlığında hakimiyyət onun oğlu Mehdiqulu xana verildi.      Rus zabiti Lisaneviçin vəhşiliyinə cavab olaraq Şəki hakimi Səlim xan 1806-cı ildə Rusiya ilə əlaqələri kəsdi və rus qoşunlarının xanlığından qovub çıxartdı. Ancaq ruslar 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığındakı döyüşdə Səlim xanı məğlubiyyətə uğratdılar. Sonra Car-Balakənə yollanaraq oradakı üsyanları amansızlıqla yatırdılar. Qacarlardan üz döndərib Rusiyanın tərəfinə keçmiş Cəfərqulu xan Xoylu Şəki xanı təyin edildi. Xanlığa gələrkən Xoy əhalisinin bir hissəsini də özü ilə gətirib Şəki şəhərinin ətrafında yerləşdirdi.     1806-cı ildə Abbas Mirzənin Qarabağda, Şəkidə və digər bölgələrdə ruslarla apardığı döyüşlər müvəffəqiyyət qazanmadı. Ruslar isə əksinə 1806-cı il iyunun 22-də Dərbəndi, oktyabrın 3-də isə Bakını ələ keçirtdilər. Sonra isə Quba xanlığı tabe edildi.       Cənubi Qafqazda rus işğalına uzun müddət seyirçi mövqe tutan Osmanlı dövləti sükutu pozaraq 1806-cı ildə Rusiya ilə müharibəyə başladı və 1807-ci il Gümrü döyüşündə məğlubiyyətə uğradı. 1812-ci ildə Rusiya ilə bağlanan Buxarest sülhünə görə Osmanlı dövlətinin Qafqazdakı sərhədləri dəyişməz qalırdı, ancaq Osmanlı hökuməti Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğalı faktını tanımalı oldu. 1808-1809-cu illərdə Abbas Mirzənin ordusu ilə rus ordusu arasında hərbi əməliyyatlar ruslar üçün uğursuz oldu. 1809-cu il Qarababa döyüşündə ruslar məğlubiyyətə uğradılar.     1812-ci ilin əvvəllərində Qacarların Abbas Mirzənin başçılığı altında olan 20 minlik ordusu Qarabağ xanlığına daxil olsa da, burada möhkəmlənə bilmədi. Lənkəran xanlığında mövqe tutan Abbas Mirzənin qoşunu 1812-ci ilin oktyabrın 10-da Aslandüz döyüşündə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət həm Birinci Rusiya - Qacar müharibəsinin, həm də Lənkəran xanlığının taleyini həll etdi. Rus ordusu 1813-cü ilin yanvarın 1-də Lənkəran qalasını ələ keçirtdi. İngiltərənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Rusiya ilə Qacarlar arasında 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində barışıq müqaviləsi bağlandı. 11 maddədən ibarət olan Gülüstan müqaviləsinin şərtlərinə görə hər iki dövlət arasında savaşa son qoyulur (maddə 1), Fətəli şah Qacar Şimali Azərbaycan xanlıqları olan Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Quba, Bakı, Lənkəran, eyni zamanda Dağıstan və Gürcüstanın Rusiya imperatorluğunun tabeçiliyinə keçməsini təsdiq edirdi (maddə 3), Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olmalı idi (maddə 5), Qacar dövlətinə gələn rus tacirlərindən gətirdikləri mallara görə 5%-dən çox gömrük alınmamalı idi (maddə 9), Qacar dövlətinin təbəələri olan tacirlərdən də eyni qaydada 5%- lik gömrük tələb olunmalı idi.     Araz çayından şimaldakı Azərbaycan torpaqlarına iddialı olan Qacarlarla işğalçı Rusiya arasında bağlanmış bu ədalətsiz və qeyri-bərabər müqavilə nəticəsində Şimali Azərbaycanın böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə qatıldı. Naxçıvan və İrəvan xanlıqları rus qoşunları tərəfindən tutulmadığından həmin ərazilərimiz müqavilədən kənarda qaldı. Şimali Azərbaycanın Rusiyanın tərkibinə daxil edilən torpaqları ilə həmin xanlıqlar arasındakı sərhədlər də Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmişdi.     Cənubi Azərbaycanın valisi Abbas Mirzə Qacar Gülüstan müqaviləsindən sonra bütün səylərini Azərbaycan ordusunun yenidən qurulmasına və müasir silahlarla təchiz edilməsinə yönəltmişdi. Bu işdə ona İngiltərə hökuməti köməklik göstərirdi. 1814-cü ildə bağlanan sazişə görə İngiltərə Qacarlara hər cür hərbi yardım göstərməli və şimal torpaqlarının geri qaytarılması üçün Rusiya ilə danışıqlar aparmalı idi. Qacarlar isə Hindistan üçün yarana biləcək hər hansı bir təhlükənin qarşısını almağa söz vermişdilər.     1825-ci ildə Sankt-Peterburqda baş vermiş dekabristlər üsyanı haqqında ingilis diplomatlarından məlumat alan Fətəli şah Qacar bu əlverişli fürsətdən istifadə edərək Rusiya ilə yeni savaşa girməyi qərara aldı. Fətəli şah hərbi qüvvə, sursat, ərzaq və maliyyə təminatı baxımından bütün müharibənin ağırlığı və məsuliyyətini Cənubi Azərbaycanın valisi və Azərbaycan ordusunun komandanı vəliəhd Abbas Mirzənin üzərinə qoymuşdu. Abbas Mirzə isə yetərincə maliyyə dəstəyi olmadığından ordudakı islahatları başa çatdırmamışdı və Rusiya ilə savaşa girməyin hələ tez olduğunu düşünürdü. Abbas Mirzəyə sığınan Şimali Azərbaycan xanları da müharibəyə tez başlamağın tərəfdarı idilər və Abbas Mirzəyə bildirmişdilər ki, onun qoşunu Araz çayını keçərsə, xanlıqların bütün əhalisi kafirlərə qarşı üsyana tamamilə hazır vəziyyətdədir. Fətəli şahın qərarı ilə 1826-cı ildə Rusiya ilə yeni savaş başladı. 1826 - 1828-ci illər İkinci Rusiya - Qacar müharibəsinin başlanğıc mərhələsi ruslar üçün uğursuz oldu. Abbas Mirzənin başçılıq etdiyi ordu iyulun 26-da artıq Qarabağın böyük hissəsinə nəzarəti ələ keçirib, Şuşanı mühasirəyə aldı. Onun göstərişi ilə keçmiş Şamaxı hakimi Mustafa xan qoşunla Şirvana, Mirhəsən xan qoşunla Lənkərana, Uğurlu xan Ziyadoğlu Gəncəyə, Səlim xanın oğlu Hüseyn xan Şəkiyə yollandılar. İrəvanın sərdarı Hüseyn xan və Kartli-Kaxetiya çan II İraklinin ruslara qəti düşmən olan şahzadə oğlu Aleksandr qoşunla Tiflis üzərinə hücuma başladılar. Şimali Azərbaycan xanları demək olar ki, öz keçmiş xanlıqlarında hakimiyyətlərini bərpa etdilər. Rusiyanın müstəmləkə zülmündən bezmiş əhalinin üsyana qalxması da bu işdə az rol oynamadı. Məsələn, Gəncədə iyunun 17-də bəy və ruhanilərin başçılığı ilə böyük bir üsyan baş vermiş və ruslar Gəncədən qovulub çıxarılmışdılar. Lənkəran, Şamaxı və Şəkidə də ruslar əleyhinə üsyanlar baş vermişdi. 1826-cı ildə rus müstəmləkə rejiminə qarşı bütün Şimali Azərbaycanı bürüyən üsyan heç də təsadüfi deyil ki, rəsmi mənbələrdə «ümummüsəlman üsyanı» adlandırılmışdır. Bu üsyana görə çar Nikolay hətta 2 mart 1827-ci ildə imzaladığı Ali fərmana əsasən Qafqazın baş hakimi və baş komandanı general A.P.Yermolova şiddətli töhmət verərək vəzifəsindən uzaqlaşdırmışdı.     Lakin Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq halda olan rus qoşunlarını əzmək, bütün qüvvəsini rus qoşunlarının geri çəkildiyi Tiflisə yönəltmək əvəzinə, 48 gün Şuşanı mühasirədə saxlamaqla böyük vaxt itkisinə yol verdi. Rus komandanlığı bundan yararlanaraq dağınıq halda olan qoşunlarını birləşdirdi və strateji təşəbbüsü ələ keçirib, əks-hücuma başladı. 1826-cı il sentyabrın 3-də Abbas Mirzənin qoşunu Şəmkir yaxınlığında məğlubiyyətə uğrayaraq Gəncəyə çəkildi, ikinci döyüş sentyabrın 13-də Gəncə ətrafında baş verdi. İkinci Rusiya-Qacar müharibəsinin taleyində həlledici rol oynayan Gəncə döyüşündə Abbas Mirzə məğlubiyyətə uğradı. Beləliklə, düzgün hərbi taktika seçilmədiyindən Azərbaycanın şimal torpaqlarında kütləvi xalq üsyanlarının yaratdığı çox əlverişli imkan əldən verildi. Abbas Mirzənin ordusu və yenidən qaçqın düşən xanlar Şimali Azərbaycanı tərk edərək Arazdan cənuba mühacirət etməyə məcbur oldular.     Yermolovu əvəz etmiş yeni baş komandan general qraf Paskeviçin başçılığı ilə rus qoşunlarının 1827-ci il iyunun 26-da Naxçıvan qalasını ələ keçirməsi Qacar ordusunun komandanı Abbas Mirzəni hərəkətə gətirdi. Lakin 1827-ci iyulun 5-də Cavanbulaq döyüşündə onun məğlubiyyətə uğraması Abbasabad qalasının taleyini həll etdi. İrəvan xanlığının əhalisinin də Qacar qoşunu ilə birlikdə müqavimət göstərməsinə baxmayaraq, Abbasabadın ardınca Sərdarabad qalası da rusların əlinə keçdi. Nəticədə İrəvana yol açıldı. Sentyabnn 26-da rus qoşunlan İrəvan qalasını mühasirəyə aldılar. İrəvanın sərdarı Hüseyn xanın başçılığı ilə qalanın müdafiəçiləri ciddi müqavimət göstərsələr də, oktyabrın 1-də İrəvan ruslar tərəfindən ələ keçirildi. İrəvanın alınması Rusiya imperiyasının paytaxtı Peterburqda böyük sevinclə qarşılandı. Çar I Nikolay İrəvanın fəthi şərəfinə 1827-ci il noyabrın 4-də Ali fərman imzaladı. Ali fərmanla \"rus silahının müsəlman xarabalıqları üzərində qələbəsi şərəfinə İrəvanın baş məscidinin provoslav - yunan - rus kilsəsinə çevrilməsi\" qərara alınmışdı. \"Erivanski\" ləqəbi ilə mükafatlandırılan qraf Paskeviç yazırdı ki, şəhər alınarkən burada 10 min müsəlman ailəsi və 3 min erməni ailəsi yaşayırdı. Həmin ermənilər ruslara casusluq etməklə yanaşı, İrəvan qalasının qapılarından birini rus qoşununun üzünə açmışdı.     Rus qoşunları Cənubi Azərbaycan torpaqlarına daxil olaraq əvvəl Mərəndi, sonra isə Təbrizi ələ keçirtdilər. Təbrizin tutulması ilə Tehrana yol açıldı. 1828-ci il yanvarın 28-də Urmiyanın, fevralın 8-də isə Ərdəbilin tutulması Abbas Mirzə Qacar ilə Paskeviç arasında sülh danışıqlarının sürətlənməsinə səbəb oldu. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində müqavilə imzalandı. 16 maddədən ibarət Türkmənçay müqaviləsində Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. Yəni əslində Gülüstan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsi ilə əvəz olunduğu göstərilirdi (maddə 2). Müqavilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsini təsdiq edir (maddə 3), sərhədləri ayırır (maddə 4) və müqavilədə Qacar hökumətinin Rusiyaya 20 milyon gümüş manat təzminat ödəyəcəyi bildirilir (maddə 6), Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (maddə 8).     Türkmənçay müqaviləsinin 15-ci maddəsini xüsusi qeyd etmək lazımdır. Bu maddədə Qacar dövlətinin Azərbaycan vilayətinin (yəni Cənubi Azərbaycanın) əhalisinə Rusiyaya sərbəst keçə bilmək, keçərkən daşına bilən əmlakını gömrük və vergi qoyulmadan özü ilə aparmaq və ya bir il ərzində satmaq hüququ verilirdi. Onların daşınmaz əmlakının satılması üçün isə beş ililk müddət müəyyən edilirdi. Bu maddədə əlbəttə, söhbət Azərbaycan türklərindən deyil, ermənilərdən gedirdi. Açıq və konkret şəkildə müqavilədə ermənilərin adı çəkilməsə də, iki dövlət arasında ümumi razılıq belə idi.     1828 - 1829-cu illər Rusiya - Osmanlı müharibəsi də rusların qələbəsi ilə başa çatdı. 1829-cu il Ədirnə müqaviləsinə görə Osmanlı dövləti bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalını hüquqi baxımdan təsdiq etdi. Rusiya Qara dəniz sahillərini, xüsusilə Ahalsıx vilayətinin bir neçə şəhərini ələ keçirdi. Ədirnə müqaviləsi ilə Osmanlı dövlətindən erməni əhalisinin Rusiyaya sərbəst şəkildə keçməsinə icazə verildi.     Xalqımızın tarixi taleyində faciələrə yol açan Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı təsdiq olundu. Bu müqavilənin ən dəhşətli nəticəsi isə xalqımızın və Vətənimizin iki yerə parçalamansı oldu.     Türkmənçay müqaviləsi 1917-ci ildə Rusiyada hakimiyyətə gələn bolşeviklər tərəfindən qeyri-bərabər və ədalətsiz müqavilə elan olunsa da, 1921-ci ildə Sovet Rusiyası ilə Qacar dövləti arasında bağlanmış müqavilə ilə qüvvədən düşmüşdü. Ancaq yenə də tarixi ədalətsizliyə yol verilərək Azərbaycanın bölüşdürülməsi hər iki dövlət tərəfindən təsdiq edilmişdi. **3.Çarizmin Azərbaycanda yaratdığı idarəçilik. Müstəmləkə zülmünə   qarşı çıxışlar və üsyanlar. Babilər hərəkatı.** Azərbaycanın şimal torpaqlarının istilasından sonra çar Rusiyası burada özünəməxsus idarə üsulu yaratdı. Komendant idarə üsulu kimi tanınan bu işğal rejimi Rusiyanın müstəmləkəçi maraqlarına xidmət edirdi. Hərbçilərin başçılıq etdiyi yeni inzibati vahidlərdə yarıtmaz idarəçilik, özbaşınalıq, yerli əhaliyə qarşı amansız münasibət hökm sürürdü. 1804-cü ildə Gəncə xanlığı dərhal ləğv edilərək yerində rus zabitinin durduğu komendant idarə üsulu yaradılmışdı. I Rusiya-Qacarlar müharibəsinin gedişində isə çar Rusiyası Dərbənd, Bakı xanlıqlarını (1806), sonra isə Quba xanlığının yerində hələ 1806-cı ildə yaradılmış bəylərdən ibarət əyalət Şurasını ləğv etmişdi (1810). Rusiya idarəçiliyini "könüllü" qəbul etməyə məcbur olmuş xanlıqlarda (Şəki, Şamaxı, Qarabağ, Lənkəran) yerli idarəçilik bir müddət saxlanılmışdı. Lakin Cənubi Qafqazdakı rus məmurları onların mövcudluğuna, yerli idarəçiliyin uzun müddət qalmasına dözmək fikrində olmadıqlarını tezliklə büruzə verdilər. 1819-cu ildə Şəki, 1820-ci ildə Şamaxı, 1822-ci ildə Qarabağ və 1826-cı ildə Lənkəran xanlıqlarının varlığına son qoyuldu və digər xanlıqlar kimi onlar da Rusiyanın əyalətinə çevrildi. Gülüstan müqaviləsindən sonra Rusiya ələ keçirilmiş torpaqlarda möhkəmlənməyə başladı. Qafqazdakı rus qoşunlarının baş komandanı olub, Rusiyanın bölgədə müstəmləkəçilik siyasətini ardıcıl şəkildə həyata keçirən general A.P.Yermolov (1816 - 1827) özünün sağ əli saydığı erməni əsilli çar generalı knyaz R.Q.Mədətov vasitəsilə Rusiya ilə müqavilə bağlamış xanlıqlara təzyiqi artırmağa başladı. Onların məkrli planlarının ilk qurbanı 1814-cü ildə atası Cəfərqulu xanın yerinə Şəki hakimi təyin edilmiş İsmayıl xan oldu. Kürəkçay müqaviləsinin şərtlərinə əməl etməkdən boyun qaçıran və rus hökumətinə illik bacın ödənilməsi, rus qoşunları üçün taxıl ayrılması kimi tələbləri yerinə yetirməyib, müstəqilləşməyə çalışan İsmayıl xan (çox cavan olub, hətta heç evlənməmişdi) 1819-cu ildə Şəkidə Xan bağındakı qonaqlıqda R.Q.Mədətovun əli ilə yeməyinə zəhər qatılaraq öldürüldü. Rus hökuməti elə həmin il Şəki xanlığını ləğv edərək əyalətə çevirdi.     Ağasının tapşırığı ilə Şamaxı hakimi Mustafa xanı guya Qacarlarla əlaqə saxlamaqda, əhalini ruslara qarşı silahlandırmaqda ittiham edən R.Q. Mədətov xanı elə çıxılmaz vəziyyətə saldı ki, hökumət qarşısında özünü təmizə çıxarmağın mümkünsüzlüyünü görən Mustafa xan yaxın ətrafı ilə qaçaraq Cənubi Azərbaycanda Abbas Mirzəyə sığındı. Erməni R.Q.Mədətov Qarabağ hakimi Mehdiqulu xana qarşı xüsusilə amansız davranırdı. A.P.Yermolovla qurduqları məkrli plan əsasında 1818 - 1820-ci illərdə xandan knyaz R.Q. Mədətovun «Qarabağdakı dədə-baba torpaqlannı» geri qaytarmağı tələb edirdi. Çarəsiz Mehdiqulu xan A.P.Yermolovun tələbi ilə ata-babasından heç bir mülkü qalmayan və vergi verən zümrədən olan R.Q.Mədətova 1500 kəndli ailəsinin yaşadığı bir neçə kəndin \"qaytarılması\" haqqında saxta fərman imzalamağa məcbur oldu. Əsl saxtakarlıq bundan sonra başladı. Xan fərmanına R.Q.Mədətov Qarabağda istədiyi kəndlərin adını əlavə etdikdən sonra A.P.Yermolovun xüsusi səyləri ilə belə bir qondarma sənəd 1821-ci ildə rus çarı I Aleksandr tərəfindən təsdiq edildi. Mənbələrdə yazıldığı kimi, heç bir əsil-nəcabəti olmayan R.Q.Mədətov bu üsulla az qala Qarabağın yarısına yiyələnmişdi. Knyaz R.Q. Mədətov Şirvanda həyata keçirtdiyi hədə-qorxu, şər yaxmaq taktikasını Qarabağda da işə saldı və nəticədə Mehdiqulu xanın da Cənuba - Abbas Mirzənin yanına qaçmasına nail oldu. Beləliklə, Kürəkçay müqaviləsi ilə xanlıqların \"bütövlüyünün saxlanmasına imperator zəmanəti verən\" çar hökuməti imzaladığı bütün andlaşmalanı pozdu.     Ləğv edilmiş üç xanlığın yerində Müsəlman əyalətləri hərbi dairə rəisliyi yaradıldı, iqamətgahı Şuşada yerləşən bu idarəyə knyaz Mədətov başçı təyin edildi. Bundan sonra müsəlmanlar yaşayan torpaqlarda əsl rus - erməni siyasətinin yeridilməsinə başlandı. Müsəlman əyalətlərindəki rus qoşun dəstələrinin də başçısı sayılan Mədətov, xüsusilə Qarabağda müsəlman bəylərini sıxışdırır, vəzifədən uzaqlaşdırır, yerlərinə erməniləri təyin edir və müsəlman əhalisini amansızlıqla soyub talayırdı.     1826-cı ildə Şimali Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı ümumi üsyan baş verərkən əhalinin hədsiz nifrətini qazanmış erməni Mədətovun Qarabağda ələ keçirtdiyi malikanələri əhali tərəfindən yandırılmışdı. Rus mənbələrinin yazdığına görə, \"Mədətov əhalini o dərəcədə cana yığmışdı ki, müsəlmanlarda qəbirə toxunmaq ən böyük günah sayıldığı halda, Mədətovun ata-babalarının qəbirləri dağıdılmış və murdarlanmışdı.\" Yuxarıda gətirilən faktlar Rusiyanın Azərbaycana gətirdiyi "əbədi xoşbəxtlik və fıravanlığ"ın bir qismidir. Bu, həm də Qafqazda rus müstəmləkəçiliyinin erməni formasında təzahürünün bariz nümunələrindən biridir. Lənkəran xanlığı ilə \"yaxşı münasibətlərdə\" olan Rusiya hökumətinin təzyiqləri altında 1826-cı ildə Mirhəsən xan qaçaraq Abbas Mirzəyə sığınmağa məcbur oldu. Çar hökuməti bu xanlığı da ləğv edərək əyalətə çevirdi.      Rusiya Şimali Azərbaycanın işğalı prosesində xanlıqları ləğv edərək əyalətə çevirmiş, xanlıq idarə - üsulunu komendant idarə sistemi ilə əvəz etmişdi. Komendant idarə üsulu hərbi işğal və hərbi feodal səciyyəsi daşıyırdı. Rus zabitlərindən təyin olunan komendantlar əyalətin sosial - iqtisadi həyatına aid olan bütün məsələləri həll etmək səlahiyyətlərinə malik idilər. Əyalət məhkəməsinə də sədrlik edən komendantlar ruslara sədaqətli olan bəylərdən mahal naibləri təyin edirdilər.     Ali ruhani zümrəsinin nəzarəti altında olan şəriət məhkəmələri saxlanılsa da, onlar yalnız ailə-nigah və vərəsəlik kimi mülki işlərlə məşğul ola bilərdilər. Qafqazın Baş komandanının nəzarəti altında olan hərbi məhkəmələrdən rus işğalına qarşı çıxan bəylərə, ruhanilərə və kəndlilərə qarşı istifadə olunurdu. Bu məhkəmələr daha tez qərar verir və çox zaman ölüm cəzası verməsi ilə digər məhkəmələrdən fərqlənirdi.     Rus işğalı (1801-1828) və işğaldan sonrakı ilk illərdə Qafqazın baş komandanının Şimali Azərbaycanda yeritdiyi siyasətdən cəmiyyətin bütün təbəqələri narazı idi. Ruslara qarşı çıxan ali zümrənin nümayəndələri edam, həbs və sürgün edilir, onların əmlakları dərhal müsadirə olunub dövlət xəzinəsinin ixtiyarına keçirdi. Baş Komandanın hazırladığı 1818-ci il Əsasnaməsi ilə Qazax, Şəmşəddil və Borçalı ağalarının, 1817-ci il və 1824-cü il Sərəncamları ilə Quba bəylərinin, 1824-cü il Sərəncamı ilə Qarabağ bəy və ağalarının kəndli və torpaq huquqlanna sarsıdıcı zərbələr vurulmuşdu.     Bu dövrdə Azərbaycan kəndi bütövlükdə rus ordusunun ərzaq və digər ləvazimatlarla təmin olunması vəzifəsindən tamamilə asılı vəziyyətə salınmışdı. Ağır bacqoyma və vergi sistemi, vergilərin soyğunçu və amansız erməni tacirlərinə iltizama verilməsi, komendantların və digər rus məmurlarının qanunsuzluğu və hər cür özbaşınalığı bütün əhalini rus müstəmləkə orqanlarından narazı salmışdı. Çar I Nikolayın Cənubi Qafqazdakı vəziyyəti dərindən öyrənmək üçün senatorlar qraf P.İ.Kutaysov və Y.İ.Meçnikovun başçılığı ilə göndərdiyi komissiya 1829 - 1830-cu illərdə müsəlman əyalətlərində təftiş apararaq maliyyə-vergi sistemində hədsiz sayda çoxlu özbaşınalıqlar üzə çıxartmışdı. Senatorların fikrinə görə, belə ağır vəziyyət rus məmurları tərəfindən vergilərin çox zaman normadan ikiqat - üçqat artıq yığılması, vergi yığılmasının onlann sözləri ilə deyilsə, \"acgöz erməni tacirlərinə iltizama verilməsi\", savaşların gedişində müflisləşən kəndlilərin taxılı xəzinəyə dəyərindən 8-10 dəfə ucuz satmağa məcbur edilməsi, hətta bu məbləğin də çox zaman onlara ödənilməməsi nəticəsində yaranmışdı.     Çar senatorları çara və ədliyyə nazirinə göndərdikləri raportlarda yazırdılar: \"müsəlman əyalətlərində rus dairə rəislərinin, komendantların azğınlığından və əhalinin çəkdiyi əzab-əziyyətdən adam dəhşətə gəlir. Burada insan ləyaqəti tapdalanmış, hər cür ədalət unudulmuş, qanun isə yalnız əsarət aləti olmuşdur. Diyarın müsəlman əhalisinin səbr kasası dolmuş, ancaq xoşbəxtlikdən daşmamışdır.\"     Rusiyanın bölgədə müsəlman əyalətlərində qurduğu müstəmləkə rejimi və açıq qarət sistemi işğaldan bir qədər sonra müstəmləkə əsarətinə qarşı üsyanlara gətirib çıxartdı. Rusiya hökumətinin müxtəlif yerlərdən bölgəyə yad olan xristian əhalini köçürərək yerləşdirməsi (1817-1818-ci illərdə almanlar, 1828-1829-cu illərdə ermənilər, 1830-cu ildən baçlayaraq rusların köçürülməsi ) Azərbaycan kəndində torpaq azlığına gətirib çıxartmışdı. Milli və dini ayrı-seçkiliyə uğrayan yerli əhali çar hökumətinin bu siyasətindən çox narazı idi. 1830-cu ildə Car-Balakəndə Şeyx Şaban və Həmzət bəyin, 1831-ci ildə Lənkəranda Mir Həsən xanın, 1837-ci ildə Qubada Hacı Məhəmməd xanın, 1838-ci ildə Şəkidə Məşədi Məhəmmədin başçılığı altında çarizmin müstəmləkə zülmünə qarşı baş vermiş üsyanlar qəddarlıqla yatırıldı.     XIX əsrin 30-cu illərində baş vermiş üsyanlar yatırıldıqdan sonra çar hökuməti Cənubi Qafqazda inzibati - idarə sistemini dəyişdirmək və bu sistemi ümumimperiya inzibati - ərazi bölgüsünə uyğunlaşdırmaq üçün islahatlar hazırlamağa başladı. Uzun müzakirələrdən sonra çar I Nikolay 1840-cı il aprelin 10-da komendant idarə üsulunun ləğv edilməsi və Cənubi Qafqazda inzibati-məhkəmə islahatı haqqında qanun imzaladı. 1841 -ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna görə komendant idarə üsulu ləğv olunur və Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölünürdü: 1. Gürcüstan - İmeretiya quberniyası 2. Xəzər vilayəti.     Bu qanunda Şimali Azərbaycan torpaqlarının vahid inzibati bölgüdə birləşdirilməsi nəzərdə tutulmamışdı və xalqımızın sosial - hüquqi, etnik və mədəni xüsusiyyətləri çox az nəzərə alınmışdı. Şamaxı, Qarabağ, Şəki, Bakı, Quba, Lənkəran və Dərbənd qəzaları mərkəzi Şamaxı olan Xəzər vilayətinin tərkibinə, Yelizavetpol (Gəncə), Naxçıvan, İrəvan və Balakən qəzaları isə mərkəzi Tiflis olan Gürcüstan - İmeretiya quberniyasına daxil edilmişdi. Hələ 1828-ci il martın 21-də I Nikolayın əmri ilə tarixi Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində \"erməni vilayəti\" adlı inzibati bölgü yaradılmışdı. 10 aprel 1840-cı il qanununa görə «erməni vilayəti» ləğv edilmiş və yerində İrəvan və Naxçıvan qəzaları yaradılmışdı.     Quberniya və vilayət qəzalardan, qəzalar isə sahələrdən (nahiyələrdən) ibarət olurdu. Mahalların ləğv edilməsi ilə mahal naibləri olan bəylər idarə işindən uzaqlaşdırılır, onlar ruslardan təyin olunan sahə iclasçıları ilə əvəz edilirdilər. Ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi ilə Baş İdarə Şurası yaradılmışdı. 1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında quberniya, vilayət, qəza və dairə məhkəmələri yaradıldı və məhkəmələr rus dilində aparılırdı. Şəriət məhkəmələri yalnız kəbin-talağ və vərəsəlik məsələlərinə baxırdı.     1844-cü ildə çar hökuməti Cənubi Qafqazda öz mövqeyini daha da möhkəmlətmək üçün Baş İdarə Şurasının əvəzinə canişinlik idarəsi sistemi yaratdı. Qafqaz canişini təyin olunan qraf M.S.Vorontsov çox böyük hərbi və mülki səlahiyyətlərə malik idi və çardan başqa heç kimin qarşısında hesabat vermirdi. 1846-cı il 14 dekabr tarixli çar fərmanı ilə Cənubi Qafqazın inzibati- ərazi quruluşunda ciddi dəyişikliklər edildi: Gürcüstan - İmeretiya quberniyası və Xəzər vilayətinin yerində Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyaları təşkil edildi. Sonralar 1849-cu ildə İrəvan quberniyası, 1868-ci ildə isə Yelizavetpol quberniyası da yaradıldı. Yeni inzibati-ərazi bölgüsü Azərbaycanın parçalanmasını daha da dərinləşdirdi.     Rusiya hökumətinin milli və dini cəhətdən ona yad olan və işğal dövründə əksəriyyəti Rusiyaya düşmən münasibət bəsləyən ali müsəlman zümrəsi ilə bağlı siyasəti dəyişkən səciyyə daşıyırdı. XIX əsrin 30-cu illəri - 40-cı illərin əvvəllərində hökumətin ali müsəlman zümrəsi ilə bağlı hazırladığı layihələrdə bu zümrəni tamamilə ləğv etmək, Şimali Azərbaycanba çarizmin əsas dayağı olacaq \"təbii rus zadəganlığı\" yaratmaq ideyası qırmızı xətt kimi keçirdi. Hökumət bölgənin bütün torpaqlarını 5 min rus zadəganı arasında bölüb, burada iri təhkimçilik təsərrüfatları yaratmaq və müsəlman ali zümrəsini məhv etmək planlan üzərində baş sindırdı. Bu plan rus zadəganlannın Cənubi Qafqaza gəlmək istəməməsi səbəbindən baş tutmadı.     1841-ci ildə hökumət Azərbaycan bəy və ağalarının torpaq hüquqlan üzərinə total hücuma başladı. İlk əvvəl Qafqazın Baş İdarə Şurasının hazırlayıb, 25 aprel 1841-ci ildə çar Nikolay tərəfindən təsdiq edilmiş qanuna görə Qazax, Şəmşəddil, Borçalı ağalarının ixtiyarında olan kəndlər müsadirə olunur və əvəzində kəndlilərin hesabına ağalara ömürlük təqaüd təyin edilirdi. Çar tərəfindən təsdiq edilmiş 28 may 1841-ci il fərmanı ilə Xəzər vilayətinin bəylərinin tiyul torpaqlarının əllərindən alınması və əvəzində onlara təqaüd ödənilməsi qərara alınmışdı. Hər iki qərar Azərbaycanın sahibkar kəndində böyük narazılıqla qarşılandı. Dövlət vergilərini ödəyən kəndlilərin üzərinə indi də ağa və bəylərin təqaüd xərcləri qoyulmuşdu. Bəylərin və kəndlilərin çar hökumətinə qarşı bir cəbhədə birləşərək çıxışlara başlaması hökuməti bərk təşvişə salmışdı. Cənubi Qafqaza xüsusi yoxlama üçün göndərilən hərbi nazir A.İ.Çrnışev hökumətin bu addımının \"səhv olduğunu\" etiraf etdi və nəticədə \"təbii rus zadəganlığı\" yaratmaq planı boşa çıxdı. Çar I Nikolayın fərmanı ilə 1843-cü ildə ali müsəlman zümrəsinin yaradılmasına icazə verildi və çar Qafqaza göndərdiyi canişini M.S.Vorontsova bu zümrənin hüquqlarını tənzimləyəcək qanun layihəsini hazırlamağı şəxsən tapşırdı.     M.S.Vorontsovun sədrliyi ilə hazırlanmış qanun layihəsi 6 dekabr 1846-cı ildə çar I Nikolay tərəfindən reskript (sərəncam) şəklində imzalandı. 6 dekabr 1846-cı il reskripti 12 maddədən ibarət olub, 10-u bəylərin torpaq hüquqlarından, 2-si isə bəy - kəndli münasibətlərindən bəhs edirdi. Reskriptə əsasən bəylərin nəsli sahibliyində olmuş və indi də onların ixtiyarında qalan torpaqlar (mülk, tiyul və s.) üzərində onların tam irsi mülkiyyətçilik hüququ təsdiq olunurdu. Xan, bəy və digər torpaq sahibləri öz mülklərini nəsildən-nəslə keçirə, sata, bağışlaya, hər hansı şəkildə alqı - satqıya qoya bilərdilər. Yeganə şərt torpağı alan şəxsin ali müsəlman zümrəsinin nümayəndəsi olması idi. Qazax, Şəmşəddil, Borçalı ağalarının da müsadirə edilmiş bütün torpaqları çarın \"xüsusi iltifatı\" kimi onlara qaytanlırdı. Reskriptə görə bundan sonra rəiyyət, rəncbər, xalisə, nökər, əkər və başqa müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad \"mülkədar tabelisi\" adı verilirdi.     6 dekabr 1846-cı il reskripti ilə rus hökuməti ali müsəlman zümrəsinin torpaq hüquqlarını təsdiq etdi və ona münasibətini qəti şəkildə müəyyənləşdirdi. Hökumət ali zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq siyasətində ilk ciddi addımını atdı. Nəticədə ali müsəlman zümrəsi torpaq hüquqlan baxımından Rusiya zadəganlan ilə bərabər hüquq qazandı. Lakin ali müsəlman silki heç bir zaman silki imtiyaz və şəxsi hüquqlar baxımından nəinki rus, heç gürcü zadəganları ilə də bərabərləşdirilmədi. Belə bərabərlik Azərbaycanın bəy və ağalarına diyarın idarə edilməsində vəzifələr tutmaq hüququ verə bilərdi. Ancaq ali müsəlman zümrəsinə qarşı milli və dini ayrı-seçkilik siyasəti yeridən rus hökuməti buna qətiyyət yol vermək istəmirdi.     Azərbaycanın sahibkar kəndində bəy-kəndli münasibətlərinə tam hüquqi aydınlıq gətirmək və bu münasibətləri rəsmi şəkildə tənzimləmək üçün çar hökuməti 1847-ci ilin aprelin 20-i və dekabrın 28-də iki mühüm sənəd qəbul etdi. \"Kəndli Əsasnamələri\" adlanan bu sənədlərdən birincisi Şuşa, Şamaxı, Şəki, Bakı, Quba və Lənkəran qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax, Şəmşəddil və Borçalı məntəqələrinin ağa kəndlilərinə aid idi.     Yeni hüquqi sənədə görə 15 yaşından yuxarı kişi cinsindən olan kəndli 5 desyatinə qədər torpaq payı ilə təmin olunmalı, bunun qarşılığında kəndli taxıl məhsulunun onda birini, çəltik, meyvə-tərəvəz məhsulunun üçdə birini malcəhət vergisi şəklində bəyə ödəməli idi. Kəndli öz torpağını bəyin iş heyvanı, toxumu və alətlərindən istifadə edərək becərirdisə, malcəhət məhsulun beşdə birini təşkil edirdi. Otlaqlardan istifadə edən kəndlilər bəyə çöpbaşı adlı vergi ödəməli idilər. Bəy təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsi bir kişi ayırmalı idi. Biyara çıxan kəndli ildə 18 gün əkin-biçin işi aparmalı idi. Kəndli biyara çıxmaq istəmirdisə, əvəzində pul ödəməli idi. Bütün kəndlilər hamılıqla ildə iki gün bəyin təsərrüfatında əvrəz (iməclik) adlanan işi yerinə yetirməli idi.     Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi bir kişi, hər on beş ailə isə bir qadın qulluqçu ayırmalı idi. Bu sonuncu tələb əhali içərisində böyük narazılıq doğurmuşdu. Azərbaycanda tarix boyu torpaq sahibinin evinə qadın qulluqçu göndərmək ənənəsi olmamışdı. Azərbaycan bəyləri əsl kişilik göstərərək hökumətdən bu qaydanın ləğv olunmasını qəti şəkildə tələb etdilər. Hökumət kəndlilərin bəyin evinə qadın qulluqçu göndərməsi mükəlləfiyyətini ləğv etməyə məcbur oldu. \"Əsasnamələr\"lə bəylərə kəndlilər üzərində polis və məhkəmə hüququ, kəndlilərə isə yaşayış yerini dəyişib başqa kəndlərə keçmək hüququ verilirdi. Başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri əvvəlcədən ödəməli və onu qəbul edəcək bəyin də razılığını almalı idi. Beləliklə, 1847-ci il \"Kəndli Əsasnamələri\" ali müsəlman zümrəsi ilə kəndlilər arasındakı qarşılıqlı münasibətləri rəsmiləşdirərək qanuni şəklə saldı.     Bu dövrdə Cənubi Azərbaycanda geniş xalq kutlələrinin qarşı-qarşiya durdugu əsas istismarçılar yerli feodallar idilər. Bir çox xanlar Türkmənçay müqaviləsindən sonra siyasi hakimiyyətdən kənar edilsələr də, onların kütlələr üzərində agalıgı toxunulmaz qalırdı. Beləlilklə, əhali həm yerli xanlarin, həm də hakim sülalənin getdikcə möhkəmlənən hakimiyyətinin zülmünə məruz qalirdı. Azərbaycanda hakim dairələrin zülm siyasəti - qanunsuzluq, soygunçuluq yerli əhalnin muxtəlif təbəqələri içərisində narazılığın artmasına kütləvi həyəcan və çıxışlarin baş  verməsinə səbəb olurdu. 1847-ci ildə Zəncanda  sənətkarlar, xırda tacir və şəhər yoxsulları hakimə qarşı çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə yenə də Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş verdi.      1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Babizmin banisi Seyid Əli Məhəmməd olmuşdur. O, "Şeyxi" təriqətinə mənsub idi və həmin təriqətin son başçısı Seyid Kazım öldükdən sonra ona başçılıq etmiş, xalqa həqiqətlərin çatdırılmasında özünü sonuncu imam Mehdi ilə xalq arasında vasitəci elan etmiş və buna görə də 1844-cü ildən etibarən Bab (ərəbcə "qapı" deməkdir ) ləqəbini götürmuşdür. Babın əsas ideyaları onun "Bəyan" kitabında öz əksini tapmışdı. Bab yeni yaradılacaq cəmiyyətdə, o cümlədən qadına münasibətdə bərabərlik, ədalət, şəxsiyyətin toxunulmazlıgını elan edir, öz fikirlərində tacir, sənətkar və kəndlilərin arzularını əks etdirirdi.     Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Yaxinlıqdaki kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin içərisində çoxlu tacir və xırda ruhanilər var idi. Ətraf kəndlərdən olan əhali də üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər. Şah hökuməti tərəfindən üsyanı yatirtmaq üçün göndərilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı muhasirəyə aldılar. Lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular. 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən muhasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Usyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə agır yaralandı və üç gündən sonra vəfat etti.  Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı. 1848-1852-ci illərdə bütün İranda Babilər hərəkatı məglub edilsə də, ölkədə, o cümlədən Cənubi Azərbaycanda Bab tərəfdarlarının sayı daha da artdı. Əhalinin bütün narazı hissələrində Babiliyə rəğbət çox güclu idi və şah hökuməti bunun qarşısını ala bilmirdi.  Babi üsyanları öz ictimai-siyasi məzmunu və kütləviliyi ilə İranda və Azərbaycanda baş vermiş, ayrı-ayrı çıxışlardan fərqlənir və özünəməxsus yer tuturdu. Təsadüfi  deyil ki, babilər hərəkatı zamanı gələcəyin  bir çox inqilabçıları yetışmiş, onun inqilabi-demokratik hissəsi ölkədə baş verən xalq çıxışlarında, xususilə 1905-1911- ci illər İran inqilabında fəal iştirak etmişdilər. **4.XIX  əsrin I yarısında iqtisadiyyat və mədəniyyət.**     1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiyanın qarşısında duran problem yeni işğal olunmuş torpaqlara dair məqsədyönlü iqtisadi siyasətin tətbiq edilməsi, yəni müstəmləkiçilik siyasətinin həyata keçirilməsi idi. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı dövründə (1801 - 1828) çar hökuməti hələ düşünülmüş iqtisadi siyasət hazırlayıb həyata keçirə bilməmişdi. Şimali Azərbaycanın siyasi fəthi başa çatdıqdan sonra Rusiyanın hakimiyyət dairələrində bütün Cənubi Qafqazın bir müstəmləkə kimi iqtisadi baxımdan mənimsənilməsi üzrə iki əsas baxış formalaşmışdı. Birinci baxışın tərəfdarları Rusiyanın Qacar dövlətindəki səfiri A.Qriboyedov və Tiflisin mülki qubernatoru P.Zavileyski \"Rusiya -- Cənubi Qafqaz ticarət şirkəti\" layihəsini hazırlayıb hökumətə təqdim etmişdilər. Bu layihədə Cənubi Qafqaz ölkələrində, o cümlədən Şimali Azərbaycanda kənd təsərrüfatı istehsalının əsas sahələrinin (üzümçülük, baramaçılıq, tütünçülük və s.) inkişaf etdirilməsi və burada yerli xammal istehsalına əsaslanan emaledici fabrik sənayesi (şərabçılıq, şəkər, mahud, gön -dəri, şüşə və s.) yaradılması nəzərdə tutulurdu. Layihənin müəllifləri şirkətin normal fəaliyyəti üçün ona 120 min desyatin (1 desyatin 1,0925 hektara bərabər idi.) yararlı torpaq sahəsi ayrılmasını, şirkətə qonşu ölkələrlə müstəqil ticarət aparmaq hüququ verilməsini hökumətdən xahiş edirdilər. Təəccüblü deyil ki, Azərbaycanlı əyanların və tacirlərin iştirakına yer verilməyən layihədə erməni və gürcü tacirlərinin xüsusi kapitalının şirkətin fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulmuşdu. Bu siyasətdə Azərbaycanda yalnız xammal istehsalına və mədən sənayesinin inkişafına diqqət yetirilirdi. Türkmənçay müqaviləsidən (1828) sonra Şimali Azərbaycanın təsərrüfat həyatı dirçəlməyə başladı. Müharibə nəticəsində qaçqın düşmüş sakinlərin geri qayıtması, çarizm tərəfindən erməni, rus və almanların köçürülməsi və təbii artım hesabına əhalinin sayı ildən-ilə çoxalırdı. Şimali Azərbaycanda əhalinin sayı 1832 - 1833-cü illərdəki 700 min nəfərdən, artaraq 1850-ci ildə 1 milyon nəfərə çatmışdı. Əhalinin 90%-ə yaxını kəndlərdə yaşayırdı. 1832 - 1833-cü illərdə şəhər əhalisinin sayı 70 min, 1850-ci ildə 95 min, 1856-cı ildə isə 110 min nəfər olmuşdu. Şamaxı, Nuxa, Şuşa və Gəncə şəhərlərinin hər birində 10 min nəfərdən çox əhali yaşayirdi. Şimali Azərbaycanın işğalından sonra feodal torpaq mülkiyyətinin iki əsas forması var idi: -1) xəzinə (dövlət), 2) xüsusi sahibkar. Hakim təbəqədən müsadirə edilmiş torpaqlar dövlətin ixtiyarına keçmişdi. Torpaq mülkiyyətinin köhnə formaları olan -- tiyul, mülk, mülki-xalisə və vəqf torpaqları da qalırdı. Dövlət kəndliləri çoxlu vergi verir və müxtəlif mükəlləfiyyətlər daşıyırdılar. Sahibkar kəndliləri sahibkara -- malcəhət, salyana, darğalıq, bəhrə, at arpası vergisi verir və mükəlləfiyyətlər ödəyirdilər. XIX əsrin 30-50-ci illərində Şimali Azərbaycanın kənd təsərrüfatında əsas yeri əkinçilik və maldarlıq tuturdu. Düyü istehsalı üzrə Lənkəran bölgəsi məşhur idi. Bu dövrdə Nuxa, Şuşa, Şamaxı qəzaları və Car-Balakən dairəsi ipəkçilik mərkəzləri idi. "Qafqazda ipəkçiliyi və ticarət sənayeçiliyini yayan cəmiyyət" (1836) Şimali Azərbaycanda ipəkçiliyin inkişafına müsbət təsir göstərirdi. Nuxa bölgəsində barama istehsalının geniş miqyas almasında 1843-cü ildə təşkil edilmiş "Təcrübə ipəkçilik məktəbi" müəssisəsi böyük rol oynayırdı. "Təcrübə ipəkçilik məktəbi" müəssisəsi Rusiyanın xam ipəyə olan tələbatını ödəmək üçün təşkil edilmişdi. Azərbaycanda bu dövdə texniki bitkilərdən qızıl boya, yəni marena (Quba), pambıq, zəfəran (Abşeron) da becərilirdi. XIX əsrin I yarısında Quba əyalətində marena istehsalının genişləndirilməsinin səbəbi Rusiyanın toxuculuq sənayesinin boyaq maddələrinə tələbatının artması idi. Hətta Moskva ətrafında marenanın emalı üçün zavod da tikilmişdi. Xalçaçılığın ən çox inkişaf etdiyi zona isə Qarabağ idi. Nuxada Xanabad adlı manufaktura 1827-ci ildə fəaliyyətə başladı. Manufaktura müəssisələri xırda əmtəə istehsalı ilə fabrik arasında keçid mərhələsini təşkil edirdi. Azərbaycanda manufaktura istehsalının Mərkəsi Rusiya fabriklərinin əlavəsi rolunu oynaması müstəmləkə iqtisadiyyatına xas olan xüsusiyyətlərdən biri idi. XIX əsrin 30-60-cı illərində Şimali Azərbaycanda yeyinti istehsalının əsas sahələri balıqçılıq və duz çıxarılması idi. Çar hökuməti 1829-cu ildə balıqçılıqda iltizam sistemini ləğv edərək, bu sahəni dövlət xəzinəsinin idarəçiliyinə vermişdi. Salyan, Şirvan və Şəki balıq vətəgələri birləşdirilərək 1829-cu ildə \"Salyan xəzinə qəyyumluğu\" adlı kommersiya şirkəti yaradılmışdı. 40-cı illərin əvvəllərində Lənkəran balıq vətəgələri də bu şirkətin ixtiyarına verilmişdi. Balıqçılıq sahəsində muzdlu əmək geniş yayılmışdı. Salyan balıq vətəgəsində muzdlu işçilərin sayı 600 - 1000 nəfərə çatırdı. Şimali Azərbaycanda əsas duz mədənləri Abşeron və Naxçıvanda yerləşirdi. 40-cı illərdə Abşeronda 27 göldən ildə 400 min pud duz çıxarılırdı. Lakin balıqçılıqda elə də ciddi irəliləyiş olmadı. Abşeronda, Cavad qəzasında, Ağcabədidə narın duz gölləri var idi. Naxçıvanın Şıxmahmud, Cəhri və Sust kəndləri arasındakı dağlıq ərazidə daş duz çıxarılırdı. XIX əsrin 30-50-ci illərində Azərbaycanın yeraltı sərvətlərinə (neft, duz, mis) maraq artmışdı. Bu dövrdə neftin inkişafına aşağıdakı amillər mane olurdu: - 1) İltizam sistemi; 2) Neft mədənlərinin istismarında Balaxanı kəndlilərinin məcburi əməyinin tətbiq olunması; 3) Neftə tələbatın hələ elə də yüksək olmaması. 1848-ci ildə dünyada ilk dəfə olaraq Bibiheybətdə buruq üsulu ilə neft quyusu qazıldı. Lakin neft başlıca olaraq əl ilə qazılmış quyulardan hasıl edilirdi. 1855-ci ildə Gədəbəy yaxınlığında xırda misəritmə zavodu tikildi. Beləliklə, Azərbaycanda əlvan metallurgiyanın inkişafı başlandı. 1828-1850-ci illərdə Zəylik kəndi yaxınlığında zəy yataqları iltizama verilmişdi. Azərbaycanda XIX əsrin 30-cu illərinə kimi iki Rusya-Qacarlar müharibəsi, çarizmin Cənubi Qafqazda ticarət və gömrük siyasətinin qeyri-sabitliyi, ölkəmizdə müxtəlif çəki, ölçü və pul sisteminin tətbiqi ticarətə mənfi təsir göstərən amillər idi. 1839-1843-cü illərdə pul islahatı nəticəsində köhnə əskinazlar (kağız pullar) gümüş pulla əvəz olundu. Çar hökuməti Azərbaycanda Rusiya çəki, ölçü vahidlərini tətbiq etmək üçün bütün dükanları Rusiya çəki, ölçü vahidləri ilə təmin etməyə başladı. Çarizm Cənubi Qafqazda ticarəti inkişaf etdirmək üçün 1821-ci il oktyabrın 8-də güzəştli ticarət tarifi -- qaydaları tətbiq etməyə başladı. Bu fərmanın mahiyyəti ondan ibarət idi ki, Cənubi Qafqaza gətirilən əcnəbi malların cəmi 50 faizindən gömrük alınırdı. Cənubi Qafqazda rus ticarətinin tam ağalığını təmin etmək məqsədilə 1831-ci il iyunun 3-də verilmiş ticarət "Əsasnaməsi"nə görə yeni tarif tətbiq olundu. Avropa malları Cənubi Qafqaz vasitəsilə 3-cü ölkəyə aparıla bilməzdi. 1836-cı ildə daxili ticarətin inkişafına mənfi təsir göstərən rəhdar vergisi (daxili gömrük rüsumu) ləğv edildi. XIX əsrin ortalarında Rusiya maarifin inkişafına görə Avropa ölkələrindən geri qalırdı. Rusiyada maarifə, təhsilə sərf olunan vəsait inzibati idarələrin saxlanılmasına çəkilən xərclərdən az idi. Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökumətinin mədəniyyət və maarif sahəsində siyasətinin əsas məqsədi bölgədə öz imperiya maraqlarına uyğun gələn təhsil sistemini formalaşdırmaqdan, əhalini ruslaşdırmaqdan və imperiyaya sədaqətli təbəələr yetişdirməkdən ibarət idi. Çar məmuru Bibrişteyn yazırdı ki, bölgədə rus siyasətini elə həyata keçirtməliyik ki, buradakı yerli əhali nəinki rus dilində danışsın, hətta rus dilində düşünsün. Çar hökumətinin Azərbaycana gətirdiyi maarif sistemi silki xarakter daşıyırdı. Varlıların və kasıbların uşaqları eyni məktəbdə oxumurdular. Azərbaycanda xanlıqlar çağından qalma ibtidai məktəblər (yəni mollaxanalar), orta məktəblər (yəni mədrəsələr) hələ də vəqf əmlakından gələn gəlir hesabına fəaliyyət göstərirdi. 1849-cu ildə çarizm tərəfindən Şimali Azərbaycanı da əhatə edən Qafqaz tədris dairəsi yaradıldı. Rusiyanın təhsil sisteminin ilk pilləsi bir illik "kənd məktəbləri" idi. Rusiyanın Şimali Azərbaycanda təşkil etdiyi məktəblər dövlət məktəbləri adlanırdı. 1829-cu ildə verilmiş Əsasnamə ilə Şimali Azərbaycanda rus dövlət məktəblərinin açılması nəzərdə tutulmuşdu. Belə məktəblərdə bölgədəki rus qoşunlarında qulluq edən zabitlərin və inzibati idarə orqanlarının məmurlarının uşaqlarına rus dilində ibtidai təhsil verməklə, gələcəkdə diyarın idarə olunması üçün kadrlar hazırlanmalı idi. Çünki mərkəzi quberniyalardan kadr dəvət etmək böyük çətinlik törədirdi. 1829-cu il Əsasnaməsi ilə ilk qəza məktəbi 1830-cu ildə Şuşada, 1832-ci ildə Bakı və Nuxada, 1833-cü ildə Yelizavetpolda, 1837-ci ildə Naxçıvanda və 1838-ci ildə Şamaxıda açılmışdı. Bu məktəblərdə təhsil rus dilində olsa da, hazırlanacaq rus kadrlar yerli əhali ilə ünsiyyət qurmalı olduqlarından Azərbaycan dili də əsas fənn kimi keçilirdi. Bu məqsədlə Azərbaycan dilində bir neçə dərslik də hazırlanmışdı. Rus qəza məktəblərində artıq 50-ci illərdə xeyli azərbaycanlı şagird də təhsil alırdı və 1857-ci ildə azərbaycanlı şagirdlərin sayı 148-ə çatmışdı. Xüsusi tipli müəssisələr olan "Müsəlman məktəbləri" açmaqda məqsəd hökumətə sadiq ruhani şəxslər hazırlamaq idi. 1842-ci il məlumatına görə, Şimali Azərbaycanda məscidlərin nəzdində 502 ibtidai məktəbdə 5 mindən çox şagird oxuyurdu. Məsciddən kənar ibtidai məktəblər isə demək olar ki, hər kənddə var idi. XIX əsrin I yarısında Azərbaycanda tarix, filologiya və coğrafiya sahəsində böyük işlər görülmüşdü. Ümumiyyətlə, Azərbaycan tarixşünaslığının əsası XIX əsrin I yarısında qoyulmuşdur. Kərim ağa Şəkixanov, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy XIX əsrin I yarısının salnaməçi-tarixçiləri idi. Kərim ağa Şəkixanovun "Şəki xanlarının müxtəsər tarixi" əsəri Azərbaycan türkcəsində yazılmışdır və orta əsrlərdən başlayaraq 1806-cı ilə qədər olan hadisələri əhatə edir. Bu dövrdə Hacı Seyid Əbdülhəmid "Şəki xanları və onların nəsilləri" tarixi əsərini yazmışdır. 1845-ci ildə Mirzə Adıgözəl bəy "Qarabağnamə" əsərini yazdı. Bu əsər Qarabağın 1736-cı ildən 1828-ci ilə qədərki siyasi tarixindən bəhs edir. Mirzə Camal Cavanşirin əsəri isə "Qarabağ tarixi" (1847) adlanır. "Qubalı Fətəli xanın həyatı" tarixi əsərinin müəllifi İskəndər bəy Hacınski olmuşdur. Azərbaycan tarixini ilk dəfə elmi əsaslarla yazan Abbasqulu Ağa Bakıxanov (1794-1847) olmuşdur. O, Çərq dilləri bə ədəbiyyatının böyük bilicisi idi. A.Bakıxanov hərbi qulluğu ilə bağlı olaraq 1826-1829-cu illərdə Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələrdə iştirak etmiş, Türkmənçay sülh danışıqlarında tərcüməçi olmuşdur. A.Bakıxanov 1841-ci ildə "Gülüstani-İrəm" əsərini fars dilində, həm də ilk dəfə qaynaqlar əsasında yazmışdır. "Gülüstani-İrəm" əsəri Azərbaycanın ən qədim zamanlarından 1813-cü il Gülüstan sülh müqaviləsinədək dövrü əhatə edir. A.Bakıxanov bu əsəri 1843-cü ildə rus dilinə özü tərcümə etmişdir. Əsər ilk dəfə tam şəkildə 1923-cü ildə "Azərbaycan tarixi" adı ilə nəşr olunmuşdur. 1926-cı ildə isə bu kitab rus dilinə tərcümə olundu. A.Bakıxanovun coğrafiyaya dair də əsərlər yazmışdır. Onun "Ümumi coğrafiya", "Kəşf-ül-Qəraib" (X.Kolumb tərəfindən Amerikanın kəşfinə həsr olunmuş, lakin yarımçıq qalmışdır) adlı coğrafi əsərləri vardır. XIX əsrin məşhur şərqşünasları Mirzə Cəfər Topçubaşov (1790-1869) və Mirzə Kazımbəy (1802-1870) olmuşlar. Onların hər ikisi Rusiyada Şərqşünaslıq elminin yaradılması və inkişafında böyük rol oynamışlar. M.C.Topçubaşov elmi fəaliyyətə Peterburq Universitetində başlamış, orada İran ədəbiyyatı kafedrasının müdiri və professoru (1835) olmuşdur. O, 15 il Rusiya Arxeologiya cəmiyyətinin Şərq sikkəşünaslığı şöbəsinə rəhbərlik etmişdir. M.C.Topçubaşov "İran xrestomatiyası" (1834) və "Monqolların ən qədim dövrlərdən Teymurləngə qədərki tarixi" əsərlərinin müəllifidir. O, A.Mtskeviçin "Krım sonataları" poemasını fars dilinə tərcümə etmişdir. Həm M.C.Topçubaşov, həm də M.Kazımbəy şərqşünaslığın inkişafında xidmətlərinə görə Böyük Britaniya Kral cəmiyyətinin həqiqi üzvləri seçilmişdilər. M.Kazımbəy əvvəlcə Kazan Universitetində kafedra müdiri və dekan vəzifələrində işləmiş, həmin universitetin professoru seçilmişdir, 1849-cu ildən elmi fəaliyyətini Peterburq Universitetində davam etdirmişdir. 1853-cü ildə M.Kazımbəyin təşəbbüsü ilə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açıldı və o özü həmin fakültənin dekanı seçildi. M.Kazımbəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. M.Kazımbəyin yazdığı "Müridizm və Şamil", "Dərbəndnamə", "Firdovsiyə görə farsların mifologiyası", "Bab və babılər, "Müsəlman qanunşünaslığı kursu" adlı əsərləri alman, fransız, ingilis dillərinə tərcümə olunmuşdur. Azərbaycan türkcəsində ilk qəzetlər də XIX əsrin I yarısında çap olunmağa başlamışdır. Belə ki, 1832-ci ildə Tiflisdə "Tiflisskiye vedomosti" ("Tatar xəbərləri") adlı əlavəsi çıxmışdır. Bu vərəqədə Qanunvericilik sənədləri və Qafqaza dair sərəncamlar öz əksini tapmışdır (vərəqin hazırlanmasında və çıxmasında A.Bakıxanov fəal iştirak edirdi). 1841-1846-cı illərdə "Zaqafqazskiy vestnik"in Azərbaycan türkcəsində "Qafqazın bu tərəfinin əxbarı" nəşr olundu. XIX əsrdə Azərbaycan incəsənətinin inkişaf etmiş sahələri musiqi (aşıq musiqisi, xanəndəlik), təsviri və tətbiqi incəsənət və memarlıq idi. Şuşa şəhəri bu dövrdə Cənubi Qafqaz üçün Konservatoriya rolunu oynayırdı. Azərbaycanda bu zaman Səttar, Ələkbər, Səfər, Yusif, Qaraca Əsəd, Mirzə Hüseyn kimi məşhur xanəndələr yetişmişdi. Səttar İran və Tiflisin musiqi həyatına böyük təsir göstərmişdir. O, 1847-ci ildə Tiflis Xeyriyyə Cəmiyyətinin salonunda konsertdə muğam oxumuşdur. Muğam məclislərinin meydana gəlməsi və ənənə halına keçməsi Azərbaycan xanəndəlik sənətinin ən böyük nailiyyəti idi. Azərbaycanın "Dərbəndli Fətəlinin İran mahnısı" (1817), "Qalanın dibində" (1834) adlı xalq mahnıları nota köçürülmüşdü. XIX əsrin I yarısında xalq teatrı, dini teatr və təriqət oyunları (xalq kukla teatrının tamaşaları) Azərbaycanın teatr tarixində mühüm yer tuturdu. XIX əsrin I yarısında təsviri incəsənətin ən görkəmli nümayəndəsi Mirzə Qədim İrəvani olmuşdur. Məhəmməd Mirzə İrəvani isə miniatürçü rəssam olmuşdur. Qarabağlı Qənbər, Muğanlı Əvəz dekorativ incəsənətin nümayəndələri idilər. XIX əsrdə baş memarı olan ilk Azərbaycan şəhəri Şamaxı olmuşdur. Şamaxının baş memarı Qasım bəy idi. XIX əsrin I yarısında Bakının qala divarları da bərpa olunmuşdur. **Yoxlama sualları:** 1. XIX əsrin I yarısında Azərbaycanın hansı əraziləri Rusiyanın tərkibinə daxil idi? 2. 1828-ci ildən sonra imzalanan Türkmənçay müqaviləsi Azərbaycanın hansı sosial və iqtisadi dəyişikliklərinə səbəb oldu? 3. Bu dövrdə Azərbaycanın şəhər həyatında hansı mühüm dəyişikliklər baş verdi? 4. Rusiyanın Azərbaycandakı siyasi və hərbi fəaliyyətləri bu dövrdə hansı əhəmiyyətli nəticələrə səbəb oldu?

Use Quizgecko on...
Browser
Browser