828-IIIQ Könüllü Fəaliyyət Hakkında Qanunu (PDF)
Document Details
Uploaded by Deleted User
Tags
Related
- Azərbaycan Texniki Universiteti Intermediate Exam Questions PDF
- Azərbaycan Respublikasının Gənclər Siyasəti haqqında Qanun PDF
- 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası PDF
- Azərbaycan XIX əsrin I yarısında PDF
- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Multikulturalizmə Giriş (PDF)
- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznesin Beynəlxalq İnteqrasiyası PDF
Summary
Bu sənəd Azərbaycan Respublikasının "Könüllü fəaliyyət haqqında" qanununa aiddir. Sənəd könüllü fəaliyyətin müxtəlif istiqamətlərini və iştirakçıların hüquq və vəzifələrini təsvir edir. Hazırda sənədin müəyyən məqsədlərini və anlayışlarını təyin edir.
Full Transcript
# "Könüllü fəaliyyət haqqında" ## AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU ### Maddə 1. Qanunun məqsədi Bu Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. ### Maddə 2. Əsas anlayışlar 2.1. Könüllü fəaliyyət Azərbaycan Respublika...
# "Könüllü fəaliyyət haqqında" ## AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU ### Maddə 1. Qanunun məqsədi Bu Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. ### Maddə 2. Əsas anlayışlar 2.1. Könüllü fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. 2.2. Könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. 2.3. Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. 2.4. Əvəzi ödənilməyən fəaliyyət – əmək haqqı ödənilməyən fəaliyyətdir. ### Maddə 3. Könüllü fəaliyyətin istiqamətləri 3.0. Könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir: 3.0.1. əlilliyi olan şəxslərə, kimsəsizlərə, ahıllara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; 3.0.2. insanpərvərliyin və dözümlülüyün təbliği; 3.0.3. istehlakçıların hüquqlarının qorunması; 3.0.4. hüquqi və mədəni maarifləndirmə; 3.0.5. uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; 3.0.6. idmanın inkişafı; 3.0.7. xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; 3.0.8. sağlam həyat tərzinin təbliği; 3.0.9. ətraf mühitin mühafizəsi; 3.0.10. tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; 3.0.11. silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; 3.0.12. cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; 3.0.13. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. ### Maddə 4. Könüllü fəaliyyətin iştirakçıları 4.1. Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. 4.2. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. 4.3. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. 4.4. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. 4.5. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. 4.6. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. 4.7. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır. ### Maddə 5. Könüllü fəaliyyətin təşkilatçılarının hüquqları 5.0. Könüllü fəaliyyətin təşkilatçıları aşağıdakı hüquqlara malikdir: 5.0.1. bu Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək; 5.0.2. bu Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə bağlanmış müqaviləyə xitam vermək; 5.0.3. könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; 5.0.4. görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq; 5.0.5. könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək. ### Maddə 6. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri 6.0. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri aşağıdakılardır: 6.0.1. könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq; 6.0.2.könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları təlimatlandırmaq; 6.0.3. könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək; 6.0.4. könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək; 6.0.5. könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli olması barədə məlumatlandırmaq; 6.0.6. könüllünün həyat və sağlamlığını sığorta etmək; 6.0.7. könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək; 6.0.8. könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək; 6.0.9. könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək; 6.0.10. könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək. ### Maddə 7. Könüllülərin hüquqları 7.1. Könüllülərin aşağıdakı hüquqları vardır: 7.1.1. müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək; 7.1.2. könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək; 7.1.3. könüllü fəaliyyət haqqında informasiya yaymaq; 7.1.4. könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq; 7.1.5. könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək; 7.1.6. könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq; 7.1.7. sığorta olunmaq; 7.1.8. öz əmlakından istifadəyə görə kompensasiya almaq; 7.1.9. “Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 5.6.5-ci maddəsinə uyğun olaraq təşkil edilmiş qarşılıqlı yardım qruplarında iştirak etmək. 7.2. Şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlikdən sığorta ödənişinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur. ### Maddə 8. Könüllülərin vəzifələri 8.0. Könüllünün əsas vəzifələri aşağıdakılardır: 8.0.1. işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq; 8.0.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; 8.0.3. fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək; 8.0.4. könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat təqdim etmək; 8.0.5. könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək; 8.0.6. vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 8.0.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq. ### Maddə 9. Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə 9.1. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. 9.2. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: 9.2.1. müqavilə bağlayan tərəflər haqqında məlumatlar; 9.2.2. tərəflərin hüquq və vəzifələri; 9.2.3. görüləcək işlər və göstəriləcək xidmətlər; 9.2.4. müqavilənin müddəti; 9.2.5. tərəflərin məsuliyyəti; 9.2.6. müqaviləyə xitam verilməsi qaydası. 9.3. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə bu Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər. 9.4. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. 9.5. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. 9.6. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. 9.7. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. 9.8. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. ### Maddə 10. Könüllü fəaliyyət sahəsində beynəlxalq əlaqələr 10.1. Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyəti həyata keçirmək üçün xarici könüllüləri dəvət edə bilərlər. 10.2. Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər. 10.3. Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları və Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətin ərazisində həmin dövlətin qanunvericiliyinə uyğun olaraq könüllü fəaliyyət ilə məşğul ola bilərlər. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 iyun 2009-cu il № 828-IIIQ İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 22 fevral 2013-cü il tarixli 574-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika” qəzeti, 19 mart 2013-cü il, № 60; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 224) 2. 24 aprel 2018-ci il tarixli 1081-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan” qəzeti, 16 may 2018-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 868) 3. 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) 4. 19 may 2020-ci il tarixli 112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 830) QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI - 19 may 2020-ci il tarixli 112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 830) ilə 3.0.1-ci maddəsində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə və “qocalara” sözü “ahıllara" sözü ilə əvəz edilmişdir. - 22 fevral 2013-cü il tarixli 574-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika" qəzeti, 19 mart 2013-cü il, № 60; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 224) ilə 3.0.12-ci maddədə “şəxslərə” sözündən sonra “və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə)” sözləri əlavə edilmişdir. - 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 3.0.12-ci maddəyə “çətin” sözündən əvvəl “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilmişdir. - 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 7.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 7.1.9-cu maddə əlavə edilmişdir. - 24 aprel 2018-ci il tarixli 1081-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan" qəzeti, 16 may 2018-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 868) ilə 7.2-ci maddədə “işsizlik müavinətinin" sözləri “işsizlikdən sığorta ödənişinin" sözləri ilə əvəz edilmişdir.