Fəlsəfədə İnsan və Cəmiyyət Problemi PDF

Summary

Bu sənəd, fəlsəfədə insan və cəmiyyətin müxtəlif problemlərini araşdırır. İnsanın mənşəyi, təbiəti və mahiyyəti kimi mövzular ətraflı təhlil edilir. Müxtəlif fəlsəfi nəzəriyyələr və insan anlayışlarına aid konsepsiyalar araşdırılır.

Full Transcript

**Mövzu№14. Fəlsəfədə insan və cəmiyyət problemi.** **I. İnsan.** **1.İnsan fəlsəfi problem kimi.** **2.Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr.** **3.İnsanın mənşəyi.** **4.İnsanın təbiəti və mahiyyəti.** **5.Fərd, fərdiyyət, şəxsiyyət.** **6.İnsan həyatının mənası.** **II. Cəmiyy...

**Mövzu№14. Fəlsəfədə insan və cəmiyyət problemi.** **I. İnsan.** **1.İnsan fəlsəfi problem kimi.** **2.Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr.** **3.İnsanın mənşəyi.** **4.İnsanın təbiəti və mahiyyəti.** **5.Fərd, fərdiyyət, şəxsiyyət.** **6.İnsan həyatının mənası.** **II. Cəmiyyət.** **1.İnsan fəlsəfi problem kimi.** Qədim yunan filosofu, kiniklər məktəbinin görkəmli nümayəndəsi Sinoplu Diogeni günün günorta çağı əlində fənər görən insanlar ondan nə axtardığını soruşanda "insan axtarıram" cavabını vermişdi. İlk baxışda bir az ironik, bir az da qeyri-ciddi səslənən bu cavab olduqca böyük mənaya malikdir. Yəni məsələ heç də göründüyü qədər sadə deyil. Əslində sinoplu müdrik hər gün yüzünü, minini gördüyümüz, gündəlik qayğılar içində vurnuxan və hətta bəzən insan olduğunu unutmuş insanlar içərisində adı böyük hərflə yazılacaq "İNSAN" axtarır. Yəni, hər gün dəfələrlə işlətdiyimiz "insan" sözü, mənası və mahiyyəti asanlıqla qavranılmayan, dərk olunmayan və ciddi təhlilə ehtiyac duyulan xüsusi varlıq tipini işarələyir. Problemlə bilavasitə bağlı olan bəzi suallara nəzər yetirək: İnsanı sözün əsl mənasında "insan" edən nədir? Onun digər canlılardan nə fərqləndirir? İnsan həyatının və ölümün mənası varmı? Fərd, şəxs, şəxsiyyət terminləri bir-birindən nə ilə fərqlənir, onların məzmunca fərqi nədir? İnsanın mənşəyi haqqında biz nə bilirik? Nəhayət rus yazıçısı M.Qorkinin məşhur ifadəsini xatırlayaq: "İnsan --qürurlu səslənir!". Nə üçün? İlk baxışda belə görsənə bilər ki, bu suallarla artıq ayrı-ayrı elmlər məşğul olur və burada fəlsəfəyə heç bir ehtiyac yoxdur. Düzdür, fəlsəfə ilə müqayisədə çox-çox sonralar yaranmış və ya fəlsəfədən ayrılmış psixologiya, antropologiya, sosiologiya, fiziologiya, tibb və s. kimi elmlər də bu suallara cavab axtarışı ilə məşğuldur. Lakin, baxaq görək bu elmlər insanla bağlı yuxarıda səslənmiş hansı suala qəti və son cavabı verib? Əlbəttə ki, heç birinə. Bax elə bu amilin özü insanın fəlsəfi tədqiqini zərurətə çevirir. Bir zamanlar böyük alman filosofu İ.Kant fəlsəfənin cavab verməli olduğu üç sualı səsləndirmişdir: "Mən nəyi bilməyi bacararam?", "Mən nə etməliyəm?", "Mən nəyə ümid bəsləyə bilərəm?". Sonradan o belə nəticəyə gəlir ki, bu üç sualı bir sualla əvəzləmək olar: "İnsan nədir?" Bu faktın özü insan probleminin nə qədər çoxaspektli, fundamental olmasının sübutudur. Əslində yaradılmışın əşrəfi olan insan sirli-sehrli bir dünyadır. Konkret problemlərlə məşğul olan elmlərdən fərqli olaraq fəlsəfə həm də sirlərə cavab verməyə cəhd edir. Deməli, bu sirli-sehrli aləmə, qədim yunanların təbirincə desək mikrokosmosa fəlsəfənin işıq salması hələ də aktuallığını saxlamaqdadır. Təsadüfi deyil ki, elm və texnikanın sürətlə inkişaf edərək yüksək nəticələr əldə etdiyi XX əsrdə insanı öyrənən xüsusi fəlsəfi cərəyan --fəlsəfi antropologiya yaranmışdır. İnsan haqqında fəlsəfi düşüncələr ən müxtəlif çalar və formalarda əksini tapıb. Bu təkcə ayrı-ayrı filosofların insan haqqında fəlsəfi təlimlərinə deyil, həm də fəlsəfə tarixinin müxtəlif mərhələlərinə aiddir. İndi isə fəlsəfə tarixinin keyfiyyətcə fərqli mərhələlərində insana baxışlara qısa nəzər yetirək. **2.Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr.** Fəlsəfə tarixinin hər bir mərhələsində toplanmış təcrübə və mədəni amillərin təsiri altında insanın özünəməxsus obrazı yaradılmışdır. Qədim yunan fəlsəfəsində insan öz-özlüyündə yox, mütləq nizam və kosmos kimi qavranılan müəyyən münasibətlər sistemində mövcud olur. O özünün təbii və sosial mühiti, qonşular və dövlətlə, canlı və cansız əşyalarla, heyvan və Tanrılarla birlikdə vahid və bölünməz dünyada yaşayır. Hətta kosmos daxilində mövcud olan Tanrılar insanlar üçün gerçək fəal şəxslərdir. Kosmos anlayışı insani məna kəsb edir, insan isə makrokosmos kimi götürülən kosmosun hissəsi kimi düşünülür: insan canlı orqanizm kimi başa düşülən makrokosmosu özündə əks etdirən mikrokosmosdur. Miletlilərin insan haqqında baxışları məhz belədir. Onlar hilozoistdirlər, yəni canlı və cansız arasında sərhədi inkar edir, universumun canlı olmasını fərz edirlər. Sözün əsl mənasında fəlsəfi düşüncələrin mərkəzinə insanın gətirilməsi, yəni antropoloji çevriliş **sofistlər** və **Sokratın** tənqidi və maarifçi fəaliyyəti ilə bağlıdır. Sofistlərin insan haqqında şüarını **Protaqor** səsləndirib: "İnsan hər şeyin ölçüsüdür". Sofistlərin insan konsepsiyası üç məqamla diqqəti cəlb edir: 1)fəzilət, xeyir və ədalət kimi əxlaqi fenomenlərin anlaşılmasında relyativizm və subyektivlik; 2)varlıq probleminin həllində fəal insan ön plana çəkilir; 3)sofistlər idrak prosesini ekzistensial məna ilə tamamlayır və həqiqətin ekzistensial səciyyəsini əsaslandırırlar. Bununla belə fəlsəfədə antropoloji çevriliş məhz Sokrat tərəfindən gerçəkləşdirilir. Onun üçün insanın daxili aləmi, insanın qəlbi və fəzilətləri xüsusi maraq kəsb edir. Sokrat ilk dəfə etik rasionalizm prinsipini əsaslandırır: "fəzilət bilik deməkdir". Ona görə ki, xeyir və ədalətin nə olduğunu dərk edən insan şər və ədalətsiz hərəkətlər etmir. İnsanın əsas vəzifəsi həqiqəti dərk etməklə əxlaqi kamilliyə can atmaqdır. Sokratın şagirdi olmuş Platon can və bədənin antropoloji dualizmi mövqeyində durur. Lakin insanı insan edən substansiya məhz candır. Bədən isə cana qarşı duran materiyadır. Ona görə də insanın ümumi səciyyəsi, onun vəzifələri və sosial statusu canın keyfiyyətindən asılıdır. Canlar iyerarxiyasında birinci yerdə filosofun, sonuncu yerdə tiranın (zülmkar anlamında) canı dayanır. Çünki filosofun canı daha müdrik olub biliyi tez qavrayır. Bu həm də insanın mahiyyətinin əsas səciyyəsi və onun heyvandan fərqidir. İnsan canı daim transendental ideyalar dünyasına istiqamətlidir. Can əbədi, bədən isə fanidir. İnsan xarakterinin ikili olması haqqında təlim orta əsrlərdə insana teoloji fəlsəfi baxışların formalaşmasına təsir göstərib. Platona görə can və bədənin vəhdəti və əksliyi insan mövcudluğunun əbədi faciəviliyinin səbəbidir. Bədən insanı heyvani dünyaya bərabər edir, can isə onu bu dünyanın fövqünə ucaldır. Aristotelin təlimində insan ictimai və siyasi vücud kimi nəzərdən keçirilir. Elə insanı heyvandan fərqləndirən də onun sosial təbiətidir. İnsanın digər fərqləndirici əlaməti onun zəkalı olmasıdır. Aristotelə görə insan zəkaya malik ictimai heyvandır. Sosiallıq və zəkalılıq insanı heyvandan fərqləndirən iki əsas məqamdır. Qədim yunan cəmiyyətinin böhran mərhələsində, daha doğrusu Ellin fəlsəfəsində insan problemi fərqli çalarlarla təzahür edir. Bu dövrdə insan problemi sosial və əxlaqi vəziyyətlə, insan həyatının və ekzistensial dəyərlərin itməsi ilə əlaqədar meydana çıxır. Belə şəraitdə fəlsəfənin intellektual-terapevtik funksiyası ön plana çıxır. Deyilənlər daha qabarıq şəkildə epikürçülüyə aiddir. Epikürün təliminə görə tibb insanın bədənini müalicə etdiyi kimi, fəlsəfə də insanın canını, ruhunu, qəlbini müalicə etməlidir. Orta əsrlər Qərb xristian fəlsəfəsi əsas diqqətini insan varlığının dəfolunmaz ziddiyyətlərinə yönəldir. İnsan həm yaradılmışın tacı olub digər canlı vücudlar üzərində hökmranlıq edir, həm də bütünlüklə Allahın mərhəmətindən asılıdır. O həm arzulayan və şəhvətli bədən, həm də əbədiyyətə qovuşmaq istəyən candır. Bax insan təbiətinin ziddiyyətliliyi və çoxtərəfliliyi səbəbindən onun özü tərəfindən dərk edilə bilmir. Yalnız İlahi vəhydə insanın gerçək mahiyyəti aşkarlanır. Bu dövr fəlsəfəsinin görkəmli nümayəndəsi Müqəddəs Avqustinin təliminin bütövlükdə Platon fəlsəfəsindən qidalandığı kimi, onun insan konsepsiyası da eyni mənbədən qidalanır. İnsan bir-birindən asılı olmayan can və bədəndən ibarətdir. Lakin, insanı insan edən məhz onun canıdır. Can insanın məxsusi, immanent substansiyasıdır. Avqustindən fərqli olaraq Foma Akvinalı insan haqqında xristian təlimini əsaslandırmaq üçün Aristotel fəlsəfəsindən istifadə etmişdir. Fomaya görə insan heyvanla mələk arasında aralıq vücuddur. O can və bədənin vəhdətidir. Lakin bədənin "mühərriki" candır və insanın mahiyyətini də can müəyyənləşdirir. Avqustinin əksinə olaraq Foma belə hesab edir ki, can və bədən heç də bir-birindən müstəqil mövcud deyillər. İnsan onların hər ikisinin şəxsi vəhdətidir. Can qeyri-maddi substansiyadır, bununla belə özünün son gerçəkləşməsini bədən vasitəsilə əldə edir. İntibah dövrünün insan fəlsəfəsi yeni iqtisadi münasibətlərin, elmi biliklər və humanizm adı almış yeni mədəniyyətin təsiri altında formalaşır. Əgər Orta əsrlərin teoloji fəlsəfəsi insan problemini dini-mistik planda həll edirsə, İntibah fəlsəfəsi insana dünyəvi aspektdə baxır və bu əsaslarda da insan problemini həll edir. Bu dövr fəlsəfəsinə humanizm və antroposentrizm üzvi surətdə xasdır. Ümumiyyətlə, İntibah fəlsəfəsi humanizm pafosu, insanın azadlığı və onun hüdudsuz imkanlarına inamla səciyyələnir. Yeni dövr fəlsəfəsinin insan konsepsiyası daha çox onun zəkalılığına əsaslanır. Məlum olduğu kimi Yeni dövr rasionalizminin, xüsusi halda antropoloji rasionalizminin banisi R.Dekartdır. Onun fikirlərinə görə insan mövcudluğunun yeganə səhih göstəricisi təfəkkürdür. Bu isə onun məşhur "Cogito ergo sum" ("Fikirləşirəmsə deməli mövcudam") tezisindən alınır. Bundan əlavə filosofun insan haqqında təlimində can və bədənin antropoloji dualizmi müşahidə edilir. Can və bədən müxtəlif keyfiyyətli substansiya kimi nəzərdən keçirilir. Dekarta görə bədən özünəməxsus maşındır. Əgər şüur bədənə təsir göstərirsə, o həm də əks təsirə məruz qalır. İnsan problemi klassik alman filosoflarının da diqqətindən yayınmamış, artıq yuxarıda deyildiyi kimi, bu fəlsəfəçilik tipinin banisi İ.Kant insan problemini fəlsəfi tədqiqatın episentrində qoymuşdur. Dekart kimi Kant da antropoloji dualizm mövqeyində durur. Lakin onun dualizmi can və bədənin dualizmi yox, əxlaqi-təbii dualizmdir. Kanta görə insan bir tərəfdən təbii zərurətə, digər tərəfdən isə əxlaqi azadlıq və mütləq dəyərlərə aiddir. Hissi təzahürlər dünyasının tərkib hissəsi kimi o, zərurətə tabedir, mənəviyyat daşıyıcısı kimi isə azaddır. Lakin Kant insanın əxlaqi fəaliyyətinə böyük rol verir. Kant insanı azad və müstəqil başlanğıc və eyni zamanda özünün nəzəri və praktiki fəaliyyətinin qanunvericisi qismində təsdiqləməyə cəhd edir. Bu zaman davranışın əsas prinsipi qəti imperativ olmalıdır. Qəti imperativ --formal daxili əmr, tələbdir. Bu əmr, tələb isə belə bir müddəaya əsaslanır ki, şəxs özü üçün məqsəd və özünəkafidir. Ona görə də insana hətta ən ali niyyətin belə gerçəkləşməsi üçün vasitə kimi baxıla bilməz. Kant belə hesab edir ki, "insan təbiətinə görə şərdir". Lakin, bununla belə o xeyrə meylliliyə də malikdir. Əxlaqi tərbiyənin vəzifəsi isə həmin meyllərin, insana öncədən xas olan şərə meyllilikdən üstün olmasına kömək etməkdir. Şərin öncəki üstünlüyünə baxmayaraq, xeyir nişanəsi özünü insanları saran günah hissi vasitəsilə göstərir. Ona görə də, Kant belə hesab edir ki, insan əxlaqın əsasını təşkil edən "günah hissindən azad deyil". Kanta görə hər şeydə haqlı olan, həmişə vicdanı sakit olan insan əxlaqlı ola bilməz. İnsanın digər vücudlardan əsas fərqi --özünüdərkdir. Bu faktdan həm də təbii xassəsi kimi eqoizm alınsa da, filosof hansı formada təzahür etməsindən asılı olmayaraq eqoizmin əleyhinə çıxır. Hegelin insan konsepsiyası, elə onun bütün fəlsəfi sistemi kimi rasional əhval-ruhiyyəlidir. İnsanın heyvanlardan əsas fərqi ilk növbədə insana insaniliyini anladan təfəkkürüdür. O, ciddi cəhdlə insanı mənəvi fəaliyyətin subyekti və ümuməhəmiyyətli ruh və zəkanın daşıyıcısı kimi təsvir edir. Fərddən fərqli olaraq şəxsiyyət insanın özünü "sonsuz, ən ümumi və azad" vücud kimi dərkindən başlayır. Sosial planda onun təlimi metodoloji və sosioloji kollektivizmi, yəni sosial bütövün fərd üzərində üstünlüyü prinsipini ifadə edir. **3.İnsanın mənşəyi.** Müasir elmdə ən mübahisəli, hələ də dəqiq həllini tapmamış problemlərdən biri də insanın mənşəyi və yaxud antropogenez problemidir. Hal hazırda üç əsas antropogenez nəzəriyyəsi, yəni insanın mənşəyi haqqında üç nəzəriyyə mövcuddur: **kreasionizm, təkamülçülük, kosmizm.** a)Kreasionizm ən qədim nəzəriyyədir. Bu nəzəriyyəyə görə insan fövqəltəbii mövcudluq tərəfindən yaradılıb. Kreasionizm mahiyyətcə dini təlimdir. Məsələn, xristianlığa görə insan Allah tərəfindən bir anda, "Allaha bənzər və Onun surətinə" əsasən yaradılıb. b)Təkamül nəzəriyyəsinə görə insan qədim meymunabənzər əcdadlarından yaranıb. İnsanın yaranma prosesi irsiyyət, dəyişkənlik və təbii seçmə qanunlarının təsiri altında getmişdir. Təkamül nəzəriyyəsi genişləndirilmiş şəkildə Ç.Darvin tərəfindən hazırlanıb. c)Kosmik nəzəriyyəyə görə insan özgə planetdən gəlmədir. İnsan ya yerdənkənar vücudların birbaşa nəslindəndir, ya da yerdənkənar zəkaların eksperimentlərinin məhsuludur. İnsanın mənşəyi haqqında hər üç nəzəriyyənin sintezi kimi çıxış edən baxışlar da mövcuddur. Məsələn, bəzi dini əhval-ruhiyyəli alimlər fərz edirlər ki, təbii (təkamül) seçmə prosesində insan bədəni dəyişikliyə məruz qalmış, can (zəka, əxlaq və s.) insana onun hansısa inkişaf mərhələsində verilmişdir. Mistik təlimlərdə insanın kosmik təkamül qanunlarının qarşılıqlı təsiri və "dünyəvi kosmik zəkanın" fəaliyyətinin nəticəsində inkişafı haqqında danışılır. İnsanın bütöv obrazını yaradan fəlsəfə müxtəlif elmlərin verdiyi biliklərdən istifadə edir. Antropogenez probleminə baxışların müxtəlifliyinə baxmayaraq alimlərin çoxu bir sıra bioloji və arxeoloji məlumatlarla təsdiqlənən təkamül nəzəriyyəsinə üstünlük verirlər. Biokimyəvi genetik tədqiqatlara əsaslanan alimlər insanın ulu əcdadı olan insanabənzər meymunların təqribən 5-10 mln. il əvvəl yaşadığını fərz edirlər. 2002-ci ildə Çad gölünün ətrafında aparılan qazıntılar zamanı həm insana, həm də meymuna oxşayan, yaşı isə təqribən 7 mln. olan insanabənzər vücudun kəllə sümüyü tapılmışdır. Tapılmış vücud **"Çadlı saxelantrop"** (Sahelantropus tchadensis) adlandırılmışdır. Saxelantropun düzyeriyən olması fərz edilir. Lakin bəzi antropoloqlar qazıntıdan əldə edilmiş məlumatların azlığı səbəbindən onun insanabənzər deyil, meymunabənzər vücud olmasını iddia edirlər. **Avstralopitek** (lat. australis --cənub və yun. pithekos -meymun). Afrika ərazisində 4,2 -- 1 mln. il bundan əvvəl yaşamış avstralopitek insan əcdadına ən yaxın canlı hesab edilir. Bədəni tüklü olan avstralopitek xarici görkəminə görə insandan daha çox meymuna bənzəmişdir. Lakin, o artıq iki ayağı üzərində gəzmiş və əlin böyük barmağının inkişafdan qalması səbəbindən müxtəlif əşyalardan istifadə etmişdir. Onun bədəninə nisbətdə beyninin həcmi insan beyni ilə müqayisədə kiçik olsa da, müasiri olan insanabənzər meymunların beynindən böyük olmuşdur. **Bacarıqlı insan** (Homo habilis). Bu insan növünün ilk nümayəndəsi olub bəsit daş alətlər düzəldə bilmişdir. Onun beyni avstrolipitekin beynindən böyük olmuşdur. Beynin bioloji xüsusiyyətləri isə onda elementar nitqin olmasından xəbər verir. Digər göstəricilərinə görə isə o, müasir insana yox, avstralopitekə bənzəmişdir. **Düzyeriyən insan** (Homo erektus) daha mürəkkəb alətlər düzəltmiş və oddan istifadəni bacarmışdır. Onun beyninin həcmi müasir insan beyninin həcminə yaxındır. Düzyeriyən insan kollektiv fəaliyyəti (məsələn, iri heyvan ovunu) təşkil etməyi bacarmış və nitqdən istifadə etmişdir. Təqribən 200 və 500 min illər arasında düzyeriyən insandan zəkalı insana keçid müşahidə edilmişdir. Bir növün digəri ilə əvəzlənməsinin dəqiq tarixini müəyyənləşdirmək kifayət qədər çətindir. Ona görə də bu keçid dövrünün nümayəndələrini bəzən qədim zəkalı insan adlandırırlar. **Ağıllı insan (Homo Sapiens).** Nəhayət yeni zəkalı insan, daha doğrusu müasir tipli insan təqribən 130 min il əvvəl (bəlkə də çox) Afrikada meydana gəlib. Qazıntılardan əldə edilmiş məlumatlar göstərir ki, bu növ sürətlə Asiya və Avropaya yayılmışdır. "Yeni insanları" onların tapıldığı qazıntıların aparıldığı yerə uyğun olaraq Kramanyonlar (Fransa, Kro-Manyon) adlandırmışlar. Kramanyonlar zahiri görünüşcə müasir insanlardan fərqlənmişlər. Zəkalı insan təqribən 10-15 min il əvvəl bütün Yer kürəsini məskunlaşdırıb. Tədricən onun həyat təcrübəsi artmış, əmək alətləri təkmilləşmiş, insanlar istehsaledici təsərrüfata (əkinçilik və maldarlıq) keçmişlər. Göstərilən dövrdə nəhəng yaşayış məskənləri yaranmış və bir çox regionlarda bəşəriyyət sivilizasiya dövrünə qədəm qoymuşdur. Bütövlükdə, əsas antropogenez amillər iki qrupa bölünür və aşağıdakı kimi müəyyənləşdirilir: ***Bioloji amillər:*** düzyerimə, əllərin inkişaf etməsi, böyük beyin, nitq qabiliyyəti. ***Fəaliyyət forması:*** əmək, kollektiv fəaliyyət, təfəkkür, dil və ünsiyyət, əxlaq. Belə hesab edilir ki, insanın əmələgəlmə prosesində əmək digər amillərlə müqayisədə aparıcı rola malikdir. Əməyin timsalında digər bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi dəqiq aşkarlanır. Məsələn, düzyerimə əlləri əmək alətləri düzəldilməsi üçün azad edir. Əllərin quruluşu (inkişafdan geri qalan baş barmaq, çeviklik) ondan səmərəli istifadəyə şərait yaradır. Birgə əmək prosesi kollektiv üzvləri arasında sıx münasibətlərin yaranmasına gətirir ki, bu da öz növbəsində: fərdiyyətçiliyin cilovlanmasına, tayfa üzvlərinə qayğı ilə yanaşmağa (tabu və normalar sistemi), ünsiyyətin zəruriliyinə (nitqin yaranması) gətirmişdir. Dil təfəkkürün inkişafına yardımçı olmuş, daha mücərrəd anlayışları ifadə etməyə imkan vermişdir. Təfəkkürün inkişafı da öz növbəsində dili yeni sözlərlə zənginləşdirmişdir. Dil həmçinin bəşər övladının biliklərini qoruyub saxlamaq və çoxaltmaqla təcrübənin nəsildən-nəslə ötürülməsinə kömək etmişdir. Beləliklə, bioloji amillər və sosial fəaliyyət formaları sıx qarşılıqlı əlaqədə olub biri digərindən asılıdır. İnsanı bütövlükdə sırf bioloji amillərə müncər etmək olmaz. Çünki, insanı əsl insan edən yalnız cəmiyyətdir (bunun təsdiqi heyvanlar tərəfindən böyüdülmüş uşaqlardır). Lakin, onu həm də sırf ictimai münasibətlərə də gətirmək olmaz. Ona görə ki, insanın inkişafı üçün bioloji zəmin (inkişaf etmiş beyin, düzyerimə və s.) də zəruridir. deməli insan eyni zamanda iki dünyada --təbii və sosial dünyada yaşayır və o biososial mövcudluqdur. **4.İnsanın təbiəti və mahiyyəti.** İnsanın təbiəti dedikdə onu digər canlılardan fərqləndirən xüsusiyyət və əlamətlərin məcmusu başa düşülür. Belə əlamət və xüsusiyyətlər çoxsaylı ola bilər. İnsanın mənşəyi haqqında danışdıqda onlardan əsas olanlarını artıq sadaladıq: zəka, əmək qabiliyyəti, kollektiv fəaliyyət, dil, əxlaq və s. Bir çox hallarda bu siyahıya yaradıcılıq, azadlıq, mənəviyyat, inam, təxəyyül və fantaziya, gülüş, öz faniliyinin dərki və bir sıra səciyyəvi insani xüsusiyyət və keyfiyyətlər əlavə edilir. Bu keyfiyyətlər siyahısının səciyyəvi xüsusiyyəti: ***-qeyri-bitkinlik*** (natamamlıq): bu onunla izah olunur ki, insan təbiəti o qədər mürəkkəb, ziddiyyətli və çoxobrazlıdır ki, onun keyfiyyətlərini tam axıra qədər sayıb qurtarmaq olmaz; ***-qeyri-summativlik:*** insan özünün keyfiyyətlərinin sadə cəminə gətirilə bilməz. Bununla əlaqədar antik fəlsəfə tarixçisi Diogen Laertinin "Məşhur filosofların həyatı, təlimi və kəlamları" adlı əsərində əksini tapmış maraqlı fakta diqqət yetirək. Platon insana populyarlıq qazanmış tərif verir: "İnsan iki ayaqlı, lələksiz heyvandır". Platonun əbədi tənqidçisi Diogen Sinoplu isə xoruzun lələklərini yolur və hamıya göstərərək deyir: "Baxın, bu Platonun insanıdır". İnsanın mahiyyəti dedikdə isə insanın daxili məzmununu, onun "dərin nüvəsini" müəyyənləşdirən əsas keyfiyyətlər başa düşülür. Müxtəlif fəlsəfi təlimlərdə insan mahiyyəti ya bioloji və ya sosial başlanğıca, ya da zəka, təfəkkür və ya "İlahi bənzərliyə" və s. gətirilir. İnsanın mahiyyət müəyyənliyinə aid bəzi yanaşmaları nəzərdən keçirək. **Zoon politikon:** siyasi və ya ictimai heyvan. İnsanın mahiyyəti haqqında danışan Aristotel əsas diqqəti onun zəkasına, öz faniliyini dərk etməsinə, xeyir və şər anlayışlarını qavramasına, gülmək bacarığına diqqəti yönəldir. Lakin, o belə hesab edir ki, insanın dərin mahiyyəti onun "birlikdə yaşayışa" olan tələbatındadır. İnsan öz mahiyyətini yalnız sosial həyatda, cəmiyyətin (dövlətin) digər üzvləri ilə təsərrüfat, siyasi, mədəni münasibətlər qurmaqla müəyyənləşdirir. K.Marks da yazdığı əsərlərində insanın ictimai mahiyyətinə xüsusi əhəmiyyət vermişdir: "İnsanın mahiyyəti ayrıca fərdə məxsus olan mücərrədlik deyil. Öz gerçəkliyində o, bütün ictimai münasibətlərin məcmusudur". Bu nöqteyi-nəzərdən yanaşdıqda insan ictimai vücuddur. Lakin, bu heç də o demək deyil ki, insan cəmiyyətdə "ərimiş", fərdiyyətçiliyini tam itirmişdir. İnsan təkcə cəmiyyətin məhsulu yox, həm də cəmiyyətin özü insan fəaliyyətinin məhsuludur. **Homo Sapiens:** ağıllı insan. İnsanın mahiyyətini onun zəkasında axtaran bu yanaşma da Aristotelə məxsusdur. Yeni dövrdə isə bu yanaşma hamı tərəfindən birmənalı olaraq qəbul edilir və mütləqləşdirilir. Məsələn, R.Dekart insanı "fikirləşən əşya" adlandırmış, bioloji təsnifat meydana gəldikdən sonra Homo Sapiens ifadəsi müasir insan növü üçün standart işarəyə çevrilmişdir. Deməli, insanın kövrək vücud olmasına baxmayaraq bu nəhəng dünyada o, özünün məntiqi fikirləşmək qabiliyyəti, özünü və ətrafındakı dünyanı qavramaq qabiliyyəti ilə heyvanlar səltənətindən ayrılmışdır. **Homo faber:** yaradıcı insan. XIX əsrin sonlarında Yeni dövr filosoflarının zəkaya dünyanın əsası və insanın mahiyyəti kimi imanı əhəmiyyətli dərəcədə zəifləyir. Holland kulturoloqu Y.Heyzinqa (1872-1945) bu haqda yazırdı ki, biz artıq möhtəşəm XVIII əsrin bizə təlqin etdiyi Zəkadan uzaq düşmüşük. Ona görə də biz Homo Sapienslə yanaşı, həm də Homo faber --yaradıcı insanlarıq. Heyvanlardan fərqli olaraq insan fəal olaraq istehsal edir, yaradır, qurur, həm də onun fəaliyyəti məqsədyönlüdür, dəyərə malik olub yaradıcı təşkil edilmişdir. Yaradıcılıq insanın mahiyyət keyfiyyəti olub, onu daha əhatəli təsvir edir. Çünki, yaradıcılıq prosesi təkcə zəkaya deyil, həm də təxəyyülə, intuisiyaya, fantaziyaya, dəyər və hisslərə, həmçinin əmək fəaliyyətinə əsaslanır. Quruculuq insanın gerçəkləşdirdiyi rəngarəng fəaliyyətin əsasıdır: istehsal, tərbiyə, təhsil, siyasət və s. Bu anlamda insan yalnız və yalnız ilk bəsit əmək alətləri yaradarkən əsl insan olmuşlar. Alətlərin təkmilləşdirilməsi --daş ərsinlərdən tutmuş kompüterə qədər --insanı, bir çox hallarda onun həyatını müəyyənləşdirən əlahiddə süni ətrafını yaratmışdır. Belə demək olar ki, müasir insan yaradıcısı olduğu texnika və mədəniyyət dünyasında yaşayır. **Homo ludens:** oynayan insan. Bu təyin də Y.Heyzinqaya məxsusdur. O belə hesab etmişdir ki, insanın mədəni fəaliyyətinin bütün növləri --o cümlədən ədalət məhkəməsi, müharibə, fəlsəfə, incəsənət və s. --oyunsuz olmur. Mədəniyyət oyundan yaranır, onda insan mövcudluğunun xüsusi simvolik sferası yaranır. İnsanı əməkdən daha çox, asudə oyun prosesi yaratmışdır. İnsan məhz oyunda hamı üçün ümumi qaydaları könüllü qəbul edərək öz fantaziyasını gerçəkləşdirə, təxəyyülünü inkişaf etdirə, bədii dəyərlər yarada, digərləri ilə ünsiyyət qura bilər. Başqa sözlə desək yalnız oyunda insan heyvani yaşantının dar çərçivəsindən çıxaraq gerçək və rəngarəng, həqiqi insan həyatına daxil olmuşdur. **Homo religiosus:** mömin insan. Bu yanaşmada insan ilk növbədə "Allahın oxşarı və surətində" başa düşülür. Belə yanaşma Əhdi-ətiqdə əksini tapmış "Sonra Allah dedi: "Öz surətimizə və bənzərimizə görə insanı yaradaq"\... Allah insanı Öz surətində yaratdı" kəlamlarından qaynaqlanır. Xristian təsəvvürlərinə görə insan xeyir və şər arasında seçim etməyə qadir olan azad vücuddur. İnsanın məqsədi və özünügerçəkləşdirməsi xeyirə, yəni Allaha doğru hərəkətdir. Deməli, insanın mahiyyəti inamda təzahür edir. İnamsızlıq və şər insanı öz mahiyyətindən uzaqlaşdıran yoldur. Yuxarıda təsvir edilmiş insanın mahiyyət müəyyənlikləri ilə bərabər, digər populyar yanaşmalar da mövcuddur: "simvolik heyvan" (Ernst Kassirer), "arzulayan insan" (Ernst Blox), "ünsiyyət quran insan" (Norbert Viner), "darıxan insan" (Martin Haydegger) və s. İnsan mahiyyətinin uğurlu və uğursuz təsvirlərindən asılı olmayaraq, onun tam təyinini vermək mümkünsüzdür. İnsanın mahiyyəti və təbiəti o qədər dərin və çoxtərəflidir ki, onun prinsipial qeyri-müəyyənliyi və təyinolunmazlığı haqqında danışmaq olar. Bu mənada böyük rus yazıçısı F.M.Dostoyevskinin insanın mahiyyəti haqqında fikiri məqbul görsənir: "İnsan --sirrdir". **5.Fərd, fərdiyyət, şəxsiyyət.** İnsan haqqında fəlsəfi düşüncələrdə fərd, fərdiyyət və şəxsiyyət anlayışlarından geniş istifadə edilir. Bu anlayışların hər biri insan təbiəti və mahiyyətinin ən müxtəlif cəhətlərinə işıq salır. ***Fərd*** insan nəslinin istənilən nümayəndəsidir. Qeyd etmək zəruridir ki, əksər Avropa dillərində, o cümlədən rus dilində bu anlayış "individ" adlanıb dilimizə "bölünməz" kimi tərcümə edilir. Yəni, əgər cəmiyyət bütöv sosial varlıq kimi götürüldükdə, fərd sosial varlığın atomları, ən kiçik zərrəciyidir. Fərd haqqında danışdıqda insanın ən ümumi səciyyəsi nəzərdə tutulur və onun xüsusiyyətləri nəzərə alınmır. Kütlənin belə, şəxssizləşdirilmiş nümayəndəsi kimi götürülən insan sosioloji sorğularda, iqtisadi nəzəriyyələrdə, insan orqanizminin bioloji xüsusiyyətləri haqqında düşüncələrdə iştirak edir. İbtidai cəmiyyətlərdə insan istisnasız olaraq fərd kimi qavranılmışdır. İbtidai cəmiyyətdəki fərd-insanın digəri ilə istənilən bənzərsizliyi, qeyri-ənənəvi davranışı şübhə doğururdu: hamı konkret tarixi zamanda müqəddəs sayılan və min illər ərzində uğurlu yaşayışı təmin edən ənənələr çərçivəsində hərəkət etməli idi. Eyni zamanda hər bir yenilik, orijinallıq nəslin həyatını təhlükə altında qoya bilərdi. Qeyd edək ki, oxşar hala müasir dövrdə də rastlaşmaq mümkündür. Hamı üçün vahid qaydalar müəyyənləşdirən totalitar rejimlərdə, uğur ideologiyası və reklamın formalaşdırdığı şəxssiz (simasız da demək olar) istehsalçı və istehlakçıların kütləvi cəmiyyətində də istənilən müstəqillik boğulur. İnsanının xüsusi, təkrarolunmaz xassələrini işarələmək üçün ***"fərdiyyət"*** anlayışından istifadə edilir. Fərdiyyət --bir insanı digərindən fərqləndirən təkrarolunmaz xüsusiyyətlərin məcmusudur. Hansısa xüsusi keyfiyyəti sayəsində ümumi kütlədən fərqlənən, seçilən insanı da fərdiyyət adlandırmaq olar. İnsanlar artıq bioloji səviyyədə bir-biriləriundən fərqlənirlər. Məsələn, barmaq izləri eyni olan iki insan tapmaq mümkün deyil. Hər bir insan onun fiziki və hətta psixoloji quruluşunun müəyyən xüsusiyyətlərini şərtləndirən genlərin xüsusi birləşməsinə malikdir. Psixi planda insanları bir-birindən onların temperamenti fərqləndirir. Artıq antik dövrdə insanları temperamentə görə dörd qrupa ayırmışlar: ***xolerik, melanxolok, fleqmatik, sanqvinik.*** Xoleriklər güclü və parlaq hisslərə malik olurlar. Onlar coşqun, həyəcanlı, daha çox əsəbi insan kimi səciyyələnirlər. Melanxoliklər isə əksinə, nadir hallarda həyəcanlanırlar, özünüdüşünməyə meyllidirlər. Fleqmatiklər sakit, astagəl, apatikdirlər. Sanqviniklər təmkinli, həyatsevər, dəyişkən hissli olub yeni şəraitə çətinliklə uyğunlaşırlar. İnsanın sosial keyfiyyətləri (baxışlar, qabiliyyətlər, tələbatlar, maraqlar, əxlaqi görüşlər və s.) aspektində götürülmüş fərdi səciyyələndirmək üçün şəxsiyyət anlayışından istifadə edilir. ***Şəxsiyyət*** --insanın şüur və fəaliyyətinin fərdi xüsusiyyətlərində ifadə olunmuş intellektual, sosial-mədəni və əxlaqi-iradəvi keyfiyyətlərinin dinamik, nisbi dayanıqlı bütöv sistemidir. Şəxsiyyətin təbii əsaslarını onun bioloji xüsusiyyətləri təşkil etməsinə baxmayaraq, onun inkişafının həlledici amillərini (mahiyyət əsaslarını) təbii keyfiyyətləri yox, sosial əhəmiyyətli keyfiyyətləri müəyyənləşdirir. Şəxsiyyət üçün öz davranış motivlərinin dərki, özünügerçəkləşdirmə, fərdi qabiliyyətlərin aşkarlanmasına istiqamətlənmiş şüur və iradənin daim işlək olması səciyyəvidir. Şəxsiyyətin sosial keyfiyyətləri onun fəaliyyəti, davranışı, digər insanlara münasibətində aşkarlanır. Daxildən gələn davranışlar, həmçinin anket, test və introspeksiya (özünümüşahidə) vasitəsilə insanın daxili aləmi, onun mənəvi və əxlaqi keyfiyyətləri haqqında bəlli dərəcədə mühakimə yürütmək olar. Bu nəinki şəxsiyyətin sosial keyfiyyətlərinin obyektiv dərkinə imkan yaradır, həmçinin onlara formalaşdırıcı təsir göstərir. "Şəxsiyyət" anlayışı insanı sosial münasibətlərin fəal subyekti kimi səciyyələndirir. Bununla birlikdə hər bir insan fəaliyyətin təkcə subyekti yox, həm də obyekti, əmək bölgüsundən, fərqli ideologiya və psixologiyaya malik sinif və ya sosial qrupa məxsusluğundan irəli gələn rolların məcmusudur. Şəxsiyyətin sosial ətraf, tərbiyə və özünütərbiyə ilə formalaşan dünyagörüşü onun ən mühüm keyfiyyətidir. Dünyagörüşü şəxsiyyətin bütün sosial əhəmiyyətli qərar və davranışlarının yönümünü və xüsusiyyətlərini əhəmiyyətli dərəcədə öncədən müəyyənləşdirir. **6.İnsan həyatının mənası.** İnsan həyatının mənası haqqında suallar lap qədim dövrlərdən təkcə filosofların deyil, adi insanların da cavablandırmağa çalışdığı əbədi suallar kateqoriyasına daxildir. Hər bir bəşər övladı gec və ya tez bu sualı ilk növbədə özünə ünvanlayır: o nə üçün yaşayır, yaşadığı həyatın mənası varmı? Sualın cavabı isə heç də onun sırf şəxsi işi deyil. Veriləcək cavab ətraf insanların da maraqlarına əhəmiyyətli dərəcədə toxunur. Çünki hər bir insanın öz həyatının mənasını necə anlamasından onun davranışı, yaxın və uzaq insanlara, ailə və daxil olduğu kollektivə münasibəti bilavasitə asılıdır. Onu da qeyd edək ki, insanın həyatın mənasını necə anlaması onun əxlaqı ilə qarşılıqlı əlaqəlidir. Burada böyük Azərbaycan maarifpərvər yazıçısı Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsini xatırlamaq yerinə düşür. Pyesin baş qəhrəmanlarından biri Nəcəf bəyin həyat amalı belədir: "Dünya beş günlükdür, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, bu beş qara günü ləzzəti damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi yıxılmış öz qazandığını yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur". Nəcəf bəyin həyatın mənasını belə anlaması onun özünün də, ailəsinin də faciəsinə səbəb olur. Fəlsəfə tarixi insan həyatının mənası haqqında suallara vahid, birdəfəlik cavab verməmişdir. Müxtəlif fəlsəfi ənənələrdə, cərəyan və sistemlərdə məkan və zamandan, filosofun şəxsi keyfiyyətləri kimi amillərdən asılı olaraq sual elə müxtəlif cür də cavablandırılmışdır. Bununla belə, insan həyatının mənasının aşkarlanmasına istiqamətlənmiş yanaşmaları dörd qrupa bölmək olar: ***pessimist, naturalist, avtoritar, subyektivist.*** Hər yanaşmanı ayrılıqda nəzərdən keçirək. **Pessimist yanaşma.** Bu insan həyatının mənasının axtarışlarında istifadə edilən ən qədim yanaşmadır. Pessimist yanaşma həyatı tənhalıq, qorxu və iztirablar dünyasında faciə kimi nəzərdən keçirir. Əhdi-ətiq əslində pessimizmin klassik nümunəsidir. Əhdi-ətiqə daxil olan Vaiz kitabında yazılır: "Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir. Vaiz deyir: Hər şey puçdur, puçdur, tamam puçdur! İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin nə faydası var?\...Onun bütün günləri dərd içində, işləri kədər içində keçir". Buddizm isə ilk və əzəmətli həqiqət olaraq bəyan edir ki, həyat sonsuz iztirabdır. Bu daim təkrarlanan iztirablara yalnız nirvana --şəxsi "Mənin" itirilməsi yolu ilə əldə edilən bəxtiyarlıq qalib gələ bilər. XIX-XX əsrlərdə pessimist əhval ruhiyyə irrasionalist fəlsəfə çərçivəsində öz apogeyinə çatır. A.Şopenhauer hesab edir ki, insan əbədi qorxu içərisində, "taleyin ona hansı bədbəxtlik hazırladığını --xəstəlik, yoxsulluq, şikəstlik, korluq, dəlilik --bilmədən" yaşayır. İrrasionalizmin digər nümayəndəsi Nikolay Hartman(1842-1906) hesab edirdi ki, bədbəxtliyin mənbəyi əslində illüzor (xəyali) olan xoşbəxtlik istəyidir. Ona görə də iztirablardan qurtulmağın yolu arzuların boğulmasıdır. Həm Şopenhauer, həm də Hartmana görə faciəvi dünyadan uzaqlaşmağın yeganə rolu arzulardan, məmnunluqdan, hissi həzdən imtina --buddist nirvanaya yaxın olan dinclikdir. Ekzistensialistlər də həyatı oxşar şəkildə təfsir edir, həyatın əsasının qayğı, həyəcan, qorxu olduğunu bildirirlər. Bu cərəyan nümayəndələrinin humanizm və yaradıcı özünüifadəyə çağırmalarına baxmayaraq, belə hesab edirdilər ki, heç bir cəhd faciəvi dünyanı dəyişməyə qadir deyil --bu cəhdlər yalnız "Sizif əməyidir". Müasir postmodern fəlsəfə nəinki həyatın mənası olmasını, hətta bütövlükdə mənanın özünü inkar edir, ifrat nəticələrə gəlirlər. Onlara görə dəyər mövcud deyil, həyatın yeganə modusu ironiyadır (istehza) --xaotik dünyaya tənqidi baxışdır. Zəruri qeyd edək ki, pessimist olub-olmamaq hər kəsin öz seçimidir. Lakin unutmaq olmaz ki, həyatda faciəviliklə yanaşı həzz də, xoşbəxtlik də, uğur və rifah da mövcuddur. **Naturalist yanaşmaya** görə həyatın mənası həyatın öz təbii qanunlarından çıxarılır --həyatın mənası həzzə (***hedonizm***), xoşbəxtliyə (***evdemonizm***), faydaya ***(utilitarizm)*** canatımdır. ***Hedonist ənənə*** iztirablardan qaçmağa və həzz almağa gətirilir. Demokritə görə həzz --"evtümiya" --ruhun şad və dinc vəziyyətidir. Epikür isə hesab edirdi ki, həzz mənəvi məmnunluq --müdriklik, dinclik, dostlarla ünsiyyət və mənasız hissi arzulardan imtinadır. Lakin, sonradan Epikürün bəzi ardıclıları "hedonizm" və "epikürçülüyü" eyniləşdirmiş və onu hissi həzz və cismani məmnunluq ardınca qaçmağa bərabər tutmuşlar. ***Evdemonist** ənənə* xoşbəxtliyi həyatın aparıcı prinsipi bəyan edir. Fəlsəfi fikirdə xoşbəxtliyi həzzin bir növü kimi təfsir edən nəzəriyyələr mövcuddur (Aristotel). Bu halda evdemonizm hedonizmin xüsusi halına çevrilir. Bəzi nəzəriyyələrdə isə həzz məmnunluq kimi, xoşbəxtlik isə insan və cəmiyyətin imkanlarının yaradıcı gerçəkləşməsi kimi başa düşülür. ***Utilitarist ənənə*** insan fəaliyyətinin əsas məqsədini həm maddi, həm də mənəvi planda faydada, qazancda görür. Naturalist nəzəriyyələrin ümumi icmalından onda bəzi zəifliklərin olması aydın görsənir. Birincisi, həm xoşbəxtlik, həm həzz, həm də fayda, qazanc insan həyatının möhkəm və əxlaqi əsası ola bilməz. Çünki onlar daha çox eqoist səciyyəlidir və digərlərinin bədbəxtliyi üzərində qurulur. İkincisi, naturalist yanaşmada insan öz arzularının azad ifadəçisi yox, daha çox onların quludur. Üçüncüsü, xoşbəxtlik, həzz, fayda və qazanc subyektiv kateqoriyalardır və hər bir ayrıca fərd tərəfindən fərqli başa düşülür ki, bu da onların müəyyənləşdirilməsində vahid və bütöv prinsipin tapılmasını mümkünsüz edir. **Avtoritar yanaşma** həyatın mənasının müəyyənləşdirilməsində naturalist yanaşmada meydana çıxmış qüsurları aradan qaldırır. Burada həyatın mənası həm fərdi, həm də bütövlükdə həyatın çərçivələri kənarına çıxarılır və mütləq dəyərlərə əsaslanır (Allah, İdeya). Rus filosofu S.L.Frank "Həyatın mənası" əsərində problemi ətraflı şərh edərək belə nəticə çıxarır: "Allah-İnsan Məsih\... bizim üçün "yol, həqiqət və həyatdır" və məhz buna görə bizim həyatımızın əbədi və pozulmaz mənası var". Qeyd edək ki, hər bir dini fəlsəfə də bu nəticəyə gəlir. İnanclı insan üçün həyatın mənası aydındır və sübuta ehtiyacı yoxdur: bu, İlahi əxlaqi qanunlara uyğun həyata və Allaha doğru canatımdır. **Subyektiv yanaşma.** Yuxarıda təhlil edilmiş yanaşmalarda həyatın hamı üçün ümumi olacaq mənası axtarılır. Subyektiv yanaşma isə həyatın mənasını ayrıca insan və onun məqsədlərində axtarır. Avstriya psixoloqu Viktor Frankl (1905-1997) oxşar məna axtarışının üç əsas istiqamətini göstərir: yaradıcılıq (yaratma və özünüyaratma), təəssürat (gözəllik, xeyir, həqiqətdən vəcdə gəlmək) və münasibət (dünyanın optimist qavranılması). İnsan öz həyat yolunu seçməkdə azaddır. O səhv və uğursuzluqdan sığortalanmayıb. Etika isə insana məna axtarışlarında yalnız təqribi istiqamətlər göstərə bilər. Həyatın mənasını hazır şəkildə əldə etmək üçün onu yaşamaq və bir çox çətinliklərə sinə gərmək lazımdır. **II. Cəmiyyət.** Sosial-fəlsəfi ədəbiyyatlarda cəmiyyətə aşağıdakı kimi tərif verilir: **Cəmiyyət** --yaşayış ərazisi, dövr, ənənə və mədəniyyət eyniliyi ilə birləşmiş insanların həyat və fəaliyyət sistemidir. Cəmiyyətin digər bir tərifini də vermək olar: **Cəmiyyət** --obyektiv gerçəklik, daxili struktura, bütövlüyə, qanunlara, inkişafa istiqamətliliyə malik varlığın mövcudluq forması, obyektiv gerçəklikdir. İctimai varlıq obyektiv və subyektiv olaraq iki cəhətə malikdir: - **obyektiv**--insanların şüur və iradəsindən asılı olmadan mövcud olan hər şey (həyat şəraiti, insanın tələbatları, maddi istehsalın vəziyyəti və s.); - **subyektiv** --insanların şüuru və iradəsi, onların cəmiyyətə münasibəti, baxışları, cəhdləri. Cəmiyyətin inkişafına, bütövlükdə taleyinə həm onun mövcudluğunun obyektiv, həm də subyektiv cəhətləri təsir göstərir. Cəmiyyət mürəkkəb sistem olub, altsistemlərə bölünür. Cəmiyyətin altsistemləri həm də cəmiyyət həyatının əsas sferaları da adlanır. Sosial-fəlsəfi ədəbiyyatlarda cəmiyyətin əsas dörd sferası fərqləndirilir: - iqtisadi; - sosial; - siyasi; - mənəvi. İqtisadi sfera --cəmiyyət həyatının əsas müəyyənləşdirici, baza sferası hesab edilir. Bu da öz növbəsində mürəkkəb quruluşa malik olub, aşağıdakı sahələrdən təşkil olunur: - istehsal; - bölgü; - mübadilə; - maddi nemətlərin istehlakı (iqtisadi sferanın məzmunu). İqtisadi sfera aşağıdakı formalarda mövcud olur: - iqtisadi məkan --burada təsərrüfat həyatı gerçəkləşir; - iqtisadiyyatın idarəedilməsi institutları; - maddi nemətlərin istehsal üsulu. Maddi nemətlərin istehsal üsulu iki tərkib hissəsinə malikdir: - məhsuldar qüvvələr; - istehsal münasibətləri. İnsanlar öz bilikləri, bacarıq, əmək vərdişləri və istehsal vasitələri ilə birlikdə məhsuldar qüvvələri əmələ gətirirlər. **İstehsal vasitələri** dedikdə isə, köməyi ilə istehsalın gerçəkləşdirildiyi hər şey başa düşülür: - əmək alətləri; - xammal və materiallar; - binalar, tikililər; - nəqliyyat və s. **İstehsal münasibətləri** --istehsal prosesində insanlar arasında yaranan münasibətlərin məcmusudur. Onlara aşağıdakılar aiddir: - istehsal vasitələri üzərində mülkiyyət münasibətləri. Bu istehsal münasibətlərinin həlledici elementidir. Çünki, istehsal vasitələrinə malik olan şəxs gerçəkdə iqtisadiyyatın sahibi olur və şərtləri diktə edir. Eyni zamanda, digərləri, yəni, istehsal vasitələri üzərində mülkiyyət hüququ olmayanlar öz əmək xidmətlərini mülkiyyət sahiblərinə əməkhaqqı müqabilində təklif etməyə məcburdurlar; - əmək bölgüsü əsasında fəaliyyətin mübadiləsi münasibətləri; - istehsal edilmiş maddi nemətlərin bölgüsü üzrə münasibətlər. Maddi istehsalın, və yaxud, cəmiyyətin iqtisadi sferasının əhəmiyyəti ondadır ki, o: - cəmiyyətin mövcudluğu üçün zəruri maddi bazanı yaradır; - cəmiyyət qarşısında dayanan problemlərin həllinə kömək edir; - siyasi proseslərə təsir edir; - mənəvi sferaya təsir edir --həm birbaşa onun məzmununa, həm də dolayısı ilə mənəvi sferanın daşıyıcısı olan infrastruktura (məktəblər, kitabxanalar, teatrlar, kitablar) təsir göstərir. Sosial sfera --cəmiyyətin əmək bölgüsü, istehsal vasitələri üzərində mülkiyyət və milli amilə əsaslanmış daxili quruluş sistemi (sosial qruplar, millət, xalqlar). Cəmiyyətin sosial sferasının əsas elementləri aşağıdakılardır: - siniflər; - stratlar; - silklər (təkcə iqtisadi deyil, həm də ənənələrə əsaslana bölgü üzrə) - kənd və şəhər əhalisi; - fiziki və zehni əmək nümayəndələri; - sosial-demoqrafik qruplar (kişilər, qadınlar, qocalar, cavanlar); - milli birliklər. Cəmiyyətin siyasi sferası --sosial qrupların maraqlarını ifadə edən təsisat və təşkilatların məcmusu olub, cəmiyyətə rəhbərliyi həyata keçirir. Cəmiyyətin siyasi sferasının əsas elementləri aşağıdakılardır: - dövlət və dövlət orqanları; - siyasi partiyalar; - ictimai təşkilatlar; - həmkarlar ittifaqları; Cəmiyyətin siyasi sferasının bütün elementləri özünəməxsus funksiyalara malik olsalar da, onlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Siyasi sistemin əsas institutu dövlətdir. Dövlət --dövlət hakimiyyətini gerçəkləşdirən orqanlar sistemidir. Dövlətin əsas funksiyaları aşağıdakılardır: - təmsilçilik --müxtəlif siyasi, sosial qrupların maraqlarını təmsil edir; - requlyativ --cəmiyyətdə nizam-intizamı tənzimləmək, ictimai prosesləri idarə etmək; - qoruyuculuq --vətəndaşları həm daxili, həm də xarici təhlükələrdən qorumaq; - xarici siyasəti həyata keçirmək. Siyasi sferanın əsas məsələsi hakimiyyət problemidir. Cəmiyyətin mənəvi həyatının əsas elementləri aşağıdakılardır: - mənəvi fəaliyyət; - mənəvi dəyərlər; - insanların mənəvi tələbatları; - mənəvi istehlak; - fərdi şüur; - ictimai şüur. **Mənəvi fəaliyyət** --şüurun fəaliyyəti olub, bu fəaliyyət prosesində fikir və hisslər, insan və maddi-mənəvi dünya haqqında obraz və təsəvvürlər yaranır. Mənəvi fəaliyyət nəticəsində mənəvi dəyərlər yaranır. Buna əxlaqi dəyərlər, dini qaydalar, elmi nəzəriyyələr, bədii əsərlər aiddir. Mənəvi fəaliyyət prosesində mənəvi dəyərlər yayılır və insanlar tərəfindən onların mənəvi tələbatlarına uyğun istehlak olunur, yəni insanlar tərəfindən qavranılır, mənimsənilir. İnsanlar arasında ünsiyyət, mənəvi dəyərlərin qarşılıqlı mübadiləsi **mənəvi münasibətlər** adlanır. İnsanın **fərdi şüuru** --varlığın ayrı-ayrı tərəflərini qavrayır. **İctimai şüur** --insanların ictimai praktikasından, onların istehsal, ailə-məişət və hisslərinin məcmusunun digər fəaliyyətindən, əhval-ruhiyyədən, ideyalardan, nəzəriyyələrdən, bədii və dini obrazlardan, varlığın bütün müxtəlifliyini əks etdirən digər baxışlarından yaranır. İctimai şüurun elementləri aşağıdakılardır: - gündəlik və nəzəri şüur; - ictimai ideologiya və psixologiya; - ictimai şüur formaları. **Gündəlik şüur** --cəmiyyət və onun üzvlərinin ətraf gerçəkliyi birbaşa qavramasıdır. **Nəzəri şüur** --varlığın ali ümumiləşdirilmiş qavranılmasıdır. **İctimai psixologiya** --bütövlükdə insan və cəmiyyətin hiss, maraq, cəhd, məqsəd, ideal, adət, ənənə, tələbat və maraqlarıdır. **İctimai ideologiya** --cəmiyyətdə qəbul edilmiş və sosial təbəqələrin maraqlarını, ictimai-siyasi quruluşu əks etdirən baxışlar, qaydalar sistemidir. **İctimai şüur** formaları aşağıdakılardır: - siyasi; - hüquqi; - əxlaqi; - elmi; - dini.

Use Quizgecko on...
Browser
Browser