Fəlsəfəin əsas mövzuları -Mhazir-11 PDF
Document Details

Uploaded by WellEducatedMeter816
Azerbaijan Tourism Institute
Tags
Summary
Bu sənəd, fəlsəfədə varlıq, materiya və şüur mövzularında tədqiqatları əhatə edərək, fəlsəfənin əsas mövzularını əks etdirir. Bu mövzuların fəlsəfə tarixində necə inkişaf etdiyini və əsas fikirlərini vurğulayır. Məsələn, ilk fəlsəfəçilərdən Parmenidin əsərlərindən və onun təkamülündən bəhs olunur.
Full Transcript
**Mövzu№11. Varlıq, materiya və şüur.** **1.Varlıq probleminin fəlsəfi mahiyyəti.** **2.Fəlsəfi təlimlər tarixində varlıq anlayışının təkamülü.** **3.Varlığın formaları.** ***[a) Şeylər, proseslər və cisimlərin varlığı].*** ***[b) İnsan varlığı.]*** ***[c) Mənəvi (ideal) varlıq.]*** ***[d) So...
**Mövzu№11. Varlıq, materiya və şüur.** **1.Varlıq probleminin fəlsəfi mahiyyəti.** **2.Fəlsəfi təlimlər tarixində varlıq anlayışının təkamülü.** **3.Varlığın formaları.** ***[a) Şeylər, proseslər və cisimlərin varlığı].*** ***[b) İnsan varlığı.]*** ***[c) Mənəvi (ideal) varlıq.]*** ***[d) Sosial varlıq.]*** **4.Materiya nədir?** **5.Materiyanın strukturu və səviyyələri.** **6.Hərəkət və onun formaları** **7.Məkan və zaman** **8.Şüurun mahiyyəti.** **1.Varlıq probleminin fəlsəfi mahiyyəti.** Fəlsəfənin dünyagörüşünün xüsusi növü kimi təyin edilməsinin özü artıq varlıq problemini ehtiva edir. Belə ki, fəlsəfə dünyagörüşünün ali, sistemli formasıdırsa, dünyagörüşü də bütövlükdə dünya və orada insanın yeri haqqında bilik və təsəvvürlərin məcmusudur. Burada qeyd olunmuş "bütövlükdə dünya" ifadəsi o qədər də aydın olmayan mücərrədləşdirmədir. Söhbət təkcə dünyanın görünən hissəsi haqqında yox, həm də müşahidənin və ümumiyyətlə insan təcrübəsinin hüdudlarından kənarda qalanlardan gedir. Məhz bu amil həm də fəlsəfənin elmdən fundamental fərqini göstərir. Nə üçün? Axı dünya bütövlükdə (yəni, görünən və görünməyən) elmin predmetinə çevrilə bilmir. Dünyanın təcrübəyə açıq hissəsi haqqında ciddi elmi bilik fəlsəfi mücərrəd fikirlə, əyani təcrübənin hüdudlarından kənara səyahətlə tamamlanmalıdır. Yalnız bu halda "bütövlükdə dünya" haqqında tam mənzərə formalaşır. Bu isə öz növbəsində varlıq problemini fəlsəfi düşüncələrin mərkəzinə gətirir. Dünyanın vahid tam kimi dərkinə cəhdlər fəlsəfə yaranmamışdan da əvvəl olub: mifologiya və din çərçivəsində. Məsələn, Bibliyanın "Əhdi-ətiq" hissəsi "Beş kitab"la başlayır, onun da birinci kitabı "Varlıq" adlanır. Bu onu göstərir ki, hər bir dünyagörüşü ilk növbədə onun bütövlükdə dünyanı necə qavraması, onun mənşəyi, strukturu, mümkün sərhədləri necədir sualına cavab verməsi, yəni "varlıq" anlayışının aydınlaşdırılması ilə başlayır. Dünyanın fəlsəfi təhlilində ilk addım aşkar faktın konstatasiyasından başlayır: yaşadığımız dünya mövcuddur, o sadəcə "var". Eyni zamanda bütün müşahidə olunan dəyişikliklərlə yanaşı dünya hansısa sabitliyini, əlaqəliliyini, nizamlılığını saxlayır. Dünyanın bütövlükdə şübhəsiz mövcudluğundan uzaqlaşan fəlsəfi fikir labüd olaraq daha irəli gedir: bəs o necə mövcud olur? Bu ümumi sual daha konkret hissələrə şaxələnir: - Dünya əbədidir, yoxsa o nə vaxtsa yaranıb? - Əgər yaranıbsa, onda kimin iradəsi ilə, və yaxud hansı səbəbdən? - Dünya məkanca məhduddur, yoxsa o sonsuzdur? - Bütün mövcudiyyətin müşahidə etdiyimiz nizamlılığı, təşkili, qarşılıqlı əlaqəliliyi nə ilə izah olunur? - Dünyamız təkdir, yoxsa çoxlu belə dünyalar var? - Bütövlükdə dünya zaman etibarilə keyfiyyətcə dəyişir, yoxsa o sabitdir, bizim gördüyümüz dəyişikliklər isə lokal xarakterlidir? - Əgər dünya bütövlükdə dəyişirsə, onda bu dəyişikliklərin hərəkətverici qüvvəsi, mənbəyi nədir? - Dünyanın mövcudluğunda hansısa gizli məna varmı? Dünyaya daxili məqsədəmüvafiqlik xasdırmı? Bu sualların həll olunmazlığı elə varlıq problemini təşkil edir. Əslində bu problemləri sona qədər həll etmək də mümkün deyil. Çünki, dünya sonsuz, onu dərk edən insan isə sonludur, tarixidir. Müasir bilik səviyyəsindən çıxış etməklə bu suallara hansısa cavab vermədən digər vacib suallara cavab vermək --cəmiyyət, insan, ruh haqqında düşünmək olmaz. Çünki bəşəriyyət hüdudsuz Kainatın çox kiçik bir hissəsidir. Məhz bütöv haqqında ümumi təsəvvür formalaşdırmadan onun hissəsi kimi çıxış edən insan və cəmiyyət haqqında danışmaq sadəcə mümkün deyil. **2.Fəlsəfi təlimlər tarixində varlıq anlayışının təkamülü.** Varlıq problemini daha dərindən dərk etmək üçün fəlsəfənin inkişaf tarixində varlıq, onun xassələri haqqında təsəvvürlərin necə dəyişməsi, təkamülünü ətraflı şəkildə öyrənmək lazımdır. Fəlsəfə tarixində varlıq problemini tədqiqatının əsas predmetinə çevirən ilk filosof Parmenid olmuşdur. Təsadüfi deyil ki, Hegel məhz bu səbəbdən sözün əsl mənasında fəlsəfənin Parmenidlə başladığını vurğulamışdır. Parmenidin varlıq haqqında düşüncələrinin gedişini belə təsvir etmək olar. Varlıq --haqqında "bu var" və ya "bu mövcuddur" söyləmək mümkün olan hər şeydir. Bəs qeyri-varlıq (heçlik) necə, varmı? Əgər heçliyin varlığını etiraf etsək məntiqi səhv etmiş olarıq: olmayan bir şey --yəni, heçlik var?! Bax, bu məntiqi səhvdən yaxa qurtarmaq üçün "heçliyi" mövcudluq statusundan məhrum etmək lazımdır. Ona görə də varlıq və heçlik arasında münasibətin yeganə məntiqi düzgün variantı bu hökmdə ifadəsini tapır: "Varlıq var, heçlik isə yoxdur". Əsas tezisdən isə məntiqi yolla növbəti hökmlər alınır: əgər heçlik yoxdursa, onda heç nə yarana bilməz, heç nə məhv ola bilməz; heç nə yaranmır və məhv olmursa, deməli heç nə dəyişə bilməz, yəni hərəkət edə bilməz. Varlıq dəyişməz və hərəkətsizdir! Analoji olaraq, o vahiddir və bölünməzdir. Parmenidin varlıq konsepsiyası şagirdi Eleyli Zenon tərəfindən daha da inkişaf etdirilmişdir. Bu xüsusilə sonuncunun bir neçə aporiyalarında (paradokslarında) əksini tapır. Əgər Parmenid haqlıdırsa, bəs onda bizim hər şeyin problemsiz və asanlıqla hərəkət etdiyi və bölündüyü dünyada gördüklərimiz necə olsun? Belə çıxır ki, dünya heç də bizim qavradığımız kimi deyil? Bəli, o məhz bizim gördüyümüz kimidir. Lakin, o öz mahiyyətinə görə belə deyil. Dünyanın mahiyyəti, onun varlığı, daha doğrusu ona mövcud olmaq imkanı verən nəsə onun hissi qavranılan simasından köklü şəkildə fərqlənir. Dünyanın bu gerçək, həqiqi, əsl varlığı yalnız təfəkkürdə açılır. Bu isə o deməkdir ki, onun təbiəti idealdır, o haradasa bizim təfəkkürümüzlə eynidir, onun mütləq əsasını təşkil edir. Razılaşmaq lazımdır ki, Parmenidin varlıq konsepsiyası kifayət qədər qeyri-adi görsənir. Oxşar traktovka etirazlar doğurur və ona əks konsepsiyaların yaranmasına səbəb olur. Lakin bu konsepsiyanın çıxış nöqtəsi, əsas qayəsi şübhə altına alınmır: gerçək varlıq insana birbaşa verilməyib; o gizlidir, gündəlik gördüyümüz gerçəklikdən fərqlidir və yalnız mücərrəd təfəkkürün gücü ilə dərk olunur. Zəruri bir qeydi edək ki, Parmenidin varlıq konsepsiyası Heraklitin təlimi ilə tam ziddiyyət təşkil edir. Xatırladaq ki, Heraklit hər şeyin daim hərəkətdə olduğunu (əsas prinsipi: "panta reya" --çay axır) söyləmişdir. Onun üçün "arxe" --yəni ilkbaşlanğıcın od olması da təsadüfi deyil. Axı o dövr üçün ənənəvi olan od, hava, su, torpaq kimi ilkbaşlanğıclar içərisində ən hərəkətlisi oddur. Məhz bu baxımdan Heraklitin təlimində "varlıq" anlayışından yox, "qərarlaşma" kateqoriyasından söhbət gedir. Fəlsəfənin fundamental problemi hesab edilən varlıq probleminin həllində Heraklit və Parmenid arasında yaranmış bu ziddiyyət fəlsəfənin inkişafında əvəzsiz rol oynayıb. Sonrakı nəsil filosoflar ilk növbədə bu ziddiyyətin həll olunması üçün baş sındırmışlar. Ziddiyyətin həllinə çalışan və şərti olaraq "barışdırıcılar" adlandırılan ilk filosoflar Empedokl və Anaqsaqor olub. Bu sahədə orijinal konsepsiyalardan birini də atomistlər yaratmışlar. Atomistlərin etirazı ilk növbədə Parmenidə, onun heçliyi inkar etməsinə yönəlir. Onların fikrincə heçliksiz dünya natamam, qeyri-kamil və yarımçıqdır. Levkipp və onun ardınca Demokrit hesab edir ki, dünyanın əsasında kiçik, bölünməz hissəciklər --atomlar dayanır. Tərifinə görə atom bölünməz olduğu üçün bölünmə həddi mövcuddur, hər şey sona qədər bölünmür. Ona görə də həm çoxluğu, həm bölünənliyi, həm də hərəkəti ziddiyyətsiz düşünmək olar. Varlıq vahiddir (yəni o atomdan ibarətdir) və eyni zamanda çoxdur (yəni atomların müxtəlif cür qovuşmasından müxtəlif şeylər yaranır). Varlıq var --bu atomdur, eyni zamanda heçlik də var --bu atomların hərəkət etdiyi boşluqdur. Varlığın digər orijinal konsepsiyasını Platon təklif etmişdir. Onun varlıq konsepsiyası Heraklit və Parmenidin təlimlərinin orijinal sintezidir. Təkcəlik, bölünməzlik, dəyişməzlik --bu, ideyalar dünyasında mümkündür. Deməli ideyalar əsl varlıqdır. İdeyalar dünyasının Parmenidin varlıq konsepsiyası ilə oxşarlığı aşkardır. Hər şeyin dəyişdiyi, hərəkət etdiyi, yaranıb və məhv olduğu dünya isə Platona görə heçlikdir. Bu hissi qavranılan dünya olub, Heraklitin təlimini təkrarlayır. Beləliklə, Platon varlığın Parmenid tərəfindən verilmiş səciyyəsini saxlamaqla yanaşı, ideal varlıq sferasını bizim üçün adi olan dəyişkən şeylər dünyası ("Heraklit dünyası") ilə əlaqələndirə bilir. İdeyalar şeylərdə iştirak edir, təkcə, hissi qavranılan cisimlər üçün nümunə, məqsəd və anlayış funksiyasını yerinə yetirir. Əşyanı (şeyi) izah etmək üçün onun ideyasını, başqa sözlə anlayışını, yəni həmin şeydə olan, hisslər yox, zəka ilə dərk olunan ümumi, dayanıqlı və daimini tapmaq lazımdır. Deməli o, yəni anlayış şeyin mahiyyətini özündə saxlayır. Dəyişkən və müxtəlif maddi dünya arxasında gizlənmiş nəsə daimini, mütləqi, təkcəni, yəni gerçək varlığı görmək lazımdır. Antik dövr fəlsəfəsinin son böyük nümayəndələrindən biri Plotin faktiki olaraq Platonun varlıq təlimini, dövrün dini-mistik baxışlarından çıxış etməklə yeni formaya salmışdır. O da Platon kimi hissi qavranılan dünyanı fövqəlhissi dünyaya qarşı qoyur. Plotin varlığı iyerarxiyalaşdırır, onun ali pilləsini "Təkcə" adlandırır. Təkcədə bütün düşünüləbilən fərqlər yox olur. Həm də o dünyamızın təməlini yox, həm də yaradıcı qüvvəsidir. Təkcə emanasiya yolu ilə gerçəkliyin bütün "mərtəbələrini", o cümlədən ən aşağıda (qaranlıq, heçlik) dayanan maddi dünyanı ardıcıl yaradır. Antik fəlsəfədə varlıq probleminin qoyuluşu və ona həll axtarışları Qərbi Avropa sivilizasiyasının mental keyfiyyətlərinin formalaşmasına ciddi təsir göstərmişdir. Antik filosofların bu planda səyləri nəticəsində aşağıdakı dünyagörüşü qaydaları yaranıb: -Hissi duyulan maddi dünya, özündə varlığın gerçək mahiyyətini təşkil edən hansısa gizli mütləqi saxlayır. Məhz həmin mütləq bütövlükdə dünyanın dərkolunmaz harmoniyasını, kamilliyini, nizamını və zəruriliyini təmin edir. -Hissi qavrayışdan gizli qalan gerçək varlıq istisnasız olaraq zəka ilə dərk edilir. Yalnız mücərrəd təfəkkürün gücü ilə ideal mütləqin maddi örtüyünü qaldırmaq və onun heç olmasa bəzi cizgilərini dərk etmək olar. Ona görə də insanın bu qabiliyyəti hər bir təqdir və inkişafa layiqdir. -Əgər insan mücərrədləşdirmələrində, anlayışlarda varlığın mahiyyəti (təkcəlik, dəyişməzlik, bölünməzlik və s.) aşkarlanırsa, deməli onlar ixtiyari, xalis subyektiv olmayıb ən ümumi məzmuna malik obyektiv fikri formalaşdırır. Ona görə də onlarla müəyyən əməliyyatlar aparılması müstəqil dəyərə malikdir və hissi-maddi təcrübədən əldə olunandan daha dərin həqiqətlərə gətirməyə qadirdir. -Əgər əsl varlıq vərdiş etdiyimiz maddi dünyadan köklü şəkildə fərqlənirsə, deməli bizim Yerdəki mövcudluğumuz qeyri-həqiqi, qeyri-kamildir. Deməli, əsl gerçək varlığa yaxınlaşmaq naminə onu yenidən qurmaq, dəyişmək yaxşı olardı. Orta əsrlər xristian fəlsəfəsi də varlıq probleminə biganə qalmamışdır. Burada varlıq probleminin məğzini Yerdəki məhdud mövcudluğun fövqəlhissi gerçək varlığa qarşı qoyulması təşkil edir. Dünyabinasının xristian mənzərəsində tamqiymətli varlığa yalnız Allah malikdir. O elə əsl varlıqdır. Digərləri isə Allah tərəfindən yaradılıb və müstəqil deyillər. Allahın dünyanı yaratma aktı şeylərin əsl varlığa (yəni, Allaha) aidliyinin göstəricisidir və eyni zamanda yaradılmışın iyerarxiyasını formalaşdırır. Aydındır ki, yaradılmış materiyadan nə qədər uzaqdırsa, Allaha bir o qədər yaxındır. İnsanın canı, zəkası ideal olduğu üçün gerçək varlığa yaxınlaşa, onun gerçək xassələrini dərk edə bilər. Orta əsrlər Avropa fəlsəfəsinin inkişafı prinsipial fərqli dünyagörüşü qaydalarının yaranmasına gətirmişdir: -İnsanın "Allaha bənzər və Onun surətinə" uyğun yaradılması tezisini vurğulayan sxolastlar insanla təbiət arasında əsl uçurum yaradırlar; bu dövrdə belə bir inam formalaşır ki, insan --"təbiətin hökmdarı", "yaradılmışın tacıdır"; təbiət və cəmiyyət varlığın tam fərqli növləri kimi qavranılır. Buradan belə bir nəticə çıxarılır ki, insanın təbiəti öz maraqlarına uyğun dəyişdirməyə haqqı çatır. Çünki insanla müqayisədə təbiət varlığın aşağı növüdür. -Sosial varlıq daxilində insanın daxili mənəvi aləmi ön plana çıxarılır. Çünki o, əlahiddə subyektiv gerçəklik olub insana gerçək varlığın hissəsi kimi ("İlahi nur") birbaşa verilmişdir. Yeni dövr fəlsəfəsi yeni varlıq konsepsiyalarını yaradır. Dekart, Spinoza, Leybnis Yeni dövrün möhtəşəm fəlsəfi sistemlərini yaradırlar. Onların təlimləri "zamanın çağırışlarına cavab" kimi dəyərləndirilməlidir. XVII əsrdə baş verən təbii-elmi inqilab dünyanın tamamilə yeni, daha mürəkkəb və differensasiya olunmuş mənzərəsini formalaşdırır. Lakin elə filosofun təbiyyətşünas-alimdən əsas fərqi də müxtəliflikdə vəhdəti görməsi, genişlənən və mürəkkəbləşən dünya mənzərəsini vahid prinsiplə əhatələməsi, onun əsasında vahid başlanğıcı qoymasıdır. Əsası antik dövrdə qoyulmuş bu ənənəni Yeni dövr filosofları da davam etdirmişlər. Artıq bildiyimiz kimi, Dekart mövcudiyyətin ilkəsası kimi iki substansiya ("təfəkkür" və "ölçü") qəbul edir. Spinoza bir, özündə atributlar qismində həm "təfəkkürü", həm də "ölçünü" saxlayan vahid substansiya ("Allah-Təbiət") ilə kifayətlənir. Leybnis isə dünyanın substansional əsası qismində "monadaların" sonsuz çoxluğunu elan edir. Beləliklə, XVII əsrdə varlığın üç formal modeli yaranır: monist, dualist, plüralist. Qeyd edək ki, hər üç nəhəng fəlsəfi sistem sxolastik fəlsəfəyə "müqəddəs müharibə" elan etmiş rasionalizm çərçivəsində formalaşıb. Lakin bu heç də o demək deyil ki, yeni fəlsəfəçilk tipi orta əsr ehkamlarından tam uzaqlaşır. Varlığın son əsaslarının zəka ilə axtarışı təbiətin özünütəşkilində tapıla bilmir (yəqin bu heç mümkün də deyil). Allah yenə də yaradıcı qüvvədir. Məhz bu səbəbdən varlığın substansional əsasları fövqəlhissi İlahi gerçəklikdə tapılır. XVII əsrdə geniş yayılmış varlığın substansional başlanğıcının axtarışı sonrakı dövrlərdə də davam etdirilir. Varlıq probleminin oxşar düşünülməsinə Hegelin dünyəvi zəka haqqında təlimində, neotomizmdə rast gəlmək olar. Lakin bu yalnız dünyanın substansional modelinin qurulmasına tək-tük cəhdlərdir. Artıq XVIII əsrdən varlıq haqqında klassik təlimlər ciddi tənqid edilir. Onu həm materialistlər (Holbax, Didro, Lametri), həm də idealistlər (Berkli), həm də aqnostiklər (Yum) tənqid edir. Substansional modelin tənqidçiləri, xüsusilə maarifçilər belə hesab edirlər ki, oxşar fəlsəfi nəzəriyyələr praktiki təcrübə və eksperimentlərə biganədirlər. Maarifçilik dövründə fəlsəfənin tənqidi enerjisi ontologiyaya həm pozitiv, həm də dağıdıcı təsir göstərib. Varlıq iki tərkib hissəsinə (formaya) ayrılır: təbiətin varlığı; insan və cəmiyyətin varlığı. Təbiətin varlığının şərhi aşağıdakı ideya və konsepsiyalara əsaslanır: -materiyanın maddi konsepsiyası: heç bir fövqəlhissi substansiya yoxdur, bu dünyanın yeganə gerçəkliyi maddədir, yəni materiyadır; -materiyanın daxili fəallığı haqqında təlim --o, inert, ətalətli kütlə deyil; hərəkət materiyanın ayrılmaz atributudur; ilktəkan yoxdur; -ümumi səbəbiyyət və qanunauyğunluq ideyası; -təbiət qanunlarının obyektivliyindən irəli gələn zərurətin hökmranlığı; təsadüf subyektiv kateqoriya elan olunur, bu o şeydir ki, səbəbi bizə bəlli deyil. Cəmiyyət və insan varlığı haqqında təlim isə aşağıda göstərilən istiqamətlərdə inkişaf edir: -ictimai inkişafın hərəkətverici qüvvəsi zəka elan edilir: "dünyanı rəy idarə edir"; -insanın müstəqilliyinə, öz mənəvi sferasını sərbəst formalaşdırmaq qabiliyyətinə inam xüsusi vurğulanır; -"zəkanın açıq qanunları" əsasında insanın sosial dünyanı dəyişmək qabiliyyəti etiraf olunur; -ictimai tərəqqi ideyası meydana çıxır, bu tərəqqinin meyarı isə cəmiyyətin maariflənməsi və sosial institutların "zəkalılığlı" elan edilir. Oxşar ideyalar varlığın insanın tapmalı və dərk etməli olan hansısa ali, fövqəlhissi gerçəklik kimi təfsirini təklif edən antik ənənəni faktiki olaraq dağıdır. Əvvəlki nəsil filosofların axtardığı Mütləq fiksiya elan edilir. Təbiətin təhlili tam şəkildə təbiyyətşünaslığa həvalə olunur. İnsan varlığı isə bütövlükdə onun tələbatı, fəaliyyəti və şüuruna müncər edilir. Filosofların ontologiyaya marağı tam zəifləyir. Sonralar bu tendensiyaları alman ekzistensialist-filosofu M.Haydegger ontoloji nihilizm adlandırıb. **3.Varlığın formaları.** "Varlıq" kateqoriyasına hansı anlam (materialist, idealist, irrasional) verilməsindən asılı olmayaraq analitik məqsədlə adətən varlığın bir neçə forması fərqləndirilir. Bu faktiki olaraq gerçəkliyin, mövcudluğun xüsusi səciyyəsinə malik özünəməxsus "qatlarının" ayrılmasıdır. Müasir fəlsəfi ədəbiyyatlarda varlığın adətən dörd əsas formasını fərqləndirirlər: a) şeylər, proseslər və cisimlərin varlığı; b) insan varlığı; c) mənəvi (ideal) varlıq; d) sosial varlıq. ***[a) Şeylər, proseslər və cisimlərin varlığı].*** Varlığın bu forması da öz növbəsində iki yerə ayrılır: 1) Təbii varlıq --insanın müdaxilə etmədiyi xam təbiətdə mövcud olan hər şey: atmosfer, biosfer, hidrosfer, litosfer və s. b) Maddi varlıq --insanın yaratdığı maddi dünya: sənaye, əmək alətləri, şəhərlər, energetika, mebel, geyim əşyaları, süni yaradılmış bitki və heyvan növləri və s. ***[b) İnsan varlığı.]*** Burada da iki aspekt fərqləndirilir. 1) Maddi dünyada fərdin varlığı: bu mövqedən fəlsəfə insanı predmetlər içərisində predmet, cisimlər içərisində cisim, obyektlər içərisində obyekt kimi təhlil edir. İnsan bir sıra qanunların (o cümlədən bioloji, fiziki, kimyəvi qanunlar) tabeçiliyindədir və bu qanunları dəyişmək gücündə deyil --o yalnız həmən qanunlar içərisində mövcuddur. 2) Məxsusi insan varlığı: fərd obyekt kimi qavranılmır. İnsan --bu, təkcə təbiət qanunlarına tabe olan yox, həm də mənəvi-əxlaqi və sosial vücud kimi götürülmüş subyektdir. ***[c) Mənəvi (ideal) varlıq.]*** Mənəvi varlığın da iki səviyyəsi fərqləndirilir. 1) Fərdiləşdirilmiş mənəvi (ideal) varlıq: buraya sırf fərdi səciyyə daşıyan şəxsi şüur və şüursuzluq prosesləri aiddir. 2) Obyektivləşdirilmiş mənəvi (ideal) varlıq: buraya isə təkcə fərdin yox, bütövlükdə cəmiyyətin, müxtəlif formalarda təzahür edən ictimai şüur (din, fəlsəfə, incəsənət, elm, əxlaq və s.) aiddir. ***[d) Sosial varlıq.]*** Ənənəvi olaraq varlığın bu forması da iki səviyyədə təzahür edir. 1) Tarix və cəmiyyətin tərəqqisində subyekt kimi götürülmüş ayrıca insan gerçəkliyi. Bu nöqteyi-nəzərdən fərd sosial keyfiyyət və münasibətlərin daşıyıcısı kimi təhlil edilir. 2) Cəmiyyətin öz gerçəkliyi: vahid orqanizm kimi götürülən cəmiyyətin fəaliyyətinin bütün məcmusu. Buraya mədəni-sivilizasion proseslər, maddi-istehsal və mənəvi sferalar daxildir. **4.Materiya nədir?** Varlıq kateqoriyası son dərəcə ümumi mücərrədləşmədir. O yalnız və yalnız mövcudolma əlamətinə görə ən müxtəlif hadisə, predmet və prosesləri --təbii obyektlər, onların xassə, əlaqə və münasibətləri, insan birlikləri və təkcə insan, sosial institutlar, insan şüurunun halları və s. --özündə birləşdirir. Bütün mövcud olanlar --bu elə bizim də içərisində mövcud olduğumuz bütün dünyadır. Varlığın əsas sferalarını (formalarını) ayırmaqla biz qeyri-aşkar şəkildə fərz edilir ki, bu sferalara daxil edilmiş hadisə, təzahür və proseslərin çoxobrazlığı hansısa ümumi əsasla birləşmişdir. Buradan belə bir sual meydana çıxır: bu sferaları birləşdirən nəsə varmı, dünyanın bütün sonsuz çoxobrazlığının vəhdətini hökm etmək olarmı? Dünya çoxobrazlığının vəhdəti ideyası bütün mövcudiyyətin ümumi əsasa malik olması təsəvvürünü törədir. Fəlsəfə tarixində belə ümumi əsası (ilkəsası) işarələmək üçün substansiya kateqoriyasından istifadə edilib. Substansiya (lat. **substantia** --o şey ki, əsasında dayanıb) son dərəcə geniş kateqoriya olub mövcudluğu üçün özündən başqa heç nəyə ehtiyac duymur. Antik dövrün ilk fəlsəfi məktəb nümayəndələri substansiya qismində bütün şeyləri, yəni dünyanın çoxobrazlığını əmələ gətirən hansısa maddəni (ünsürü) götürmüşlər. Deməli, ilk filosoflar üçün substansiya bir qayda olaraq su, hava, od, torpaq və yaxud fikri konstruksiya olan apeyron, atom olmuşdur. Fəlsəfi fikrin sonrakı inkişaf mərhələsində substansiya anlayışı daha da genişləndirilmişdir: substansiya daimidir, nisbi dayanıqlıdır, mövcudluğu üçün heç nədən asılı deyil və qavranılan dünyanın bütün çoxobrazlığının və dəyişkənliyinin əsasında dayanır. Fərqli fəlsəfi təlimlərdə belə substansiya olaraq Allah, şüur, ideya, materiya, flogiston, efir və s. götürülür. Buradan aydın görünür ki, substansiyalar iki böyük yarımqrupa ayrılır: maddi və mənəvi (ideal). Artıq bildiyimiz kimi fəlsəfə tarixində iki mühüm ontoloji cərəyan --materializm və idealizm --da məhz hansı substansiyaya üstünlük verilməsi, əsas, ilkin seçilməsi ilə əlaqədardır. Belə ki, materiyanın birinci, şüurun isə ondan törəyib ikinci olmasını iddia edən fəlsəfi cərəyan materializm ("Demokrit xətti"), əksini iddia edən fəlsəfi cərəyan isə idealizm ("Platon xətti") adlandırılıb. Həm idealist, həm də materialist fəlsəfi təlimlərdə materiya anlayışı mövcuddur. Lakin, idealist sistemlərdə materiya ikinci dərəcəli hesab edildiyi üçün ciddi müzakirə mövzusu olmamışdır (məs. Platon fəlsəfəsində xora, Aristoteldə isə hile adı ilə). Materializmdə isə əsas fundamental kateqoriya hesab edildiyi üçün materiyaya xüsusi əhəmiyyət verilmişdir. Məzmunca kasad, həcmcə olduqca geniş kateqoriya olan materiyanın tanıtımının (tərifinin) verilməsi hətta materialistləri də çətinliyə salmışdır. Marksist fəlsəfədə materiyanın V.İ.Lenin tərəfindən verilmiş tərifi daha geniş populyarlıq qazanmışdır. Bu tanıtımı qısa şəkildə belə ifadə etmək olar: materiya bizə duyğularımızla verilən obyektiv gerçəklikdir. Sadə görünməsinə baxmayaraq bu tanıtım kifayət qədər qeyri-adidir. Qeyri-adilik ondadır ki, o dialektik qaydada, əkslik vasitəsilə verilir. Bəs "obyektiv" termini nəyi bildirir? Subyektdən, yəni insandan, onun şüurundan asılı olmamağı. Deməli, materiya bizim şüurumuzdan kənarda və ondan asılı olmadan mövcud olandır. Bütün dünya sanki iki yerə ayrılır: bizim şüurumuz və şüurumuzdan kənardakılar. Lakin, formal məntiqi qaydalara görə predmet əksi ilə, inkari yolla təyin edilə bilməz, daha doğrusu bu yolla predmetə tanıtım (tərif) verilə bilməz. Amma, başqa çıxış yolu olmadıqda bu üsul qaçılmaz olur. Bu gün materiyanın ən geniş yayılmış və mahiyyətcə marksist tərifi təkrarlayan digər tərifi isə Oksford lüğətində belə verilmişdir: ***Materiya --şüur və ya ruha əks olaraq ümumiyyətlə fiziki substansiyanı işarələmək (bildirmək) üçün istifadə olunan fəlsəfi kateqoriyadır.*** **5.Materiyanın strukturu və səviyyələri.** Materiya mürəkkəb struktura malikdir. Onun strukturunun əsas elementləri aşağıdakılardır: - cansız təbiət; - canlı təbiət; - sosium (cəmiyyət); Materiyanın hər bir elementi bir neçə səviyyədən ibarətdir: - cansız təbiətin səviyyələri: submikrozərrəciklər (kvarklar, qlüonlar və s.), mikrozərrəciklər(adronlar, elektronlar), nüvə (atom nüvəsi), atomar (atomlar), molekulyar(molekullar), təkcə şeylər səviyyəsi, makrocisimlər, planetlər, planetlər sistemi, qalaktikalar, qlaktikalar sistemi, Meqaqlaktikalar, Kainat, bütövlükdə dünya. - canlı təbiət səviyyələri: hüceyrəyəqədərki səviyyə(DNK, RNK, zülallar), hüceyrələr, coxhüceyrəli orqnizmlər, növlər, populyasiyalar, biosenoz, biosfera səviyyəsi. - sosium səviyyəsi: ayrıca fərd, ailə, qrup, sosial qrup(sinif, strat), etnos, millət, irq, ayrı-ayrı cəmiyyətlər, dövlət, dövlətlər ittifaqı, bütövlükdə bəşəriyyət. **6.Hərəkət və onun formaları** Materiyanın mövcudluq forması olan hərəkət, onun mənbəyi, səbəbləri, materiya ilə münasibəti məsələsi, filosof və təbiətşünasların diqqətini lap qədimdən cəlb etmiş, ayri-ayri tarixi dövrlərdə elm və fəlsəfənin, insanların əməli təcrübəsinin verdikləri faktlar əsasinda müxtəlif şəkildə həll edilmişdir. Məsələn, qədim dövrün kortəbii dialektik olan filosoflari bütün varlığa qarşılıqlı təsirdə, hərəkət, dəyişilmə və inkişafda baxmaqla, hərəkəti materiyanin mühüm, atributiv xassəsi saymışlar. Dünya daim hərəkətdədir. Hərəkət --varlığın mövcudluq forması, materiyanın atributudur. Materiya yalnız hərəkətdə mövcuddur və onun vasitəsilə öznü aşkarlayır. Maddi cisimlər hərəkət vasitəsilə hiss üzvlərimizə təsir edirlər. Ümumiyyətlə, fəlsəfədə dəyişiklik hərəkət anlayışı ilə işarələnir. Hərəkət dedikdə təkcə cisimlərin məkanda mexaniki yerdəyişməsi yox, hər bir qarşılıqlı təsir, o cümlədən bu qarşılıqlı təsir nəticəsində maddi cisimlərin vəziyyətinin dəyişməsi başa düşülür. Hərəkət həm mikrohissəciklərin qaşılıqlı çevrilməsi, həm Metaqalaktikanın genişlənməsi, həm orqanizm hüceyrələrində maddələr mübadiləsi, həm də insanların sosial həyat prosesində mübadilə fəaliyyətidir. Hərəkətin iki əsas tipi mövcuddur. Birinci tipi predmetin dayanıqlığı, onun keyfiyyətinin saxlanması ilə əlaqədardır. Bu zaman hərəkət nəticəsində materiya kəmiyyətcə dəyişə bilər (orqanizmlərin inkişafı), lakin öz-özünə eyni qalır. İkinci hərəkət tipi nəticəsində materiya keyfiyyətcə dəyişir, materiyanın bir səviyyədən digərinə keçidi baş verir. Materiyanın iyerarxik strukturuna uyğun olaraq onun hərəkətinin keyfiyyətcə müxtəlif formalarını fərqləndirirlər. Materiyanın əsasən beş hərəkət forması var: mexaniki, fiziki, kimyəvi, bioloji, sosial. Bu formaları hərəkətin gerçəkləşdiyi səviyyələrə uyğun olaraq üç bloka bölmək olar: 1) cansız təbiətdə baş verən hərəkət; 2) canlı təbiətdə baş verən hərəkət; 3) cəmiyyətdə olan hərəkət. 7.Məkan və zaman. Materiyanın digər mövcudluq formaları məkan və zamandır. Məkan və zaman müxtəlif elmlərin tədqiqat predmetidir. Bu kateqoriyaların ən ümumi təbiətə malik olması fəlsəfənin də diqqətini özünə cəlb etmişdir. *Məkan* --bütün maddi obyektlərin yertutumu və strukturluğunu işarələmək üçün istifadə edilən kateqoriyadır. *Zaman* --bütün maddi obyektlərin mövcudluq müddətini və vəziyyətinin dəyişmə ardıcıllıqlarını işarələmək üçün istifadə edilən kateqoriyadır. Fəlsəfədə məkan və zaman kateqoriyalarına iki yanaşma mövcuddur: - substansional; - relyasion. Substansional yanaşma tərəfdarları (Demokrit, Epikür) --məkan və zamanı materiya ilə yanaşı müstəqil reallıq hesab edirlər. Relyasion yanaşma tərəfdarları (Aristotel, Leybnis, Hegel) --məkan və zamanı maddi obyektlərin qarşılıqlı təsirindən törənən münasibət kimi qəbul edirlər. Əgər hər nə isə mövcuddursa, deməli o həm də müəyyən xassələrə malikdir. Bəzi hallarda nəyinsə tam anlaşılması onun xassələrinin öyrənilməsini zəruri edir. Məkan və zaman da bir sıra xassələrə malikdir. Bu ümumi kateqoriyaların fəlsəfi tədqiqi onun xassələrinin öyrənilməsini də ehtiva edir. Məkan və xassələrin əsas xassələrini aşağıdakı kimi sadalamaq olar: a)obyektivlik --yəni məkan və zaman maddi dünyaya aid olub bizim şüurumuzdan asılı deyil; b)məkan üçölçülü, zaman birölçülüdür; c\) məkan izotropluğa, zaman isə anizotropluğa malikdir (məkanın izotropluğu onun istiqamətə malik olmamasını, zamanın anizotropluğu isə istiqamətə malik olmasını bildirir: zaman keçmişdən gələcəyə doğru "axır"); d)məkan və zaman bircinsdir (məkan ona görə bircinsdir ki, o özünün hər bir nöqtəsində izotropdur; zaman isə ona görə bircinsdir ki, heç bir zaman anı digər zaman anından üstünlüyə malik deyil, zaman anları mütləq bərabərhüquqludur); e)makrosəviyyədə məkan və zaman kəsilməzdir; f)məkan və zaman bir-biri ilə, eyni zamanda materiyanın hərəkəti ilə kəsilməz əlaqədədir; g)məkan və zaman sonsuzdur. **8.Şüurun mahiyyəti.** Fəlsəfi fikir tarixində şüurun mahiyyəti, onun varlığa, materiyaya münasibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mübahisələrdə həlli böyük çətinlik törədən məsələ şüurun mənşəyi məsələsi olmuşdur. Ruhun, şüurun birinciliyini qəbul edən idealizm, maddi və mənəvinin paralel mövcudluğunu fərz edən dualizm, sözsüz ki, belə bir çətinliklə qarşılaşmırdı. Hər bir materialist isə materiya məsələsinə yaxınlaşarkən "öz-özünün səbəbidir" prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiyanın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu. Qeyd etmək lazımdır ki, müasir fəlsəfə bir çox problemlərə mütləq səhih, və yaxud həqiqətə yaxın cavab verirsə (məsələn, təbiət, cəmiyyət, insan, tarix, varlıq, idrak problemləri), şüur problemi -- yaranma mexanizmi, daxili mahiyyəti, materiyaya təsiri --hələ də tam aydınlaşdırılmamışdır. Hal-hazırda fəlsəfə yalnız aşağıdakı müddəaları yəqinliklə təsdiq edir: - şüur mövcuddur; - o, xüsusi, ideal təbiətə(mahiyyətə) malikdir -- bu müddəanı həm idealistlər, həm də materialistlər qəbul edir, lakin materialistlər şüurun materiyadan törəmə olduğunu bildirirlər. Fəlsəfədə əsas müzakirə olunan məsələlərdən biri də şüurun mənşəyi problemidir. Şüurun mənşəyi haqqında fikirləri üç qrupa bölmək olar: - şüur kosmik (və yaxud ilahi) mənşəlidir; - şüur bütün canlı orqanizmlərə xasdır ("bioloji" nöqteyi-nəzər); - şüur istisnasız olaraq insani xassədir ("insani" nöqteyi-nəzər). Kosmik (ilahi) nöqteyi-nəzərə görə, şüur öz-özlüyündə mövcud olub, onun daşıyıcısı olan materiyadan --canlılardan, insandan asılı deyil. Şüur birbaşa öz mahiyyətinə görə vahid, bütöv olan kosmosdan (Allah zəkasından) "gəlir". "Dünya şüurunun" hissəcikləri canlı orqanizmlər və insan şüuru şəklində təbiətə səpələnmişdir. "Bioloji" nöqteyi-nəzərə görə şüur bütün canlı orqanizmlərə xasdır. Bu nöqteyi-nəzər tərəfdarları öz mövqelərini aşağıdakı müddəalarla əsaslandırırlar: - heyvanların həyati spontan (özbaşına) baş vermir, onların şüuruna tabedir və mənaya malikdir; - instinktlər təkcə anadangəlmə deyil, sonradan da qazanıla bilər; - canlılar həyatları boyu təcrübə toplayır və onlardan bacarıqla istifadə edirlər; - heyvanların (xüsusilə aliləri) bəzi hərəkətləri mürəkkəbdir (məs. ov etmə) və şüurun "işləməsini" tələb edir. "İnsani" nöqteyi-nəzərə görə şüur --istisnasiz olaraq insan beyninin məhsuludur və yalnız insana məxsusdur, heyvanlar isə yalnız instinktə malikdir. Fəlsəfədə şüur probleminə bir neçə yanaşma mövcuddur. Onlardan dörd əsas olanı aşağıdakı kimi göstərmək olar: 1. solipsizm; 2. obyektiv idealizm; 3. mötədil materializm; 4. fizikalizm. Burada 1 və 2- idealist yanaşma, 3 və 4-materialist yanaşmadır. Solipsizm: şüurun mahiyyətinə ifrat idealist yanaşma olub, fərdin şüurunu yeganə səhih gerçəklik, maddi dünyanı isə onun törəməsi hesab edir (Berkli, Yum, Fixte və s.). Obyektiv idealizm: həm şüurun, həm də materiyanın varlığını qəbul edir, lakin burada birincilik şüura verilir, fərdin şüuru "dünya şüurunun" bir hissəsidir. Mötədil materializm: şüur materiyanın xüsusi xassəsidir, yüksək inkişaf etmiş materiyanın (yəni, insan beyninin) öz-özünü əks etdirmə qabiliyyətidir. Fizikalizm: şüurun mahiyyətinə ifrat materialist yanaşma olub, şüurun müstəqil substansiya olduğunu inkar edir. Şüur materiyanın törəməsidir və yalnız fizika və digər təbiyyət elmlərinin köməyi ilə izah edilə bilər. Şüur probleminə fizikalist yanaşma çoxsayli təbii-elmi biliklərə əsaslanır, onlardan bəziləri aşağıdakılardır: - insanın baş beyni gerçəkdən təbiətin mürəkkəb "mexanizmi", materiyanın ali təşkil səviyyəsidir; - konkret insan şüuru beyinsiz mövcud ola bilməz, insan beyni isə bioloji orqanizmdir; - bəşəriyyət süni intellekt yaratmaq imkanı qazanır, onun da daşıyıcısı maşın (kompüter) -- maddi obyektdir; - insan orqanizminə medikamentoz təsirlər insan şüurunda əks edir (məsələn, psixotrop maddələrin qəbulu); Fizikalizm geniş yayılmışdır və onun bir neçə istiqaməti (nepozitivizm çərçivəsində) mövcuddur: - "eyniyyət nəzəriyyəsi" (D.Armstronq, C.Smart) --ruhi prosesləri digər cismani proseslərlə eyniləşdirir --qan dövranı, tənəffüs, beyin prosesləri; - "eliminasiya" nəzəriyyəsi (F.Feyerbend) --"ruh", "mənəvi" anlayışlarının köhnəlmiş və qeyri-elmi olduğunu isbat etməyə çalışır; - vulqar materialistlərin nəzəriyyəsi (K.Foxt) --iddia edirlər ki, qaraciyər öd ifraz etdiyi kimi, beyin də fikir ifraz edir. Marksist fəlsəfədə şüurun mahiyyəti haqqında materialist yanaşma geniş yayılmışdır. Bu daha çox inikas nəzəriyyəsi adi ilə tanınır. Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas etdirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: - inikas; - qıcıqlandırma; - hislik; - psixi inikas; - inikasın şüurlu forması. Ümumiyyətlə materiyaya inikas etdirmə xüsusiyyəti xasdır. İnikas --maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxmaq qabiliyyətidir. İnikasa çoxsaylı misallar göstərmək olar: bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: - mexaniki; - fiziki; - kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları: - qıcıq; - hislik; - psixi inikas. Qıcıq --bioloji inikasın sadə forması olub, canlı orqanizmlərin (hətta bitkilərin) ətraf dünyanın (canlı və cansız) predmet və hadisələrinə reaksiyasıdır. Məsələn, bitki yarpaqlarının istidən quruması, yağışdan formalarını dəyişməsi, günəbaxanın günəşə tərəf dönməsi və s. Hislik --bioloji inikasın daha ali forması --canlı orqanizmlərin ətraf dünyanı duyğular vasitəsilə inikas etdirməsi. Psixi inikas --duyğuların düşünülməsi, sistemləşdirilməsi, canlı orqanizmlərin ətraf mühitə uyğunlaşmaq məqsədilə davranışlarını modelləşdirmək qabiliyyəti. Şüur --bioloji inikasın ən ali forması, insana, qismən də ali heyvanlara xas xüsusiyyətdir. Şüur ətraf dünyanın daha tam inikası və düşünülməsidir, mücərrədləşdirmə və refleksiya qabiliyyətidir.