Kurs işi (6) - Azərbaycan Dövlət Pedaqoji Universiteti PDF
Document Details
Uploaded by LuminousCesium4216
Azərbaycan Dövlət Pedaqoji Universiteti
2024
Ərəbova Leyla
Tags
Related
- Azərbaycan Texniki Universiteti Intermediate Exam Questions PDF
- Azərbaycan Respublikasının Gənclər Siyasəti haqqında Qanun PDF
- 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası PDF
- Azərbaycan XIX əsrin I yarısında PDF
- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Multikulturalizmə Giriş (PDF)
- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznesin Beynəlxalq İnteqrasiyası PDF
Summary
This document is a course paper on Azerbaijani literature. It focuses on the analysis of Yusif in Qul Əlinin "Qisseyi-Yusif" poem.
Full Transcript
**Azərbaycan Respublikası Təhsil Nazirliyi** **Azərbaycan Dövlət Pedaqoji Universiteti** **Fakütlə:** Filologiya **İxtisas:** Azərbaycan dili və ədəbiyyatı müəllimliyi **Kafedra:** Ədəbiyyat **Kurs işi** **Fənn:** Azərbaycan ədəbiyyatı tarixi 2 **Mövzu:** Qul Əlinin "Qisseyi-Yusif " poemasınd...
**Azərbaycan Respublikası Təhsil Nazirliyi** **Azərbaycan Dövlət Pedaqoji Universiteti** **Fakütlə:** Filologiya **İxtisas:** Azərbaycan dili və ədəbiyyatı müəllimliyi **Kafedra:** Ədəbiyyat **Kurs işi** **Fənn:** Azərbaycan ədəbiyyatı tarixi 2 **Mövzu:** Qul Əlinin "Qisseyi-Yusif " poemasında Yusif obrazı **Tələbə**: Ərəbova Leyla **Rəhbər**: Pərvin Nureliyeva **Kafedra müdiri**: f.ü.f.d Razim Məmmədov **Bakı-2024** **Mündəricat** Giriş\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...3 Fəsil I. Qisseyi-Yusif poeması və Qul Əlinin yaradıcılığı\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\....4 1.1. Qul Əlinin həyat və yaradıcılığı\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\....4 1.2. "Qisseyi-Yusif" poemasının ədəbi və dini əhəmiyyəti\...\...\...\...\...\...\...\...\...\...\...\...\.....6 Fəsil II. Yusif obrazının poetikası\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...12 2.1. Yusif obrazında xeyir və şərin qarşılaşdırılması\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\....12 2.2. Yusif obrazının bədii təqdimatı\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...17 Nəticə\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\.....20 Ədəbiyyat\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...\...21 **Giriş** Qul Əlinin "Qisseyi-Yusif" poeması Azərbaycan ədəbiyyatının ilk yazılı nümunələrindən biri olmaqla yanaşı, həm də dini və ədəbi baxımdan əvəzsiz bir əsərdir. Bu poemada Qurani-Kərimin \"Yusif\" surəsində yer alan hadisələr bədii üslubda təsvir edilmiş, peyğəmbər Yusifin həyatı, onun qarşılaşdığı çətinliklər, mənəvi dəyərləri və sarsılmaz sədaqəti böyük ustalıqla qələmə alınmışdır. Əsər təkcə dini motivləri deyil, həm də dövrün bədii dilini və cəmiyyətin mənəvi dəyərlərini özündə əks etdirir. Yusif obrazı əsərin mərkəzi fiquru olaraq, səbir, əxlaq, doğruluq və Allahın təyin etdiyi taleyə inam kimi ali keyfiyyətlərin timsalında təqdim edilir. Əsərdə Yusif peyğəmbərin həyatında baş verən hadisələr, onun uşaq yaşlarından atasının sevgisi ilə əhatələnməsi, qardaşlarının ona olan paxıllığı, quyuya atılması, Misirə satılması və nəhayət, yüksəlişi geniş şəkildə təsvir olunur. Əsərin ən diqqətçəkən məqamlarından biri Yusifin Züleyxanın sevgisinə qarşı göstərdiyi əxlaqi mövqedir ki, bu, əsərin oxuculara mənəvi mesajlar ötürən əsas süjet xəttini təşkil edir. Bu iş iki əsas fəsildən ibarətdir. Birinci fəsildə əsərin yaranma tarixi, dini və ədəbi əhəmiyyəti araşdırılacaq, ikinci fəsildə isə Yusif obrazının poetik xüsusiyyətləri və mənəvi əhəmiyyəti geniş şəkildə təhlil ediləcəkdir. Bu yanaşma əsərin həm tarixi, həm də ədəbi baxımdan əhatəli dərk edilməsinə şərait yaradacaqdır. **Fəsil I. Qisseyi-Yusif poeması və Qul Əlinin yaradıcılığı** **1.1. Qul Əlinin həyat və yaradıcılığı** Dünya ədəbiyyatının ən məşhur və ənənəvi mövzularından biri olan "Yusif və Züleyxa" dastanı türk xalqlarının, o cümlədən Azərbaycan ədəbiyyatının tarixinə XIII əsrdə Qul Əlinin yazdığı "Qisseyi-Yusif" əsəri ilə daxil olmuşdur. Bu əsər Azərbaycan dilində yaradılmış epik şeirin ilk mövcud nümunələrindən biri hesab olunur. "Qisseyi-Yusif"in müəllifi haqqında ətraflı məlumat verən mənbələr mövcud deyil. Müəllifin günümüzə qədər gəlib çatan yeganə əsəri məhz bu dəyərli mətn hesab edilir. Əsərdə həm müəllifin adı, həm də əsərin yazılma tarixi öz əksini tapmışdır. Mətnə əsasən, müəllifin adı "Əli" olmuş və əsəri tamamladığı zaman onun 24 yaşında olduğu məlum olur. Bu məlumat aşağıdakı bəndə əsasən müəyyənləşdirilir: *Bunı düzən zəif bəndə, adı Əli.* *Yarlığağıl, əya rəhim, asi qulı,* *Yigirmi dört rəqəm içrə saldı yılı,* *Rəhmətindən mehribanlıq umar imdi.* Təqdim edilən nümunədən sonrakı bənddə müəllifin (Əlinin) adının qarşısında "qul" sözü işlənmişdir: *Ümid dutar uşbu müznib sən Mövlayə,* *Sən kərimsən, həm rəhimsən bu zəlilə --* *Rəhmət qılğıl, əya, rəhim, qul Əliyə.* *Qayığulu nəfəsimi sən müfərrəh qılğıl imdi.* Bu nümunəyə əsaslanaraq bir çox müəlliflər, o cümlədən tatar alimləri, "Qul" sözünü şairin təxəllüsü, "Əli"ni isə onun adı kimi qəbul etmiş və nəticədə o, ədəbiyyat tarixində "Qul Əli" adı ilə tanınmışdır. "Qisseyi-Yusif"in müəllif tərəfindən yazılmış orijinal nüsxəsi günümüzə çatmamışdır. Buna baxmayaraq, əsərin dünya kitabxanalarında 200-dən çox əlyazma nüsxəsi mövcuddur. Bu nüsxələrin böyük əksəriyyətinin XVIII və XIX əsrlərdə yazıya köçürüldüyü ehtimal olunur. Bakı nüsxəsindəki müəllif qeydlərindən bəlli olur ki, o, əsərini hicri-qəməri təqvimi ilə 609-cu ilin (miladi 1212-ci il) rəcəb ayının otuzuncu günündə yazıb bitirmişdir: *Mövlamidən mədəd, nüsrət niyazında,* *Rəcəb ayı cəlaliyyə otuzında* *Tarixinin altı yüz toquzında* *Bu zəif bu kitabını düzdi imdi.* Əlyazmaların əksəriyyətində əsərin yazılma tarixi hicri 630-cu il olaraq qeyd edilmişdir. Əsər haqqında məlumat verən alimlərin böyük bir qismi də bu tarixi qəbul etmişdir. Hicri 630-cu il miladi təqvimdə 1232, 1233 və ya 1234-cü illərə uyğun gəlir. Qul Əlinin milli mənsubiyyəti, əsərin dili və digər xüsusiyyətləri ilə bağlı elm aləmində fərqli fikirlər mövcuddur. Əsəri ilk dəfə araşdıran M. Houtsma onun dilini qədim Anadolu türkcəsinə, K. Brokkelman isə Osmanlı türkcəsinə aid etmişdir. Digər tədqiqatçılar isə əsərin oğuz, bulqar, tatar və ya Azərbaycan türkcəsində yazıldığını iddia etmişlər. Qul Əlinin \"Qisseyi-Yusif\" əsəri xüsusilə Tatarıstanda geniş şəkildə təbliğ edilmiş, ədəbiyyat tarixlərinə daxil edilmiş, dəfələrlə nəşr olunmuş və əsərlə bağlı müxtəlif tədbirlər təşkil olunmuşdur. Buna baxmayaraq, əsərin yalnız tatar ədəbiyyatına aid bir nümunə kimi təqdim edilməsi doğru deyil. Türk xalqlarının ortaq mədəni irsinə aid olan bu əsər, daha geniş kontekstdə qiymətləndirilməlidir. Mərhum professor F. Zeynalovun \"Qisseyi-Yusif\"in dili ilə bağlı yazdığı fikirlər də əsərin tatar ədəbiyyatına məxsusluğu məsələsini şübhə altına alır. O yazırdı: "Bu əsərin fonetik, leksik və qrammatik quruluşunun təhlili göstərir ki, abidədəki dil faktları qədim tatar (həmçinin müasir tatar) dilinə uyğun gəlmir. Bu əsərin xalis qədim tatar (bulqar-tatar) dilində yazıldığını iddia edənlər, əsasən, poemanın Volqa bölgəsində geniş yayılmasına və bu bölgədə tapılan nüsxələrin çoxluğuna istinad edirlər, lakin birbaşa əsərin dili üzərində dayanmayıblar." Hər hansı bir ədəbi abidənin əlyazmalarının müəyyən bir bölgədə geniş yayılması, onun həmin ərazidə yaradıldığı mənasına gəlmir. Bu baxımdan, "Qisseyi-Yusif"in Tatarıstanda geniş yayılması da əsərin orada yazıldığını təsdiqləmir. Əsərin tatar mədrəsələrində oxu kitabı kimi istifadə olunması faktı, onun bu regionda yayılmasının əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, türk xalqları ədəbiyyatında "Yusif və Züleyxa" mövzusunda 68 əsər mövcud olduğu halda, Tatarıstanda bu mövzuda yazılmış heç bir əsərə rast gəlinmir. Bu fakta və əsərin dili ilə məzmununun təhlilinə əsaslanaraq, "Qisseyi-Yusif"in daha çox Azərbaycan ədəbiyyatı mühitində yaranması ehtimal edilir. Qul Əlinin "Qisseyi-Yusif" əsəri üzərində müxtəlif araşdırmalar aparılmışdır. Əsərin monoqrafik şəkildə tədqiqi tatar alimi N. Hisamov tərəfindən həyata keçirilmişdir. Həmçinin, Türkiyədə əsər haqqında üç dissertasiya işi yazılmışdır. Poemanın nəşri ilə bağlı qeyd etmək lazımdır ki, əsər dəfələrlə Tatarıstanın paytaxtı Kazan şəhərində nəşr olunmuşdur. Azərbaycanda isə ilk dəfə 1983-cü ildə AMEA Füzuli adına Əlyazmalar İnstitutunun hazırladığı "Keçmişimizdən gələn səslər" adlı məcmuənin birinci buraxılışında Zəminə Hacıyevanın tərtibi ilə əsərdən bir parça çap edilmişdir. Poema tam şəkildə isə 1995-ci ildə AMEA Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan Bakı nüsxəsi (inventar № B-3422) və Sankt-Peterburq nüsxələrinin (V-2737, V-4233, V-3325) fotosurəti əsasında Elməddin Əlibəyzadə və Əbülfəz Hüseyninin tərtibi ilə nəşr edilmişdir. 2005-ci ildə isə həmin nəşr latın qrafikası ilə yenidən çap olunmuşdur. **1.2. "Qisseyi-Yusif" poemasının ədəbi və dini əhəmiyyəti** Əsərin məzmunundan aydın olur ki, müəllif əsasən hekayənin "Quran" variantını və "Quran" təfsirlərini başlıca mənbə kimi qəbul etmişdir. Bu yanaşma, hadisələrin müxtəlif mərhələlərində açıq-aydın özünü göstərir. Əsərdə bu fikri təsdiqləyən çoxsaylı nümunələr mövcuddur. Onlardan bir neçəsinə nəzər salaq. Qurani-Kərimin "Yusif" surəsinin 3-cü ayəsində Yusif hekayəti \"ən gözəl qissə\" kimi təqdim olunur: *\"(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq.\"* "Qisseyi-Yusif"də bu ayənin məzmunu aşağıdakı şəkildə ifadə edilir: *Qissələrdə, hikmətlərdə görklüraqı,* *Usanmadan dinləmağa datluraqı,* *Kitab içrə bişək anın, məşhurluqı,* *Uşbu qissə anın irdi zahir imdi.* Müəllif "Qissələrdə, hikmətlərdə görklüraqı" ifadəsi ilə Qurani-Kərimin 3-cü ayəsinin məzmununu poetik şəkildə ifadə etmişdir. Buradakı "görklüraq" sözü qədim türk dilindəki "görklü" (yəni "gözəl") sözünün çoxaltma dərəcəsində olan formasıdır. Şairin "Kitab" dediyi zaman "Qurani-Kərim"i nəzərdə tutduğu aydın görünür. Əsərin başqa bir yerində isə həmin ayə ərəbcə təqdim edilir: *\...Əmri birlə gəldi ana peyki-həzrət,* *"Nəhnu əhsənül-qəsas" -- deyir imdi.* Bundan başqa, Qurani-Kərimin "Yusif" surəsinin 18-ci ayəsində Yusifin qurd tərəfindən yeyildiyini eşidən Yəqub peyğəmbərin dilindən deyilən "Səbrun cəmil" ("(Mənə) gözəl səbir (lazımdır)") ifadəsi əsərdə olduğu kimi işlədilmişdir: *\...Bən həm gərək səbr qılam "Səbrun cəmil",* *Səbr birlə murad hasil olur imdi.* Qurani-Kərimin "Yusif" surəsinin 24-cü ayəsində deyilir: "Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyil edərdi." Bu məqam "Qisseyi-Yusif" əsərində də əksini tapmışdır. Əsərdə, Züleyxa tikdirdiyi sarayda Yusifi otağına çağırıb ondan murad istəyəndə, Yusif bir an ona təbəssüm edir. Bu vaxt Yusifə xaliq tərəfindən bir nida gəlir: *Bəs Züleyxa Yusifinin əlin aldı,* *Yusif dəği bir təbəssüm ana qıldı,* *Oluq saət xaliqidən mədət gəldi,* *Yazlu-biti gözlərinə görnür imdi.* Əsərdə həmçinin Yusif otaqdan qaçmağa çalışarkən Züleyxanın onun köynəyinin arxa ətəyindən tutaraq cırması və beşikdə olan körpənin şahidlik etməsi səhnəsi də "Yusif" surəsinin 26 və 27-ci ayələrindəki hadisələrlə uyğunluq təşkil edir. Bundan başqa, "Yusif" surəsinin 31-ci ayəsi əsərdə dəqiq təsvir edilmişdir. Züleyxanın davranışları Misirdə yayılan söz-söhbətə səbəb olur və o, qadınları qonaqlığa çağırır. Ziyafətdə qadınlara turuncu kəsib soymaq üçün bıçaqlar paylanır və Yusif onların qarşısına çıxır. Onun gözəlliyindən valeh olan qadınlar turunc əvəzinə əllərini kəsir və deyirlər: *"Və qulna haşa lillah hazə bəşər.* *Bunun kibi qul kiminin əlinə düşər?"* *Bunu görən adəminin əqli şaşar!* *"İnna hazəl-mələkun kərim", -- derlər imdi.* Göründüyü kimi, müəllif qadınların dilindən Qurani-Kərimin "Yusif" surəsinin 31-ci ayəsini olduğu kimi təqdim etmişdir. Ayənin tərcüməsi belədir: *"Onlar: 'Aman Allah! Bu ki bəşər deyildir. Bu, ancaq (Allah yanında) möhtərəm (əziz) bir mələkdir!' -- dedilər."* Bundan başqa, "Yusif" surəsinin 67-ci ayəsində Yəqub peyğəmbərin oğlanlarını ikinci dəfə Bin Yaminlə Misirə göndərərkən onlara şəhərə eyni qapıdan daxil olmamağı tövsiyə etməsi də əsərdə öz əksini tapmışdır. Ayədə deyilir: *"(Yəqub) dedi: Ey oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin)."* Qul Əli bu məqamı belə təsvir edir: *Yaqub aydı: -- Qaçan qanda siz varsanız,* *Kəndinizi dildən, gözdən saqlayınız.* *Cümləniz həm bir qapıdan siz girməniz,* *İkin-ikin hər qapudan girin imdi.* Əsərdə Yusifin özünü qardaşlarına tanıtdırıb, köynəyini atasına göndərməsi və Yəqubun Yusifin qoxusunu hiss etməsi də "Yusif" surəsinin 94-cü ayəsi ilə uyğun gəlir. Ayədə Yəqub belə deyir: *"\... Mən Yusifin ətrini alıram."* Qul Əli bu fikri aşağıdakı şəkildə ifadə edir: *Bildim təhqiq müştəçisisən, sübh yeli!* *Yusif iysi əksiliməz sən əsəli,* *Anı dedüm bən asudə buldum, bəli!* *'İnni lacid riyhə Yusif', -- derlər imdi.* Göründüyü kimi, əsərdə süjet xətti boyunca Qurani-Kərimin "Yusif" surəsi ilə olan paralellər və səsləşmələr çox güclüdür və bu, müəllifin "Quran"ı əsas qaynaq kimi götürdüyünü bir daha sübut edir. Müəllif "Qisseyi-Yusif" əsərini yazarkən əsas süjet xətti kimi Qurani-Kərimin "Yusif" surəsini götürmüş, lakin yeri gəldikcə "Quran" təfsirlərindən də istifadə etmişdir. Əsərin sonlarında yer alan və Bəşirlə bağlı əhvalat buna bariz nümunədir. Bu əhvalatda deyilir ki, Yusif körpə ikən anası vəfat edir və ona süd vermək üçün Yəqub bir kəniz tutur. Kənizin də öz oğlu --- Bəşir adlı bir uşağı olur. Kənizin südünün iki uşağa yetməyəcəyindən ehtiyat edən Yəqub, Yusifin süd sarıdan məhrum qalmaması üçün kənizin oğlunu satır. Bu əhvalatın "Quran"da olmadığı məlumdur. Həmçinin, əsərdə də bu hadisənin mənbəyi barədə birbaşa məlumat verilmir. Ancaq XIV əsr şairi Suli Fəqihin "Yusif və Züleyxa" əsərindən məlum olur ki, bu əhvalat Abdullah ibn Abbasın "Qurani-Kərim" təfsirindən götürülüb. Bu isə Qul Əlinin həmin təfsirdən bəhrələnməsi ehtimalını təsdiqləyir. Əlavə olaraq, XIV və XV əsrlərdə yazılmış digər "Yusif və Züleyxa" əsərlərində də İbn Abbasın təfsirinə çoxlu istinadlar yer alır. Həmçinin, Qul Əlinin başqa bir qaynaq kimi Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin əsərlərindən də istifadə etdiyi mümkündür. Ət-Təbərinin "Came əl-Bəyan ən Təvil əl-Quran" adlı əsəri geniş məşhur olmuş və islam aləmində etibarlı mənbə sayılmışdır. Əlinin əsərində birbaşa olaraq Əbu Cəfərin adı çəkilir: *Məşhurdur ayatında ol Cərirdən,* *Bir cuhud var, adı isə anın Bustan.* *Sual sordı həm ol cuhud həq Rəsuldan,* *Dürüst cavab, həm səhih söz istər imdi.* Bu faktlar əsərin yazılmasında Qul Əlinin həm İbn Abbasın təfsirindən, həm də ət-Təbərinin əsərlərindən qaynaqlandığını göstərən kifayət qədər əsaslı sübutlardır. Qul Əli öz əsərində "Quran" və onun təfsirləri ilə yanaşı, folklor materiallarından da geniş şəkildə faydalanmışdır. Əsərdə bir çox səhnə və epizodlar vardır ki, onlar "Yusif və Züleyxa" mövzusunda yazılmış digər əsərlərə də təsir göstərmişdir. Məsələn, "Qisseyi-Yusif"də Züleyxanın yuxu görməsi ("butavermə") səhnəsi təsvir edilmişdir. Ənənəyə uyğun olaraq, Züleyxanın gördüyü yuxuların sayı üçdür. Maraqlıdır ki, Züleyxanın Yusifi üç dəfə yuxuda görərək ona vurulması motivi ilk dəfə məhz Əlinin əsərində ortaya çıxmışdır. Bu səhnə, ondan əvvəlki farsdilli "Yusif və Züleyxa" əsərlərində mövcud deyildi. Bu motiv fars ədəbiyyatında ilk dəfə Əbdürrəhman Caminin (1414-1493) əsərində yer almışdır ki, bu da türk ədəbiyyatının ona göstərdiyi təsir kimi qiymətləndirilə bilər. Əlinin təsvir etdiyi həmin səhnə, sonrakı türkdilli poemalarda da müəyyən dəyişikliklərlə təkrarlanmışdır. Əbdürrəhman Caminin "Yusif və Züleyxa" poemasının Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri ilə əlaqəsi haqqında mərhum prof. Q.Beqdeli belə qeyd edir ki, Cami Züleyxanın Yusifi yuxuda üç dəfə görüb ona vurulmasını, Şirinin Xosrovun şəklini üç dəfə görüb aşiq olması motivindən ilhamlanaraq qələmə almışdır. Lakin "Yusif və Züleyxa" mövzusunun yazılı ədəbiyyatda işlənməsini təhlil etdikdə, bu fikri tam təsdiqləmək çətin olur. Çünki bu motivin Camidən əvvəl də mövcud olduğu və ənənə halını aldığı məlumdur. Bu isə Nizamidən birbaşa təsirlənmə demək deyil. Yuxu motivləri, demək olar ki, məhəbbət dastanlarımızdakı oxşar səhnələrin təkrarıdır. Aşiq (Züleyxa) yuxusunda öz butasını gördükdən sonra xəstələnir və ruhən iztirab çəkir. "Qisseyi-Yusif" əsərində həmin hissə belə təsvir edilir: *Ol Züleyxa uyqusından məhrum qaldı,* *Bir ay kibi görklü yüzi, bənzi soldı,* *Yeməkidən, içməkidən məhrum oldı,* *Düni-güni "Yusif", -- deyə ağlar imdi* Qul Əlinin əsərində Yusifin qardaşları ilə gəzintiyə çıxmazdan əvvəl Yəqubun və Yusifin bacısı Dinanın onun yuxuda qurdlarla əhatələndiyini görməsi, eləcə də karvan başçısı Malikin Yusifi tapmazdan öncə yuxu görməsi kimi motivlər folklor mənbələrindən götürülmüşdür. "Yusif və Züleyxa" mövzusuna dair folklordan gələn bir çox digər motivlər də Qul Əlinin əsərində əksini tapmış, lakin ondan əvvəlki farsdilli "Yusif və Züleyxa" əsərlərində yer almamışdır. Məsələn, Yusif Misir bazarında satılarkən halvaçı, çörəkçi və əttarın onu almağa çalışması, hətta bir qoca qarının bir kələf ip gətirərək Yusifi almaq istəməsi kimi səhnələr bu qəbildəndir. Xüsusilə, sonuncu səhnə Qul Əlinin əsərində xüsusi vurğu ilə təsvir edilmiş və sonrakı türkdilli "Yusif və Züleyxa" əsərlərinə də daxil edilmişdir. Bununla yanaşı, başqa bir rəvayətə görə, qocalıb əldən düşmüş və ağlamaqdan kor olmuş Züleyxa Yusifi gözləmək üçün yol kənarında oturur. Nəhayət, Yusif gəldikdə onu tanımır. Züleyxa özünü tanıdaraq sevgisindən hələ də vaz keçmədiyini bildirir. Yusif onun sözlərinin doğruluğunu sübut etməsini istədikdə, Züleyxa dərindən ah çəkir və Yusifin əlindəki qamçı onun nəfəsindən yanır. **Fəsil II. Yusif obrazının poetikası** **2.1. Yusif obrazında xeyir və şərin qarşılaşdırılması** Qul Əlinin "Qisseyi-Yusif" əsəri, ilk növbədə, gözəllik və məhəbbət dastanı kimi dəyərləndirilir. Poemada gözəllik, ülvilik, məhəbbət, vəfa, sədaqət, təmizlik və ismət kimi yüksək mənəvi keyfiyyətlər paxıllıq, həsəd, yalan, hiylə, xəyanət və haqsızlıq kimi mənfi sifətlərlə üz-üzə qoyulur. Yusif əsərdə xeyri təmsil edir, ona qarşı çıxanlar isə şər qüvvələr kimi təqdim olunur. Bu əxlaqi mübarizə xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. Atalar sözündə deyildiyi kimi: "Yalan ayaq tutar, amma yeriməz." Əsərdəki hadisələrin inkişafı bu hikmətli sözün doğruluğunu təsdiqləyir. Yusifin qardaşlarının və Züleyxanın hiylələri onun mənəvi və zahiri gözəlliyinə heç bir xələl gətirmir. Yalanlar gec-tez üzə çıxır, həqiqət və ədalət öz yerini tapır. Yusif əxlaqi kamilliyi, səbr və iradəsi ilə ona qarşı çıxan şər qüvvələri məğlub edir. Ona pislik edənlər sonda etdikləri əməllərdən peşman olur və Yusifin üstün iradəsini qəbul edirlər. Bu, əslində, mənəvi və zahiri gözəlliyin qələbəsidir. Yusif öz yüksək keyfiyyətləri ilə keşməkeşli həyatdan qalib çıxaraq xalqını aclıqdan qurtaran xilaskara, hətta hökmdara çevrilir. Əsərin sonunda Yusifin hətta ölümündən sonra belə ruzi-bərəkət gətirən müqəddəs bir varlıq olduğu vurğulanır. Onun tabutu harada yerləşdirilirsə, həmin yer bolluq və rifahla mükafatlandırılır. Bu, əsərdə mənəvi dəyərlərin əbədiliyini simvolizə edir. "Qisseyi-Yusif" əsəri iki əsas süjeti birləşdirən mürəkkəb bir quruluşa malikdir: Yusifin atasına və qardaşlarına münasibəti ilə bağlı süjet və Yusif-Züleyxa eşq hekayəsi. Hər iki süjetdə məhəbbət, ehtiras, nifrət və həsəd kimi güclü emosional qarşıdurmalar təsvir edilmişdir. Əsərin mərkəzi obrazı Yusifdir və onun həyatı çoxşaxəli şəkildə təqdim olunur. O, atası Yəqub üçün ən sevimli övlad, qardaşları üçün təhlükəli bir rəqib, Züleyxa üçün isə böyük ehtiras və sonsuz sevginin simvoludur. Misir xalqı üçün isə o, müdrik bir dövlət adamı və xilaskardır. Poemada Yusifin hekayəsi bir çox dramatik hadisələr vasitəsilə geniş şəkildə təsvir olunur. Atasının ona bəslədiyi dərin məhəbbət, qardaşlarının həsədlə ona qarşı qurduqları hiylə, Yusifin quyuda tərk edilməsi və Allaha sığınaraq yardım diləməsi, Cəbrayılın ona ümid verərək quyudan çıxarılması, Misirə aparılması və burada xalq tərəfindən heyranlıqla qarşılanması əsərin mühüm anlarıdır. Xüsusilə Züleyxa ilə bağlı epizodlar əsərin emosional zirvələrini təşkil edir. Züleyxanın Yusifə olan ehtiraslı sevgisi və bu eşqin yaratdığı sarsıntılar əsərdə geniş təsvir olunur. Misir qadınlarının Yusifin gözəlliyindən təsirlənərək özlərini unutmaları ilə bağlı səhnə isə onun zahiri və mənəvi cazibəsinin nə dərəcədə böyük olduğunu göstərir. Yusifin hekayəsi Kənandan Misirə, zindandan saraya qədər keşməkeşli bir həyat yolunu əhatə edir. Bu yolda o, həm məsumluq, həm də mənəvi gözəllik simvolu kimi ön planda dayanır. Onun həyatı əzab və sınaqlarla dolu olsa da, səbir, iman və zəka ilə bütün çətinliklərin öhdəsindən gəlməsi poemada əsas mesaj kimi vurğulanır. Böyük səbir və mətanət sahibi olan Yusif, başına gələn hər bir müsibətdə Allaha sığınaraq səbr etmiş və nəhayət, Tanrının lütfü ilə bütün bağlı qapılar onun üzünə açılmışdır. Zindan mərhələsinə qədər o, inanclı, əqidəsinə sadiq bir insan, zindana düşdükdən sonra isə peyğəmbərlik məqamına yüksəlir. Zindanda olduğu müddətdə Yusif həbs yoldaşlarına Tanrı birliyini təbliğ etmiş, onlara yüksək insani dəyərləri aşılamış və yuxularını doğru yozaraq öz peyğəmbərlik missiyasını sübut etmişdir. Daha sonra Misir sultanının yuxusunu "yeddi il bolluqdan sonra yeddi il qıtlıq gələcəkdir" şəklində yozmuş və bu, onun azadlığına səbəb olmuşdur. Sultan Yusifin müdrikliyini görərək onu dövlət işlərinə rəhbərlik etməyə təyin etmişdir. Beləliklə, Yusif artıq sadəcə öz xilası üçün Allaha sığınan bir insan deyil, bütöv bir xalqı qarşıdan gələn fəlakətdən qurtaran xilaskar olaraq çıxış edir. Yusif zahiri və daxili gözəlliyi ilə seçilən fövqəladə bir obrazdır. Onun həyatı çətinliklər, imtahanlar və əzablarla dolu olub, köləlikdən zindana, oradan isə saraya qədər uzanan bir həyat yolunu əhatə edir. Bütün bu çətinliklərə baxmayaraq, o, səbir, dözüm, iradə, əzm və imanla öz yolunu tapmış və nümunəvi bir şəxsiyyətə çevrilmişdir. Müəllif Yusifin əxlaqi və fiziki xüsusiyyətlərini təsvir edərkən "Gözəllik ondur" məsəlinə istinad edərək onun mənəvi kamilliyini belə ifadə edir: *Əvvəl, oldur qəddi yaxşı, zərif üzlü,* *Həm ikinci, bənzi yaxtu, görklü yüzlü,* *Üçüncısı, fəsih dilli, səhih sözlü,* *Yetmiş iki dili tamam bilür imdi.* *\*\*\** *Dörtincisi, şəfaətlü, mürüvətlü,* *Beşincisi, alb yürəklü, həm heybətlü,* *Altıncısı, qamulardan qatı qutlu!* *Qırq ərdən də həm qüvvəti artuq imdi.* *\*\*\** *Yeddincisi, dini doğru, dəyanətlü,* *Səkkizinci, xain degül, əmanətlü,* *Toquzıncı, xülqi lətif, ləfzi datlu.* *Onuncısı, peyğəmbərlər nəsli imdi*. Yusif təmizqəlbli, xeyirxah və mərhəmətli bir insandır. Qardaşlarının ona qarşı etdiyi haqsızlıqlara və xəyanətlərə baxmayaraq, onları bağışlayır və ehtiyaclarını qarşılayır. O, kin saxlamayan, bağışlamağı bacaran, yüksək əxlaqi keyfiyyətlərə malik bir obraz kimi təqdim edilir. Əmanətə sadiq qalan, etibarlı və şəfqətli Yusif ismət və abır sahibidir. Züleyxanın uzun illər boyu ona qovuşmaq üçün göstərdiyi səylərə baxmayaraq, Yusif iffətini qoruyur və ona qarşı meyli olsa belə, əxlaqi prinsiplərindən geri çəkilmir. O, ağasına xəyanət etməməyi, zindanda əziyyət çəkməyi daha üstün tutur. Bu davranışı onun mənəvi gücünü və sədaqətini bir daha nümayiş etdirir. "Qisseyi-Yusif" əsərində Züleyxa da mərkəzi obrazlardan biridir. O, Məğrib şahının gözəlliyi ilə məşhur olan qızı kimi təsvir olunur. Ətraf ölkələrdən onunla evlənmək üçün çoxlu elçilər gəlir. Maraqlıdır ki, Züleyxanın Misirə gəlmədən əvvəlki həyatı "Tövrat" və "Quran" kimi əsas dini mənbələrdə yoxdur. Bu hissələr, əsəri işləyən şairlər tərəfindən əlavə edilərək onun obrazını daha zəngin və romantik etmişdir. "Tövrat", "İncil" və "Quran"da Züleyxanın adı çəkilmir, lakin Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" kitabında qeyd olunduğu kimi, ilk dəfə Bələminin "Tərcümeyi-tarixi-Təbəri" əsərində onun adı keçir. Şairlər zamanla Züleyxanı əsil-nəcabətli və gözəl bir qadın kimi təsvir edərək onun həyat hekayəsinə daha çox romantika qatmağa çalışmışlar. "Quran"da Yusif surəsinin 24-cü ayəsində "Əgər Rəbbinin dəlilini görməsəydi, (Yusif də) ona meyil edərdi" ifadəsi ilə Züleyxanın Yusifin qəlbini cəlb edəcək qədər cazibədar olduğu dolayı yolla təsdiqlənir. Bu, şairlər üçün ilham mənbəyi olmuş və Züleyxanın məhəbbətini daha dramatik və təsirli formada təqdim etməyə zəmin yaratmışdır. Züleyxanın Yusifə olan eşqi hələ Misirə gəlməmişdən başlayır. Yuxusunda gördüyü sirli surət onun düşüncələrinə hakim kəsilir və zamanla həyatının mənasına çevrilir. O, bu təsvirlərlə xəyal və reallıq arasında qalır. Bəzən həmin surət danışır, ona nəsihət verir, bəzən isə qəfil yox olur. Bu eşq macərası onun mənəvi sarsıntılarını, daxili təlatümlərini ustalıqla təsvir edir: *\...Ögütləyüb Züleyxaya aydur idi:* *Ögütimi eşidübən utğıl imdi.* *\*\*\** *Bəyan bilgil, bən səninəm, sən bənimsən!* *Bəndən artuq heç kimsənə bəs bulum sən.* *Bən könlümdən öz eşqinə sən salasən,* *Bəndən özgə kimsələrə baqman imdi.* Bir gün Züleyxa yuxusunda özünü Misir Əzizi kimi təqdim edən bir varlıqla danışır. Bu xəbərdən xəbərdar olan Züleyxa, Misirdən gələn elçiləri qəbul edərək oraya gəlin gedir. Misirdə onun həyatında yeni bir mərhələ başlayır. Züleyxa ərinin Yusif olmadığını anlayanda dərin kədərə qapılır. Allah onu bu ağır vəziyyətdən xilas edir; cin-pəri qızı Züleyxa əvəzinə yollanır və Züleyxa Yusif üçün bakirəliyini qoruyur. Daha sonra Züleyxanın yuxularında gördüyü Yusif onun qarşısına qul kimi çıxır. Əri Yusifi bazardan alıb oğulluğa götürür və onu Züleyxaya tapşırır. Züleyxa Yusifin hər ehtiyacını qarşılayır, onu gözəl paltarlarla geyindirir və qayğısına qalır. Züleyxanın Yusifə olan sevgisi hər gün daha da artır, o, Yusifi görmədən dayana bilmir. Şair bu məqamda Züleyxanın Yusifə olan eşqini incə və təsirli şəkildə təsvir edir: Züleyxa göyə baxanda ulduzlar "Yusif" deyə səslənir, damarı kəsilsə, qanı belə \"Yusif\" yazır. Sevgisinə qovuşmaq üçün Züleyxa böyük bir saray tikdirir və Yusifi ora çağıraraq ona hisslərini etiraf edir. Ancaq Yusif iffət və vəfasına sadiq qalaraq ağasına xəyanət etməyəcəyini bildirir. Züleyxa həm sevgisinə laqeyd qalan Yusiflə, həm də onu lağa qoyan Misir qadınları ilə mübarizə aparır. Təşkil etdiyi ziyafətdə əllərini turunc yerinə kəsən qadınlar, onun dərin eşqini anlamağa başlayır. Lakin söz-söhbətlərin bitməsini istəyən Züleyxa, Yusifi zindana saldırmaq məcburiyyətində qalır. Ənənəvi Şərq ədəbiyyatının aşiq obrazlarından fərqli olaraq, Züleyxa eşqini sadəcə ürəyində gizlədib yanmaqla kifayətlənmir. O, Yusifin fiziki varlığına qovuşmaq üçün mübarizəsini davam etdirir. Var-dövlətini itirib qocalan, gözləri kor olan Züleyxa yol kənarında oturaraq Yusifi gözləyir. Sonda onun fədakarlığı Allah tərəfindən mükafatlandırılır. Züleyxa gəncliyini, gözəlliyini geri qazanır, Yusiflə evlənir və on iki oğul anası olur. Beləcə, onun böyük səbir və əzmi arzusunu gerçəkləşdirir. Yusifin atası Yəqub, əsərin başlanğıcı və sonu arasında əsas obrazlardan biri kimi təqdim edilir. Yəqub həm peyğəmbər, həm də sevən bir ata kimi diqqəti cəlb edir. Yusifə qarşı hiss etdiyi məhəbbət qeyri-adi olub, onun gözəlliyi ilə uyğunlaşır. Digər övladları olmasına baxmayaraq, Yusif onun üçün xüsusi bir yer tutur. Yəqub, oğlanlarının Yusifi gəzməyə aparmaq üçün göstərdikləri israr və yalvarışlara qarşı çıxsa da, onların hiyləsinə aldanır. Yusifi qorumağa çalışsa da, oğlunu itirir və illərlə onun həsrəti ilə göz yaşı tökərək kor olur. Bununla belə, bu vəziyyət onun peyğəmbərlik əzmini zəiflətmir. Ən çətin anlarda belə, səbir və inamla Allaha üz tutur, başına gələnləri İlahi iradəyə həvalə edir. Yəqub obrazı, atalıq sevgisinin peyğəmbərə xas olan səbir və iradə ilə birləşməsinin təcəssümüdür. Yusifin qardaşlarına da əsərdə əhəmiyyətli dərəcədə yer verilir. Əsərin əvvəlində onlar paxıllıq, yalan, xəyanət və hiylə kimi mənfi xüsusiyyətlərlə səciyyələnirlər. Ancaq əsərin sonlarında buğda almaq üçün Misirə gəldiklərində, onları hörmətlə qarşılayan və bol məhsulla yola salan şəxsin Yusif olduğunu öyrənəndə, keçmişdəki günahlarının ağırlığını dərindən hiss edirlər. Bu həqiqət onlara ölümdən də acı gəlir: *Anı eşdüb cümlələri yüzin düşdi,* *Utanmaqdan cümləsinin əqli şaşdı\...* Əsərdə karvan başçısı Malik ibn Doğər, Yusifin bacısı Dina, Misir Əzizi Rəyyan və dayə kimi digər obrazlar da hadisələrin inkişafında müxtəlif səviyyələrdə iştirak edirlər. Onların hər biri əsərin süjet xəttinin irəliləməsinə mühüm təsir göstərir. **2.2. Yusif obrazının bədii təqdimatı** Qul Əlinin "Qisseyi-Yusif" poemasında danışıq üslubu və folklor təhkiyəsi əsas yer tutur. Sadə və xalq dilindən gələn sintaktik quruluşlu söz birləşmələri, açıq-aşkar təhkiyə və təbii təsvir üslubu bu əsərin dilinin əsas xüsusiyyətlərindəndir. Poema, qədim türk-oğuz poeziyasına xas elementləri özündə yaşadır. Əsərdə bənd və misra quruluşları, ahəng, ritm özünəməxsus tərzdə təqdim edilir. Poemada təkrarlanan ifadələr sistemi önə çıxır, hər bəndin sonunda təkrarlanan "imdi" söz-rədifi bu xüsusiyyəti əyani şəkildə göstərir. Eyni səslərin, sözlərin və sintaktik vahidlərin təkrarı əsərin dilinə xalq danışıq tərzində axıcı və harmonik bir ritm qatır. Əsərdə ritmin yaranmasında əsas vasitələr fonetik və sintaktik təkrarlardır. Qədim türk şeirində olduğu kimi, həmçinin "Kitabi-Dədə Qorqud"da geniş şəkildə istifadə olunan alliterasiyalar bu poemada da ritm yaradan fonetik təkrarlardan biridir. Məsələn, aşağıdakı nümunələrdə \"b\", \"d\", \"m\", \"t\" və \"y\" samit səslərinin təkrarı alliterasiya yaradır: - Bildim bəndən bezar oldunız siz\... - Bəyan bilgil, bən səninəm, sən mənimsən\... - Dürlü-dürlü dirəkləri dikək olsun\... - Misir malı muna bəha olumadı\... - Tərazuya telim altun ta olmadı\... - Yarlı Yusif Yəhudədən müşfiq gördi\... Poemada sintaktik təkrarlara da geniş yer verilmişdir. Yusif haqqında verilən aşağıdakı hissə buna nümunədir: *Bir neçələr surət camalını gördi,* *Bir neçələr surət kamalını gördi,* *Bir neçələr risalətdən halın gördü,* *Hər taifə birər dürlü görür imdi;* *Surətini görən malın əta qıldı,* *Surətini görən canın fəda qıldı\...* Poemada istifadə olunan məcazlar, mübaliğələr və bənzətmələr qədim dövr Azərbaycan-türk düşüncəsindən gələn xüsusiyyətləri aydın şəkildə ortaya qoyur. Əsərin dilində zəngin təşbehlər silsiləsi mövcuddur: - Gözlərindən gövhər kimi yaşlar saldı\... - Tolun ay kimi balqır idianın yüzü\... - Bir ay kimi görkəmli yüzü, bənzi soldu\... - Ol hilalə bənzər sənin qaşların var, - Saf yincüyə bənzər sənin dişlərin var\... İlk nümunədə Yusifin gözlərindən axan yaşlar gövhər dənələrinə, ikinci nümunədə Züleyxanın üzü bədrlənmiş aya, üçüncü nümunədə isə sadəcə aya, dördüncü nümunədə isə Yusifin qaşları hilal (yeni çıxmış 2-3 gecəlik ay, aypara) və dişləri inciyə bənzədilir. Xüsusilə, ikinci nümunə əsər boyu müxtəlif yerlərdə təkrarlanır. Poemanın dilində xalq danışıq dilindən gələn ifadələr də tez-tez istifadə olunub. Aşağıdakı nümunələrdəki \"üzə ağ olmaq\", \"bezar olmaq\", \"ümidini kəsmək\", \"boyun vermək\" ("boyun olmaq") kimi ifadələr xalq danışıq dilinin özünəməxsus elementləridir: - Uşbu işni, ey qardaşlar, siz qılursız, - Bu iş ilə atanıza aq olursız\... - Aytdı: -- Bildim bəndən bezar oldunız siz\... - Vüsal umar, hərgiz ümid kəsməz imdi. - On qarındaş belə qəvlə razı oldı, - Şəmun anda qalmaqlığa boyun verdi. Eyni zamanda, əsərdə işlənən \"Keçən söz heç gerü gəlməz\", \"Məsləhətlü iş eydürür, inam bana\...\" və \"Aşıq kişi malın fəda qılmaq gərək\" kimi atalar sözləri və məsəllər əsərin dilində xalqiliyini təmin edən amillərdən biridir. Poemada, xalq ədəbiyyatından və nağılçılıq ənənəsindən gələn formullar da geniş şəkildə istifadə edilmişdir. Məsələn, "Biri var idi" və ya "Biri var imiş" kimi nağıl başlanğıcını xatırladan ifadələr tez-tez qarşımıza çıxır: *Misir içrə ulu Məlik olar idi,* *Anın adı Məlik Bin Doğar idi\...* *\*\*\** *Züleyxa ol Məlik Teymus qızı imiş,* *Yastuğı ol atasının dizi imiş,* *Duşda görmüş, Yusifinin yüzi imiş,* *Anlayuban həm həqiqət bilmiş imdi.* "Qisseyi-Yusif" poemasının quruluşu xüsusi və özünəməxsus bir tərzdədir və qədim türk epik şeir ənənəsinin məntiqi davamı kimi ortaya çıxır. Əsər heca vəznində, on iki hecalı (4-4-4 bölgülü misra əsasında) və aaab düzümü ilə qafiyələnən dördlüklərdən ibarətdir. Müəllif, əsərin sonunda, poemanın rübai vəznində yazıldığını bildirir: **Bu rübai vəzni içrə düzsə imdi.** Şübhəsiz ki, şair burada dördlük şeir formasını nəzərdə tutmuşdur. Hər bir bənd "imdi" sözü ilə tamamlanır. Bu söz, əsərdəki hadisələri indiki zamanla bağlayaraq, hadisələrin canlı şəkildə anlatılmasına kömək edir. Əsərin bu cür quruluşu, onun ravi-qissəxan tərəfindən xalq arasında yayılma və oxunma məqsədini daşıdığını göstərir. Qul Əlinin "Qisseyi-Yusif" əsəri, Azərbaycan-türk epik şeir ənənəsini, onun təşəkkülünü və inkişafını öyrənmək üçün dəyərli bir mənbədir. Əsər, qədim dövr və orta əsrlər türk epik şeirinin keçid mərhələsinin xüsusiyyətlərini özündə cəm edir. **Nəticə** Qul Əlinin \"Qisseyi-Yusif\" poemasında Yusif obrazı həm dini, həm də ədəbiyyat baxımından mühüm bir yer tutur. Poemada Yusifin həyatının müxtəlif mərhələləri və qarşılaşdığı çətinliklər əks olunmaqla, onun daxili aləmi, mübarizəsi və yüksək əxlaqi dəyərləri ön plana çıxarılır. Bu obraz, sadəcə bir tarixi şəxsiyyət olmaqla qalmır, həm də insanın mənəvi inkişafının, Allahın iradəsinə təslim olmağın və həyatda qarşılaşılan sınaqlarla mübarizə aparmağın simvoluna çevrilir. Qul Əli, Yusifin həyatını böyük bir ədəbi incəliklə təsvir edərək, onu insan ruhunun gücünü və əxlaqi tamlığını nümayiş etdirən bir obraz kimi təqdim edir. Poemanın əsas mövzusu olan sevgi, xəyanət, imtahan və səbr kimi əxlaqi dəyərlər, Yusifin əzmkarlığı və inamı ilə birləşərək, oxucuya dərin mənəvi təcrübə yaşadır. Yusifin Allahın iradəsinə tam təslim olması və həyatında baş verən hər hadisəni Allahın bir planı olaraq qəbul etməsi onun yüksək əxlaqi şəxsiyyətini göstərir. Poemada Yusifin obrazı, həm dini mənada, həm də ədəbi kontekstdə müsbət bir nümunə olaraq, insanın çətinliklərlə mübarizədə necə qalib gələcəyini və nə qədər yüksək mənəvi qiymətə sahib ola biləcəyini ortaya qoyur. Beləliklə, \"Qisseyi-Yusif\" poemasında Yusif obrazı yalnız bir dini qəhrəman kimi deyil, həm də insanın daxili mübarizəsi, əxlaqi inkişafı və insanlığa olan sevgisinin rəmzi kimi diqqət çəkir. Poemanın sonunda Yusifin Allahın iradəsi qarşısında təslim olan və həqiqəti tapmış bir insan kimi göstərilməsi, oxucuya mənəvi dəyər və həyatın əsl məqsədini anlamağa kömək edir. **Ədəbiyyat** 1\. "Azərbaycan ədəbiyyatı tarixi." On cilddə, üçüncü cild. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər). -- Bakı, Elm, 2020, 1090 s. 2\. Qul Əli. "Qissey-Yusif\", Bakı, "Şərq-Qərb", 2004, 216 səh. 3\. Musatfa Zərir. "Yusif və Züleyxa", Bakı, "Şərq-Qərb", 2006, 128 səh. 4\. Nizami Muradoğlu (Məmmədov). Çağdaş poeziya və folklor. Bakı, "Elm və təhsil", 2021, 392 səh. 5\. M.Cəfərova "İslam: elmi-köməkçi biblioqrafiya" , Bakı, 2017 - 680 s. 6\. Qul Əli. Qisseyi-Yusif (tərtib edənlər: E.Əlibəyzadə, Ə.Hüseyni). Bakı, Azərnəşr, 2005